Azərbaycanlı teleaparıcı: "Layihələrimiz peşəkar biçimdə efirə çıxacaq və tamaşaçılara zövq verəcək" - FOTO

15 Aprel 2014 14:37
Region TV-nin aparıcısı Tünzalə Quliyevanın Milli.Az-a müsahibəsi.

- Televiziyaya necə gəldiniz?

- Televiziyada işləməyi uşaqlıqdan arzulayırdım. 19 yaşım tamam olanda özümü bu sahədə sınamaq qərarına gəldim. Bu ideyanı reallaşdırmaq üçün ilk fürsət 2011-ci ildə qarşıma çıxdı. Belə ki, "Cənub TV" telekanalında keçirilən kastinqlərə qatıldım və xoşbəxtlikdən müsbət cavab aldım. Tezliklə işə dəvət olundum. Arzuma qovuşduğum andan artıq 3 il keçir və bu 3 il mənim həyat tərzimə ciddi təsir edib. Televiziya ədəbiyyatın, təsviri sənətin, kino və musiqinin sintezidir. Bu sahədə çalışarkən dəyişməmək mümkün deyil. Hər gün təzə bir şey öyrənirsən, yeni məlumatları yaxınlarınla, dostlarınla, ən əsası tamaşaçılarla bölüşürsən. Bu baxımdan razılaşmaq olar ki, televiziya özünəxas tərzi və prinsipləri olan bir dünyadır.

- Efirə hazırlıq necə gedir?

- Həqiqətən də qarşımızda çox cəsarətli bir məqsəd durur: cəmi 2 aya hazırlaşıb efirə çıxmaq. Təyin olunan vaxtın böyük hissəsi artıq geridə qalıb, çox iş görülüb. Amma hələ də reallaşdırmalı olduğumuz planlar var. Unutmaq olmaz ki, efirə təqdim edilən hər bir layihə böyük komanda işinin məhsuludur. Aparıcıdan əlavə, veriliş üzərində rejissor, prodüser, redaktor, montajçı, operatorlar, operator və rejissor köməkçiləri, sürücülər çalışırlar. Bu siyahını artırmaq da olar. Üstəlik, verilişi hazırlamaqla da iş bitmir. Onun təqdimatını həyata keçirmək - yəni, düzgün şəkildə efir proqramına yerləşdirmək və öz auditoriyasına uyğun saatda nümayiş etdirmək lazımdır. Odur ki, televiziyada kollektiv iş, qarşılıqlı anlaşma çox mühümdür. Region TV-nin yaradıcı heyətində bu keyfiyyətlər olduğu üçün əminəm ki, layihələrimiz artıq təyin olunan zamanda, peşəkar biçimdə efirə çıxacaq və tamaşaçılara zövq verəcək.

- Siz hansı verilişləri təqdim edəcəksiniz?

- Tamaşaçılar məni "Bərəkət" adlı verilişin aparıcısı qismində görəcəklər. Bu, kənd təsərrüfatına həsr edilən həftəlik informasiya proqramıdır. Azərbaycan efirində bu cür verilişlərin sayı çox azdır. Baxmayaraq ki, ölkə əhalisinin yarıdan çoxu birbaşa və ya dolayı yolla aqrar sahə ilə əlaqəlidir. "Bərəkət" verilişi rayonlarda kifayət qədər tanınır və sevilir. Görünən odur ki, artıq auditoriyamız genişlənəcək. Düşünürəm ki, layihəmiz sadəcə kənd təsərrüfatı ilə məşğul olan insanlara deyil, həm də yeni fəaliyyətə başlayan fermerlərə, sadəcə həyətyanı sahəsi olan və öz ərazisinin qeydinə qalmaq istəyən insanlara kömək olacaq. Veriliş hər çərşənbə saat 19:45-də efirə gedəcək. "Bərəkət"-dən dərhal sonra isə Region TV-nin efirində tamaşaçılar "Aqronom" verilişini izləyə bilərlər. Bununla da auditoriyanın heyvandarlıq və əkinçilik barədə daha ətraflı məlumat almaq, ekspertlərin rəyini öyrənmək imkanı olacaq.

Milli.Az

Böyütmək üçün şəkillərə klikləyin.