Prezident İlham Əliyev: "Ölkəmiz bütün sahələrdə uğurla irəliyə gedir" - YENİLƏNİB - FOTO

14 Aprel 2014 23:54
14.04.2014
23:54


Milli.Az AzərTAc-a istinadən xəbər verir ki, aprelin 13-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2014-cü ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclası keçirilmişdir.

Dövlətimizin başçısı iclasda nitq söyləmişdir.

Prezident İlham Əliyevin giriş nitqi


- Bu gün biz Nazirlər Kabinetinin iclasında 2014-cü ilin birinci rübünün iqtisadi və sosial yekunlarını müzakirə edəcəyik. Xatırlayıram, 2013-cü ilin yekunlarını müzakirə edərkən mən bildirmişdim ki, əminəm 2014-cü il də iqtisadi inkişaf baxımından ölkəmiz üçün uğurlu olacaqdır və ilin üç ayının yekunları bunu təsdiqləyir. Azərbaycan dinamik inkişaf templərini saxlaya bilmişdir. Ölkəmiz bütün sahələrdə uğurla irəliyə gedir. İqtisadiyyat 2,5 faiz artmışdır. Hesab edirəm ki, bu, yaxşı göstəricidir. Ümumi daxili məhsulumuzun strukturu da yaxşılaşır. Əlbəttə ki, son illərdə bizim üçün iqtisadi inkişafı göstərən əsas göstərici qeyri-neft sektorunun parametrləridir. Keçən ildə olduğu kimi, bu il də biz bu sahədə sürətli inkişafa nail ola bilmişik.
Keçən il qeyri-neft sektorumuz 10 faiz, bu ilin birinci rübündə isə 8,8 faiz artmışdır. Əlbəttə ki, bu artım son illərdə Azərbaycanda aparılan islahatların nəticəsidir. İqtisadiyyatla bağlı aparılan siyasət bizi bax bugünkü reallığa gətirib çıxarmışdır.

İqtisadiyyatın şaxələndirilməsi bizim əsas prioritetimizdir. Hesab edirəm ki, biz buna nail ola bilmişik. Çünki artıq uzun müddət ərzində qeyri-neft sektorumuz sürətlə artır.

Hesab edirəm ki, biz sosial məsələlərin həllində də siyasətimizi düzgün istiqamətdə aparırıq. Bu siyasət artıq illər ərzində aparılır və sınaqdan çıxmışdır. Əhalinin pul gəlirləri 4,5 faiz artmışdır. İnflyasiya isə cəmi 2 faiz təşkil edir. Beləliklə, həmişə olduğu kimi, əhalinin gəlirləri inflyasiyanı 2 dəfədən çox üstələyir. Bu da insanların sosial məsələlərinin həlli üçün əsas şərtdir. Eyni zamanda, bu, Azərbaycanda iqtisadi və sosial islahatların düzgün istiqamətdə aparılmasını göstərir. Çünki köklü iqtisadi islahatlar, eyni zamanda, çox ciddi sosial proqramlarla da təmin edilməlidir.

Kənd təsərrüfatında artım 3 faizdən bir qədər çoxdur. Bu da müsbət hal kimi qiymətləndirilə bilər. Əminəm ki, gələcək illərdə görüləcək əlavə tədbirlər nəticəsində biz bu sahədə daha da böyük rəqəmlər görəcəyik.

Bizim valyuta ehtiyatlarımız artır və birinci rübdə xeyli artmışdır. Hazırda valyuta ehtiyatlarımız 53 milyard dollar təşkil edir. Bu, çox böyük rəqəmdir. Xüsusilə ölkəmizin əhalisini nəzərə alsaq görərik ki, bu göstərici üzrə adambaşına düşən valyuta ehtiyatlarına görə Azərbaycan dünyada qabaqcıl ölkələr arasındadır. Ən önəmli məsələ ondan ibarətdir ki, baxmayaraq, bizim böyük investisiya proqramlarımız icra edilir, valyuta ehtiyatlarımız azalmır, ildən-ilə artır. Bu da bizim siyasətimizdir. Mən bunu dəfələrlə bəyan etmişəm ki, biz əlbəttə, iqtisadiyyatımızın, sahibkarlığın inkişafı, infrastruktur layihələrinin icrası üçün öz maliyyə imkanlarımızdan istifadə etməliyik, eyni zamanda, valyuta ehtiyatlarımız da ildən-ilə artmalıdır.

Bu gün bizim təcrübəmiz, vəsaiti iqtisadiyyatın real sektoruna yönəltmək, investisiyaları cəlb etmək və infrastruktur layihələrini icra etmək siyasətimiz hesab edirəm ki, dünya miqyasında artıq bir nümunə kimi qəbul edilir.

Çünki vaxtilə bu siyasətdə müxtəlif fikirlər var idi. Bəzi beynəlxalq maliyyə qurumları bizə başqa məsləhətlər verirdi, başqa tövsiyələr irəli sürülürdü. Ancaq biz öz siyasətimizi düzgün aparmışıq. Ölkəmizi inkişaf etdirmək, güclü potensial yaratmaq və qeyri-neft sektorunun inkişafı üçün biz valyuta ehtiyatlarımızdan çox səmərəli şəkildə istifadə etdik.

Eyni zamanda, bizim çox güclü maliyyə vəziyyətimiz müstəqil siyasətimizi şərtləndirir. Çünki iqtisadi cəhətdən azad olan, heç kimdən asılı olmayan ölkə beynəlxalq aləmdə öz sözünü daha da qətiyyətlə deyə bilir.

