Ermənistan ordusu bütün cəbhə boyu atəşkəs rejimini pozub, bir kənd qazsız və işıqsız qalıb, bir neçə ev yanıb - YENİLƏNİB
15 Aprel 2014 10:39
10:39
Ötən gün Tovuzun Əlibəyli kəndi erməni silahlı qüvvələri tərəfindən 6 saat gülləbaran edilib.
Əlibəyli kənd icra nümayəndəsi Valeh Kərimovun APA-ya verdiyi məlumata görə, ermənilər təxminən saat 18 radələrindən başlayaraq saat 24 radələrinə kimi kəndi iri caplı silahlardan atəşə tutublar. Onun sözlərinə görə, nəticədə kəndin qaz xətləri, elektrik dirəklərindən bir neçəsi sıradan çıxıb. Hazırda kənd qaz və işıqsız qalıb. İcra nümayəndəsi bildirib ki, səhər saatlarından başlayaraq aidiyyəti qurumlar kənddə qaz və elektrik enerjisinin bərpa edilməsi istiqamətində təmir işləri aparırlar.
Valeh Rzayevin bildirdiyinə görə, ermənilərin dünən kəndi davamlı olaraq atəşə tutması nəticəsində 100-ə yaxın evin damı zədələnib. Bəzi evlərin içərisinə hətta güllələr girərək yanğına səbəb olub.
Qeyd edək ki, ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq, aprelin 15-də Tovuz rayonu Əlibəyli kəndinin yaxınlığındakı qoşunların təmas xəttində monitorinq keçirilməsi planlaşdırılır.
Monitorinqi Azərbaycan tərəfdə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kasprşik, səhra köməkçiləri Yevgeni Şarov və Piter Svedberq keçirəcəklər.
Təmas xəttinin qarşı tərəfində isə monitorinqi ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Xristo Xristov və Jiri Aberle keçirəcəklər.
---------
10:18
Müdafiə Nazirliyi bildirir ki, cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimi ümumilikdə 31 dəfə pozulub.
Nazirliyin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, erməni silahlı bölmələri dünən və ötən gecə Ermənistan Respublikasının İcevan rayonunun Paravakar kəndində yerləşən mövqelərdən Ağstafa rayonunun Köhnəqışlaq kəndində, Noyemberyan rayonunun Voskevan kəndində yerləşən mövqelərdən Qazax rayonunun Quşçuayrım kəndində yerləşən mövqelərimizi atəşə tutublar.
Berd rayonunun ərazisindəki adsız yüksəkliklərdə, Çinari, Mosesqex və Ayqepar kəndlərində yerləşən mövqelərdən Tovuz rayonunun Koxanəbi, Ağbulaq və Əlibəyli kəndlərində yerləşən mövqelərimiz də atəşə məruz qalıb.
Füzuli rayonunun Qaraxanbəyli, Aşağı Əbdülrəhmanlı, Aşağı Seyidəhmədli, Ağdam rayonunun Cəvahirli, Tərtər rayonunun Çaylı, Cəbrayıl rayonunun Mehdili kəndləri yaxınlığında, Xocavənd və Goranboy rayonlarının ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.
Düşmən cavab atəşi ilə susdurulub.
Milli.Az