İran mətbuatında Erdoğanın səfəri: "Osmanlı Don Kixot Tehranda"

9 Aprel 2015 21:35

İran mediası Türkiyə prezidenti Recep Tayyip Erdoğanın Tehran səfərini geniş işıqlandırıb.

İslashatçı qəzetlərdən "Şahrəvand", "Osmanlı Don Kixot Tehranda" başlıqlı bir karikatura da dərc edib.
 

BBC-nin Fars xidməti bu karikaturanın mənasını belə izah edir ki, qəzet Erdoğanın İranın bölgədəki nüfuzuna qarşı çıxmasının və Osmanlı İmperaiyasını diriltmək cəhdlərinin Don Kixotun yel dəyrimanları ilə vuruşmasına bənzədiyini göstərmək istəyib.
 

Bu da qeyd edilməlidir ki, Prezident Erdoğan əvvəllər İranın mühafizəkar mətbuatında tənqid edilirdisə, indi artıq islahatyönlü mətbuat da bu tənqidə qoşulub.
 

"Erdoğan İran xalqından üzr istəməlidir..."
 

Hələ Erdoğanın səfərindən əvvəl "Comhuriye Eslami" qəzeti təhlil yazısı dərc etmişdi. Həmin yazıda İranla Türkiyənin qonşu və eyni dindən olduqları üçün aralarında heç bir problemin olmadığı vurğulanırdı.
 

Lakin qəzet daha sonra yazırdı: "Ancaq Erdoğan Səudiyyənin Yəmənə müdaxiləsini dəstəkləyərkən, İranı müdaxilədə günahlandırdı və İranın İŞİD-in yerini tutmağa çalışdığını söyləmək cəsarətində bulundu. Öz ölkəsini müxtəlif terrorçulara, xüsusilə də İŞİD üçün yuvaya çevirən birisi necə olur ki, İranı İŞİD-lə ... eyniləşdirə bilir".
 

Qəzetin fikrincə, Türkiyə prezidenti İran xalqından və hökumətindən üzr istəməlidir.

Qəzet həmçinin iddia edir ki, Erdoğan iqtidarının iqtisadi uğuru da İrandan aldığı dəstəkdən qaynaqlanıb.

"ABŞ kimi bir düşmənlə müzakirələr aparırsa..."
 

İslahatpərəst "Şərq" qəzeti isə Erdoğanın İrana səfərinin bir neçə səbəbinin olduğunu yazır və bunun ikitərəfli və çoxtərəfli əlaqələrə müsbət təsir göstərəcəyini qeyd edir.

Qəzet diqqəti İran neftinin Türkiyəyə satışı məsələsinə çəkir.
 

Lakin bunun ardınca "Şərq" yazır: "Heç şübhəsiz İranın Suriya, İraq və Yəməndə oynadığı rol barədə Erdoğanın dedikləri bu səfərə kölgə salıb".

Qəzet qeyd edir ki, iki ölkə arasında regional məsələlərə aid fərqli münasibətlər əvvəllər də olub, lakin Türkiyənin Əsədə qarşı çıxanları və Nüsrə Cəbhəsini dəstəkləməsi ən əhəmiyyətli problem olaraq qalır.
 

İslahatçı qəzetlərdən "Qanun" yazır ki, "əgər İran Amerika kimi bir düşmənlə müzakirələr aparırsa, Türkiyə və Səudiyyə Ərəbistanı ilə niyə aparmasın?"

Qəzet yazır: "Yaxın Şərq müharibələrdən usanıb. Odur ki, Erdoğanın səfəri kimi fürsətləri əldən vermək olmaz".
 

Milli.Az