Bir sözlə, bizim əsas iqtisadi parametrlərimiz çox müsbətdir. Bu mənzərə gələcəyə də nikbinliklə baxmaq üçün imkan verir. Mən əminəm ki, ilin sonuna qədər bu inkişaf templəri davam edəcək və biz 2014-cü ili də böyük uğurlarla başa vuracağıq.

Əhalinin banklarda əmanətləri 20 faizdən çox artmışdır. Bu da çox müsbət göstəricidir. Bu, ilk növbədə onu göstərir ki, insanların maddi vəziyyəti yaxşılaşır. Digər tərəfdən, bu hal banklara inamın təzahürüdür. Eyni zamanda, bu, imkan verir ki, banklarımız ölkəmizin iqtisadi inkişafında daha da fəal iştirak etsinlər və əvvəlki toplantılarda dediyim kimi, iqtisadiyyatın real sektoruna daha çox kredit resurslarını yönəltsinlər. Çünki belə olan halda işlərimiz daha da sürətlə gedəcəkdir.

Biz bu ilin birinci rübünün cəmi iki ayı ərzində Azərbaycanda böyük bir sosial təşəbbüsün icrasını müşahidə edirik. Əhalinin dispanserizasiya proqramı icra edilir. Bu, sırf sosial məna daşıyan bir layihədir. Bu layihənin icra edilməsi üçün əlbəttə ki, ilkin şərtlər olmalı idi. O da ondan ibarətdir ki, müasir avadanlıq, müasir tibb mərkəzləri olmalıdır ki, bunları da biz son illər ərzində bütün ölkə üzrə yaratmışıq. Belə olan halda ən müasir avadanlıqdan istifadə edərək müayinədən keçmək üçün ölkəmizin hər bir yerində imkan vardır. Qısa müddət ərzində - cəmi iki ayda dörd milyon insan bu müayinədən keçib. Hesab edirəm ki, bu təşəbbüs hər il göstərilməlidir və bu, daimi proses olmalıdır.

Mən son illərdə, müxtəlif bölgələrdə yeni xəstəxanaların açılışlarında, görüşlər əsnasında bir fikri dəfələrlə vurğulamışam ki, hər bir insan ildə bir dəfə müayinədən keçməlidir. Şadam ki, artıq vətəndaşlar da buna müsbət reaksiya verirlər. Çünki bu, ilk növbədə onlar üçün lazımdır, hər bir insan üçün lazımdır. Bu gün Azərbaycanda müasir tibbi avadanlıqlar var ki, istənilən müayinəni aparmaq mümkündür. Yəni, hesab edirəm ki, bu, sosial siyasətimizin tərkib hissəsi olan çox önəmli bir təşəbbüsdür. Şadam ki, bunu biz icra edə bilirik.

Birinci rübdə orta əməkhaqqı təxminən 7 faiz artmışdır. Bu gün Azərbaycanda orta əməkhaqqı 430 manat, yəni 550 dollar səviyyəsindədir. Əməkhaqqı ildən-ilə artır və artacaqdır. Gələcəkdə görüləcək işlər, iqtisadi inkişaf, neft-qaz sektorunun inkişafı sayəsində, eyni zamanda, maaşların və pensiyaların qaldırılması nəticəsində orta əməkhaqqı və orta pensiya daha da artmalıdır, artacaqdır.

İlin birinci rübündə regionların sosial-iqtisadi inkişafına dair üçüncü Dövlət Proqramı qəbul edildi. Biz ikinci Proqramın yekunlarını fevral ayında müzakirə etmişik. Üçüncü Proqramın qəbul edilməsi əminəm ki, qalan sosial və iqtisadi məsələlərin növbəti beş il ərzində həlli üçün bizə böyük dəstək olacaqdır. Bu da əvvəlki proqramlar kimi çox müfəssəl bir sənəddir. Proqramda bütün məsələlər öz əksini tapıbdır. Hər bir rayon üzrə konkret vəzifələr, tapşırıqlar vardır. Təbii ki, icra mexanizmləri, maliyyə resursları da bu Proqramı dəstəkləyir. Əminəm ki, 2018-ci ilə qədər bu Proqramın icrası nəticəsində bölgələrdə əsas sosial infrastruktur, iqtisadi məsələlər öz həllini tapacaqdır.

Eyni zamanda, Bakı və onun qəsəbələrinin sosial-iqtisadi inkişafı Proqramı qəbul edilib. Bu Proqram 2016-cı ildə başa çatacaqdır. O vaxta qədər Bakının qəsəbələrində bütün infrastruktur layihələri icra ediləcəkdir. Qazlaşdırma tam axıra çatdırılacaqdır, elektrik enerjisi ilə təminat daha da yaxşı olacaqdır, içməli su, kanalizasiya, kənd yollarının tikintisi layihələri icra ediləcəkdir. İş yerləri açılacaq, məktəblər, xəstəxanalar, tibb məntəqələri tikiləcəkdir. Yəni, hər bir qəsəbədə bu proqram öz nəticəsini göstərəcəkdir.

Bütövlükdə birinci rübdə sosial infrastrukturun yaradılması istiqamətində də önəmli addımlar atılıb. Bu, artıq daimi bir prosesdir. Hələ ki, bu sahədə görüləsi işlər çoxdur. Baxmayaraq ki, 2 mindən artıq məktəb, 500-dən çox xəstəxana tikilib, yenə də buna ehtiyac vardır. Çalışmalıyıq ki, 2018-ci ilin sonuna qədər bu sahədə də bütün təmir-bərpa və tikinti işlərini yekunlaşdıraq ki, sosial infrastruktur tamamilə yenilənsin.

Birinci rübdə sahibkarlığın inkişafı istiqamətində əlavə tədbirlər görülmüşdür. Biznes mühitinin yaxşılaşdırılması üçün çox önəmli Sərəncam imzalanmışdır. Bu Sərəncamın icrası bizə imkan verəcək ki, həm Dünya Bankının "Doing Business" reytinqində yerimizi daha da yüksəklərə qaldıraq. Eyni zamanda, ən önəmlisi ondan ibarətdir ki, Azərbaycanda biznes mühitinin yaxşılaşdırılması üçün biz əlavə addımları ataq. Bu, deyə bilərəm ki, bizim siyasətimizin əsas istiqamətlərindən biridir. Bu gün ölkə iqtisadiyyatının mütləq əksəriyyəti özəl sektorda formalaşır. Özəl sektor gələcəkdə Azərbaycan iqtisadiyyatının inkişafını təmin edəcəkdir. Biznes mühitinin yaxşılaşdırılması, yerli və xarici investorlar üçün daha da əlverişli vəziyyətin yaradılması daim diqqət mərkəzindədir. Əminəm ki, mənim Sərəncamımda nəzərdə tutulan müddəaların icra edilməsi nəticəsində biz bu sahədə daha da yaxşı nəticələr əldə edəcəyik.

Bütövlükdə sahibkarlıqla bağlı məsələlər Azərbaycanda uğurla həll edilir. Ölkəmizdə investisiya iqlimi çox müsbətdir. Birbaşa xarici sərmayələrin qoyuluşuna görə Azərbaycan MDB məkanında liderlik rolunu saxlayır. Şadam ki, daxili investisiyalar artıq bir neçə ildir ki, xarici investisiyaları üstələyir. Çalışmalıyıq ki, ölkə iqtisadiyyatına qoyulan vəsait artsın və bu vəsait bizim iqtisadi siyasətimizlə tam uzlaşsın.

Çünki xarici investorların təbii ki, öz maraqları ola bilər və vardır. Ölkəmizin də öz maraqları vardır. Biz bunları bir-biri ilə bağlamalıyıq, bağlayırıq. Bugünkü Azərbaycan artıq dünya miqyasında biznes aparmaq üçün çox gözəl ölkə kimi tanınır. Təsadüfi deyil ki, aparıcı maliyyə qurumlarının reytinqlərində Azərbaycanda iqtisadi islahatlarla bağlı çox müsbət rəy vardır. İqtisadiyyatımızın rəqabətqabiliyyətliliyi artır. Aparıcı reytinq agentlikləri bizim kredit reytinqlərimizi yüksək səviyyədə saxlayır. Biz bu gün xarici maliyyə bazarlarından istənilən məbləğdə vəsait cəlb edə bilərik və bunu artıq bu yaxınlarda etmişik. Çox məhdud sayda etmişik. Ancaq tələbat və ya sifariş təklif etdiyimiz imkanlardan təqribən 4-5 dəfə artıq olmuşdur. Biz ən məqbul şərtlərlə əlavə maliyyə resursları cəlb etmişik.

Bizim maliyyə vəziyyətimiz, ümumiyyətlə, belədir ki, beynəlxalq bazarlardan istənilən məbləğdə limitsiz, məhdudiyyətsiz, kredit resursları ala bilərik. Sadəcə olaraq, bunu böyük dərəcədə etmirik. Çünki buna ehtiyac yoxdur. Ancaq bu gün Azərbaycan xarici borcun səviyyəsinə görə, deyə bilərəm ki, dünyada aparıcı yerlərdədir. Xarici borc ümumi daxili məhsulun cəmi 8 faizini təşkil edir. Bu, dünya miqyasında bəlkə də ən aşağı göstəricidir, bəlkə onlardan biridir.

Bir sözlə, bu gün bizim öz maliyyə imkanlarımız vardır. Onları biz yaratmışıq, gərgin iş, düşünülmüş siyasət nəticəsində, enerji sektorunun inkişafı sayəsində. Eyni zamanda, biz bu gün istənilən məbləği ölkə iqtisadiyyatına cəlb edə bilərik. Ancaq bir daha demək istəyirəm və hesab edirəm ki, xarici borcumuzun ümumi daxili məhsulumuzda səviyyəsi bir rəqəmlə ölçülməlidir. Bu gün bu, 8 faizdir. Yəni, bu səviyyədə qalsa, hesab edirəm ki, gələcək üçün də və imkanlarımızın genişlənməsi üçün də bu, məqbul bir səviyyədir.

Azərbaycan birinci rübdə beynəlxalq siyasətlə bağlı öz mövqelərini dünyada daha da möhkəmləndirmişdir. Azərbaycan beynəlxalq aləmdə çox etibarlı tərəfdaş kimi tanınır. Bizim xarici siyasətimiz açıqdır, prinsipialdır, ədalətə, beynəlxalq hüquqa söykənir. Bu prinsipiallıq və hər bir məsələ ilə bağlı mövqeyimizin sərgilənməsi, əlbəttə ki, Azərbaycana əlavə rəğbət yaradır. Bəzi beynəlxalq məsələlərlə bağlı dünya ictimaiyyətinin əksəriyyəti mövqe bildirməkdən çəkinir. Biz buna qiymət vermək fikrində deyilik. Ancaq Azərbaycan hər bir məsələ ilə bağlı prinsipial mövqe nümayiş etdirir. Bu mövqe ilk növbədə, beynəlxalq hüququn norma və prinsiplərinə əsaslanır. Beynəlxalq hüququn norma və prinsipləri əsas şərt olmalıdır. Çünki bugünkü beynəlxalq aləm bu prinsiplər üzərində qurulubdur. Əgər bunlar pozulursa, onda bütün beynəlxalq əməkdaşlıq və münasibətlər mexanizmi pozulur. Beynəlxalq aləmdə bax bu prinsipial mövqe əlbəttə ki, bizə böyük rəğbət yaradır. Azərbaycan müstəqil, prinsipial ölkə kimi öz mövqelərini daha da möhkəmləndirir. Beynəlxalq təşkilatlarda ölkəmiz haqqında bu düzgün təsəvvür gələcəkdə bizə əlavə imkanlar yaradacaqdır.

Birinci rübdə mən Davos Dünya İqtisadi Forumunda iştirak etmişəm. Deyə bilərəm ki, Azərbaycan bu Forumda 10 ilə yaxındır ki, iştirak edir. Bu Forum həm orada müzakirə olunan məsələlər baxımından, eyni zamanda, təmaslar nöqteyi-nəzərindən hesab edirəm ki, dünyada birinci Forumdur. Bu, təkcə iqtisadi Forum deyil, eyni zamanda, siyasi Forumdur. Bu Forumda iştirak, mövqeyimizin nümayiş etdirilməsi və izahı hesab edirəm ki, çox önəmli məsələdir. Eyni zamanda, ilin əvvəlində mənim NATO-ya səfərim olmuşdur. Artıq mən bir neçə dəfə NATO-ya səfər etmişəm. Bu səfər də çox müsbət olmuşdur. Bizim ikitərəfli əlaqələrimiz müsbətdir. Gələcək əməkdaşlıq haqqında fikir mübadiləsi aparılıbdır. Enerji təhlükəsizliyində sülhməramlı missiyalarda Azərbaycanın iştirakı və onun payı təqdirlə qarşılanır.

Azərbaycan beynəlxalq təşkilatlarla uğurla əməkdaşlıq edir. Biz müxtəlif beynəlxalq təşkilatların üzvüyük. Bir neçə təşkilatla sıx əməkdaşlıq edirik. Hesab edirəm ki, bu siyasət də bizə əlavə dividendlər gətirir. Eyni zamanda, ilin birinci rübündə mən Dünya Nüvə Sammitində iştirak etmişəm. Azərbaycanın bu Sammitdə iştirakı xüsusi məna daşıyır. Çünki biz təbii ki, nüvə dövləti deyilik. Eyni zamanda, bizdə atom elektrik stansiyaları da yoxdur. Ancaq ölkəmizin önəmi, bölgədə və dünyada oynadığı rol əlbəttə ki, Azərbaycana Sammitdə iştirak edən ölkələrin sırasında olmaq üçün şərait yaratmışdır. Bu Sammitdə həm açıq, həm qapalı hissələrdə də çox önəmli məsələlər müzakirə edilmişdir. Dünyada təhlükəsizliyin təmin edilməsi məsələləri əlbəttə ki, indi dünya gündəliyinin birinci sıralarındadır. Azərbaycan bu sahədə də öz töhfəsini verir və verəcəkdir. Bildiyiniz kimi, biz BMT Təhlükəsizlik Şurasında sədrlik edən zaman məhz terrorizmə qarşı mübarizə mövzusu ilə bağlı müzakirələr təşkil etmişdik.

Birinci rübdə ikitərəfli formatda çoxsaylı təmaslarım olmuşdur. İndi Azərbaycana müxtəlif qitələrdən gələn nümayəndə heyətlərinin sayı getdikcə artır. Bizimlə əməkdaşlıq etmək istəyənlərin sayı artır. Eyni zamanda, yüksək səviyyəli qarşılıqlı səfərlər olmuşdur. Türkiyənin Baş naziri Azərbaycanda səfərdə olmuşdur. Bələdiyyə seçkilərindən sonra bu, Baş nazirin ilk səfəri idi. Bizim dostluq, qardaşlıq və strateji tərəfdaşlıq münasibətləri bu səfər əsnasında bir daha təsdiqləndi.

Eyni zamanda, bu yaxınlarda mən İran İslam Respublikasına rəsmi səfər etmişəm. Bu səfər də çox uğurlu idi. Bu səfər zamanı imzalanan sənədlər, aparılan danışıqlar, fikir mübadiləsi bizim münasibətlərimizi daha da yüksək səviyyəyə qaldıracaqdır. Deyə bilərəm ki, bu səfərin çox böyük əhəmiyyəti vardır. Çünki səfər zamanı biz dostluq və səmimi əməkdaşlıq şəraitində bir çox məsələlərə aydınlıq gətirdik. Bir fikri ifadə etdik ki, bundan sonra da İran-Azərbaycan əlaqələri ancaq yüksələn xətlə inkişaf etməlidir. Hökumətlərarası birgə komissiyanın yeni formatı müəyyən edilir, yaxın zamanlarda tam şəkildə formalaşacaqdır. Bütün istiqamətlər üzrə çox fəal iş aparılacaqdır.

Ümumiyyətlə, deyə bilərəm ki, biz həm beynəlxalq təşkilatlarla fəal əməkdaşlıq edirik, eyni zamanda, qonşu ölkələrlə əlaqələrimiz ənənəvi olaraq çox müsbətdir, yaxındır. Bizim beş qonşumuz vardır. Onlardan biri Ermənistandır - işğalçı dövlətdir, düşməndir. Dördü isə dostdur. Dost qonşularımızla əlaqələr bizim üçün prioritet məsələdir. Hesab edirəm ki, hər bir ölkə üçün onun qonşuları ilə münasibətləri xüsusi məna daşıyır. Bizi qonşularımızla tarix, keçmiş bağlayır. Bu gün biz müstəqil dövlətlər kimi ikitərəfli əlaqələrimizi dostluq, əməkdaşlıq, bir-birinin işinə qarışmamaq prinsipləri üzərində qururuq. Əminəm ki, bu münasibətlərin inkişafı hər bir ölkə üçün gələcəkdə böyük fayda verəcəkdir.

Onu da qeyd etmək istəyirəm ki, Azərbaycan regional müstəvidə iki üçtərəfli formatın təşəbbüskarı olmuşdur. Bu formatlar artıq neçə ildir ki, fəaliyyət göstərir. Azərbaycan-İran-Türkiyə formatı. Xarici işlər nazirləri mütəmadi qaydada görüşürlər. Eyni zamanda, Azərbaycan-Gürcüstan-Türkiyə formatı. Burada həm iqtisadi, həm də siyasi blok artıq format kimi formalaşıb. Bu, bizim təşəbbüsümüz olmuşdur. Hesab edirəm ki, çox düşünülmüş və müdrik təşəbbüs idi. Azərbaycan hər iki formatda fəal iştirak edir.

Beynəlxalq məsələlərlə bağlı bizim əsas məsələmiz Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllidir. Əfsuslar olsun ki, birinci rübdə bu istiqamətdə heç bir irəliləyiş olmamışdır. Baxmayaraq ki, keçən ilin sonlarında vasitəçilərin müəyyən nikbin fikirləri olmuşdur. Ancaq onlar özünü doğrultmur. Bu gün biz yenə də onun şahidiyik ki, Ermənistan sadəcə olaraq vaxt uzatmaqla məşğuldur. Nə hərb, nə sülh vəziyyətini saxlamaq istəyir və beynəlxalq vasitəçilər əfsuslar olsun ki, onlara ciddi təzyiq etmirlər.

Əslində çoxdan Ermənistana qarşı beynəlxalq sanksiyalar tətbiq edilməli idi. Çünki Ermənistan artıq iyirmi ildir ki, Azərbaycanın beynəlxalq birlik tərəfindən tanınan ərazisini işğal altında saxlayır. Dinc əhaliyə qarşı soyqırımı törətmişdir. Xocalı soyqırımını törətmişdir. Xalqımıza qarşı etnik təmizləmə siyasəti aparılıbdır. BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsi pozulur. Yəni, heç bir başqa buna oxşar halda bu qədər ədalətsizlik və qanun pozuntusu olmamışdır. Beynəlxalq normalar pozulur. BMT Təhlükəsizlik Şurasının qətnamələri icra edilmir. Digər beynəlxalq təşkilatların - Avropa Şurası, Avropa Parlamenti, ATƏT, İslam Əməkdaşlıq Təşkilatının qətnamələri icra edilmir. Onlara məhəl qoyulmur. Minlərlə Azərbaycan vətəndaşı həlak olubdur. Bizə qarşı soyqırımı törədilibdir. Nəticə etibarilə Ermənistana qarşı heç bir sanksiya tətbiq edilmir.

Sual olunur nə üçün? Nə vaxta qədər biz bu ikili standartlarla üzləşəcəyik? Bunun səbəbi nədir? Nə üçün qondarma "Dağlıq Qarabağ respublikası"nın rəhbərləri sanksiyalardan əziyyət çəkmir? Nə üçün onlara qarşı sanksiyalar tətbiq olunmur? Bu, ədalətsizlikdir, ikili standartlardır. Ona görə biz beynəlxalq münasibətlərdə ikili standartlara qarşı öz etiraz səsimizi ucaldırıq. Bizimlə əməkdaşlıq edən Qərb ölkələrinin rəhbərlərindən xahiş edirik ki, qondarma "Dağlıq Qarabağ respublikası"nın "rəhbərləri"ni öz ölkələrinə buraxmasınlar. Onlara qarşı sanksiyalar tətbiq edilsin. Onlar gedib qanunsuz telemarafonlar keçirirlər, pullar yığırlar. Sonra o pulları bizim əleyhimizə istifadə edirlər. Onların "rəhbərləri"ni Qərbin aparıcı ölkələrində qəbul edirlər. Vizalar verilir, onlar orada "nümayəndəliklər" açırlar, gedib-gəlirlər. Nə üçün?

Hesab edirəm, vaxt gəlib çatıb ki, biz bu məsələ ilə bağlı fikrimizi daha da açıq şəkildə ifadə edək. Biz bu ikili standartlardan yorulmuşuq. Bu qədər ədalətsizliyə dözmək mümkün deyildir.

Nə üçün təcavüzkar bu günə qədər qınaq obyektinə çevrilməyib?! Nə üçün Avropa Şurası Parlament Assambleyasında Ermənistan nümayəndə heyətinin səlahiyyətlərini dayandırmaq məsələsi müzakirə edilmir?! Biz bu məsələni dəfələrlə qaldırmışıq. Yadımdadır ki, hələ 2001-ci ildə mən Azərbaycan Milli Məclisinin AŞPA-dakı nümayəndə heyətinin rəhbəri kimi, dəfələrlə bu məsələni qaldırmışam. Buna heç kim heç bir reaksiya vermir. Deyirlər, gedin razılaşın, gedin danışın, sülh yolu ilə həll edin bunu. Bizə qarşı etnik təmizləmə aparılmışdır, soyqırımı törədilmişdir. Azərbaycanlılar Dağlıq Qarabağdan qovulandan sonra orada dırnaqarası referendum keçirilmişdir. Hesab edilir ki, bu məqbuldur. Buna dözmək mümkün deyildir. Bizə qarşı olan ədalətsizliyi faktlarla, dəlillərlə ifşa etməliyik. Hesab edirəm ki, bu prinsipial mövqe həm ədaləti bərpa edəcək, həm də ki, riyakar siyasəti ifşa edəcəkdir.

Bizə qarşı riyakar siyasət, ikili standart siyasəti davam edir. Biz isə bununla heç vaxt barışmayacağıq. O ki, qaldı münaqişənin həllinə, heç kim üçün sirr deyil, bu gün dünyada əsas amil güc amilidir. Bu, reallıqdır. Ona görə biz daha da güclü olmalıyıq və ilk növbədə hərbi gücümüzü artırmalıyıq. Bir daha bu məsələni müzakirə edərkən görürük ki, biz nə qədər düzgün addım atmışıq, ordu quruculuğu prosesini daim diqqət mərkəzində saxlamışıq. Uzun illər ərzində alınan silahlar, texnikalar, sursatlar bu gün bizim gücümüzü böyük dərəcədə artırmışdır.

Bu gün Azərbaycan Ordusunda olan texnika ən güclü ordulardan da geri qalmır. Eyni zamanda, bu yaxınlarda Naxçıvanda olarkən oradakı yeni texnikanın nümayişi də göstərir ki, Naxçıvan ordusu da bu gün dünya ordularında olan ən müasir texnikaya malikdir. Artıq orada həm müasir artilleriya qurğuları, döyüş və nəqliyyat helikopterləri, tank əleyhinə qurğular, hava hücumuna qarşı qurğular, ən müasir "T-72", "T-90" tankları və digər hərbi silah-sursat vardır, daha da artacaqdır. Biz daha da güclü olmalıyıq və olacağıq.

X X X

Sonra iclas müzakirələrlə davam etdirildi.

Vergilər naziri Fazil Məmmədov bildirdi ki, ümummilli lider Heydər Əliyev tərəfindən təməli qoyulan sosial-iqtisadi inkişaf kursunun Prezident İlham Əliyevin rəhbərliyi ilə davam etdirilməsi ölkəmizin iqtisadi sahədə böyük uğurlara imza atmasına zəmin yaratmışdır. Bu fakt beynəlxalq reytinq agentliklərinin hesabatlarında da əksini tapıb.

Azərbaycanın strateji valyuta ehtiyatlarının artdığını və bütün bunların ölkədə sabit iqtisadi bazanı daha da möhkəmləndirdiyini diqqətə çatdıran Fazil Məmmədov dedi:

- Son illər maliyyə sabitliyi indeksinin dünyanın əksər ölkələrində mənfi saldo üzrə qeydə alınmasına baxmayaraq, Azərbaycanda makroiqtisadi sabitlik qorunub saxlanılmış, hesabat dövründə iqtisadiyyatın davamlı inkişafı nəticəsində ÜDM-in həcmi 2013-cü ilin müvafiq dövrü ilə müqayisədə 2,5 faiz artaraq 13 milyard 150,7 milyon manat, qeyri-neft sahəsi üzrə isə 8,8 faiz artaraq 7 milyard 204,3 milyon manat təşkil etmişdir. Əhalinin ümumi gəlirlərinin 4,5 faiz artması fonunda inflyasiyanın səviyyəsi cəmi 2 faiz olmuşdur.

Hesabat dövründə dövlət büdcəsinin mədaxili 106,1 faiz yerinə yetirilməklə büdcəyə səfərbər edilmiş 4 milyard 482,7 milyon manat vəsaitin 1 milyard 762,9 milyon manatı Vergilər Nazirliyinin, 330,4 milyon manatı Dövlət Gömrük Komitəsinin, 2 milyard 342,6 milyon manatı isə Dövlət Neft Fondunun hesabına təmin edilmişdir. Dövlət Neft Fondundan edilən transfertlər istisna olmaqla dövlət büdcəsinə daxilolmaların 36,7 faizi neft-qaz sektorunun, 63,3 faizi isə qeyri-neft-qaz sektorunun payına düşmüşdür.

Hesabat dövründə dövlət büdcəsinin xərcləri 4 milyard 374,3 milyon manat icra edilmişdir. Büdcə xərclərinin 21,8 faizi və ya 954,3 milyon manatı sosial yönümlü olmaqla, 2013-cü ilin birinci rübü ilə müqayisədə 58,2 milyon manat və ya 6,5 faiz çox təşkil etmişdir. Ötən ilin müvafiq dövrü ilə müqayisədə təhsil xərclərinə 8,5 faiz, səhiyyə xərclərinə 18,6 faiz çox vəsait yönəldilmişdir.
Ölkədə uğurlu investisiya siyasətinin aparılması nəticəsində bütün maliyyə mənbələrindən əsas kapitala 3 milyard 125,9 milyon manat vəsait yönəldilmişdir ki, bu da 2013-cü ilin birinci rübü ilə müqayisədə 7 faiz çoxdur.

Sahibkarlığa Kömək Milli Fondunun xətti ilə 1014 sahibkara 44,7 milyon manat güzəştli kredit verilmişdir ki, bu kreditlər hesabına da 2400-dən çox yeni iş yeri yaradılmışdır. Ayrılan güzəştli kreditlərin 76,5 faizi aqrar sektorun, 23,5 faizi isə müxtəlif sənaye və digər sahələrin inkişafına yönəldilmişdir.

Möhtərəm cənab Prezident!

Dünya ölkələri arasında iqtisadi inkişaf templərinə görə lider mövqedə qərar tutan Azərbaycan üçün xarakterik xüsusiyyətlərdən biri də mövcud tərəqqinin yalnız ölkə paytaxtını deyil, bütün regionları, hər bir bölgəni əhatə etməsidir.

Regionların sosial-iqtisadi inkişafına dair əvvəlki iki Dövlət proqramının icra olunduğu 10 il ərzində regionlarda qeydiyyata alınan sahibkarlıq subyektlərinin sayı 7,2 dəfə, vergi daxilolmaları 12,7 dəfədən çox artmışdır. Respublikanın şəhər və rayonları üzrə vergi gəlirlərinin artımı artıq Sumqayıt, Şirvan, Mingəçevir şəhərlərinə, eləcə də Abşeron və İmişli rayonlarına öz xərclərini tamamilə yerli gəlirlər hesabına təmin etməyə imkan yaratmışdır.

Hesabat dövründə müvafiq Fərman və Sərəncamlarınız ilə təsdiq edilmiş "Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı" və "2014-2016-cı illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı" ölkəmizin bütün bölgələrinin hərtərəfli inkişafı sahəsində məqsədyönlü siyasətin davamı olmaqla, yeni müəssisələrin və iş yerlərinin yaranmasında, irimiqyaslı infrastruktur layihələrinin həyata keçirilməsində müstəsna rol oynayacaqdır.

Təkcə bu ilin birinci rübündə regionlarda 100-ə yaxın sənaye, kənd təsərrüfatı, xidmət və ticarət müəssisəsi fəaliyyətə başlamış, 500-dək müəssisənin isə tikintisi davam etdirilir.

Möhtərəm cənab Prezident!

"Ölkəmizin ən böyük sərvəti onun insanlarıdır" sözləriniz və maliyyə kapitalının insan kapitalına çevrilməsi istiqamətində həyata keçirdiyiniz ardıcıl siyasət, sağlam və təhsilli gənc nəslin yetişdirilməsi ilə bağlı qəbul etdiyiniz qərarlar cəmiyyətdə böyük rəğbətlə qarşılanmışdır. Gənc nəslin sağlam böyüməsi yolunda Heydər Əliyev Fondunun əvəzsiz fəaliyyəti, habelə ən müasir standartlar səviyyəsində yeni uşaq bağçaları və körpələr evlərinin tikintisi və köhnələrinin təmiri xüsusilə təqdirəlayiqdir. Tərəfinizdən həyata keçirilən təhsil və inkişaf Strategiyasının davamı olaraq cari ilin yanvarın 1-dən məktəbəqədər təhsil müəssisələri, uşaq bağçaları və körpələr evləri 10 il müddətinə bütün vergilərdən azad edilmişdir.

Əhalinin sosial problemlərinin həlli, o cümlədən vətəndaşlara geniş çeşidli xidmətlərin göstərilməsi, bürokratik əngəlləri aradan qaldırmaqla vətəndaş-dövlət münasibətlərində şəffaflığın və "vətəndaş məmnunluğunun" təmin edilməsi məqsədilə bilavasitə müəllifi olduğunuz "ASAN xidmət" konsepsiyası, möhtərəm cənab Prezident, Sizin də qeyd etdiyiniz kimi müasir Azərbaycanın brendinə çevrilmişdir. "ASAN xidmət" mərkəzlərinin fəaliyyəti dövründə 1 milyondan çox vətəndaşa keyfiyyətli xidmətlər göstərilmişdir.

Cari ilin fevral ayında Avropa Parlamentində Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi, Vergilər, Rabitə və Yüksək Texnologiyalar nazirliklərinin birgə təşkilatçılığı ilə "İnnovasiya və Mobil imza-Avropa ilə yeni rəqəmsal inteqrasiya vasitəsi kimi" mövzusunda keçirilən konfransda ilk dəfə olaraq elektron imzalar vasitəsilə Vergilər Nazirliyinin və Estoniyanın Sertifikat Mərkəzləri arasında Anlaşma Memorandumu imzalanmışdır ki, bu da 2013-cü ilin may ayından etibarən Vergilər Nazirliyinin Asan Sertifikat Xidmətləri Mərkəzi (ASXM) tərəfindən verilən müasir tipli Mobil imzanın "Asan İmza"nın beynəlxalq əməliyyatlarda tanınmasına və ölkələr arasında sərhədsiz rəqəmsal inteqrasiyaya nail olmağa imkan verir.

Elektron xidmətlərin dairəsinin daha da genişləndirilməsi və mütərəqqi ödəniş sistemlərinin tətbiqi məqsədilə imzaladığınız daha bir Fərmanla "Asan ödəniş" sisteminin yaradılması barədə müvafiq tapşırıqlar verilmişdir. Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə Vergilər Nazirliyinin birgə həyata keçirdiyi bu layihənin nəticəsi olaraq inzibati cərimələrin və məhkəmə qərarı ilə ödənilməli olan vəsaitlərin onlayn rejimdə ödənilməsi vətəndaş-məmur münasibətlərini minimuma endirəcək, ölkə vətəndaşlarının bütün sahələrdə Sizin diqqət və qayğınızla əhatə olunmasının daha bir bariz nümunəsi olacaqdır.

Ölkəmizdə maliyyə əməliyyatlarının şəffaflığının təmin edilməsi və nağd ödənişlərin məhdudlaşdırılması müasir elektron ödəniş xidmətlərinin daha da genişləndirilməsinə zərurət yaradır ki, bu məqsədlə də yaxın bir ildə müəyyən edilmiş meyarlara cavab verən obyektlərdə aidiyyəti banklarla birlikdə quraşdırılacaq POS-terminalların sayının 80 minə çatdırılması nəzərdə tutulmuşdur.

Möhtərəm cənab Prezident!

Ölkəmizdə aparılan məqsədyönlü siyasət nəticəsində daha yüksək inkişaf göstəricilərinə malik olan iqtisadiyyatımız əhalinin etibarlı sosial müdafiəsinin əhəmiyyətli dərəcədə yaxşılaşdırılmasını təmin etmişdir.

Bir sıra inkişaf etmiş ölkələrdə işsizliyin sayının artımı fonunda Azərbaycanda iş yerlərinin bağlanması kimi mənfi meyl olmamış, əksinə hesabat dövründə 29 minə yaxın yeni iş yeri açılmışdır.

Təsadüfi deyil ki, Dünya Bankının adambaşına düşən Ümumi Milli Gəlir təsnifatına görə Azərbaycan "yuxarı orta gəlirli" ölkələr kateqoriyasına aid edilmişdir.

"Azərbaycan Respublikasının Əmək Məcəlləsində dəyişikliklər edilməsi haqqında" Qanununun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 3 fevral tarixli Sərəncamı ilə təsdiq edilmiş Əmək Məcəlləsinə olan dəyişikliklər vətəndaşların əmək hüquqlarının qorunmasına və layiqli pensiya təminatına olan dəstəyinizi bir daha sübut etmişdir. Əmək müqaviləsinin elektron informasiya sistemində elektron qaydada qeydiyyata alınması əmək hüquqlarının qorunması ilə yanaşı, qeyri-leqal məşğulluğun aradan qaldırılmasına, bu sahədə elektron nəzarət sisteminin qurulmasına imkan verəcəkdir.

Fazil Məmmədov sahibkarlığın inkişafına göstərilən dövlət qayğısından danışaraq bu istiqamətdə xüsusi Dövlət proqramlarının icra olunduğunu söylədi. Vergilər naziri "Sənaye ili" çərçivəsində vergi güzəştlərinin tətbiqinin sənayenin inkişafına töhfə verəcəyinə əminliyini ifadə etdi.

X X X

Dünyada hökm sürən iqtisadi və maliyyə böhranı dövründə iqtisadiyyatımızın daha da gücləndiyini, ölkəmizin enerji sahəsində yeni uğurlara imza atdığını bildirən enerji naziri Natiq Əliyev dedi:

- Hesabat dövründə keçən ilin müvafiq dövrü ilə müqayisədə bütün mənbələr hesabına ölkə iqtisadiyyatına, xüsusilə mədənçıxarma və emal sənayesinə əsas kapitala yönəldilən vəsaitin həcmi artımla müşayiət olunmuşdur. İnkişaf edən Azərbaycanın iqtisadi gücünün və beynəlxalq nüfuzunun artmasında energetika kompleksinin mühüm və həlledici rolu vardır, bu sahə inkişafının yüksək səviyyəli dövrünü yaşayır.

Ölkənin neft-qaz və energetika sahəsinə böyük həcmli investisiyaların qoyulması və müasir texnologiyaların tətbiqi nəticəsində respublikamızda bu sahədə böyük nailiyyətlər əldə olunmuşdur. Hesabat dövründə 10 milyon 562 min ton xam neft, 7 milyard 677 milyon kubmetr təbii qaz hasil edilmişdir. Bu da 2013-cü ilin müvafiq dövrü ilə müqayisədə 255 min ton xam neft və 557 milyon kubmetr qaz çoxdur. 2014-cü il yanvarın 29-da "Azəri-Çıraq-Günəşli" (AÇG) dəniz yataqlar blokunun tammiqyaslı işlənməsi proqramı çərçivəsində yeni istismara verilmiş "Qərbi Çıraq" platformasından ilk neft hasil olunmuşdur və bu əlamətdar hadisə müasir neft tariximizin növbəti uğuru kimi qiymətləndirilməlidir. "Qərbi Çıraq" platforması dənizin 170 metr dərinliyində quraşdırılmışdır və onun layihə gücü gündəlik 25 min ton xam neft və təxminən 8 milyon kubmetr qaz hasil etmək potensialına malikdir. İldə bu platformadan təxminən 8,2 milyon ton neft və 2,8 milyard kubmetr qaz hasil ediləcəkdir. Hasilata başlamış və yeni texnologiyalar üzərində inşa edilmiş bu platforma gələcəkdə hələ uzun illər boyunca dünya səviyyəli qurğu kimi Azərbaycanda neft hasilatının həcminin sabit səviyyədə saxlanılmasını təmin edəcəkdir.

Məruzə etmək istərdim ki, Sizin "Azəri-Çıraq-Günəşli" yataqlarında 2011-2012-ci illərdə neft hasilatının həcminin kəskin surətdə azalması ilə əlaqədar "bp-Azərbaycan" şirkətinin rəhbərliyinin ünvanına söylədiyiniz haqlı tənqid və iradlarınız, habelə texniki problemlərin tezliklə aradan qaldırılması üçün lazımi tədbirlərin görülməsi haqqında verdiyiniz ciddi tapşırıqlar müsbət nəticələnmişdir. Belə ki, 2013-cü ilin yekun nəticələrinə əsasən AÇG yataqlarından 30 milyon 623 min ton proqnoz göstəricilərinə qarşı 32 milyon 717 min ton və ya 2,1 milyon ton xam neft artıq hasil edilmişdir. Bu ilin birinci rübündə isə 7 milyon 694 min ton neft əvəzinə 7 milyon 908 min ton neft hasil olmuşdur ki, bu da proqnozda nəzərdə tutulandan 214 min ton çoxdur.

Möhtərəm cənab Prezident!

Zati-alilərinizin uğurla həyata keçirilən enerji siyasəti nəticəsində respublikamızın təbii qazla təchizatı sahəsində mühüm irimiqyaslı praktiki işlər görülmüşdür və davam etməkdədir.
Energetika Nazirliyi tərəfindən "Qazdan istifadə Qaydaları"nın hazırlanması, təsdiq və tətbiq edilməsi ölkə ərazisində qazlaşdırma prosesinin nizamlanması və təkmilləşdirilməsi üçün mühüm rol oynamışdır.

Həyata keçirilən tədbirlər sayəsində qaz və elektrik enerjisi ilə təmin olunan əhali abunəçilərinin sayı ildən-ilə artmışdır. Qazla təmin edilən rayonların sayı 67-yə çatdırılmış, müxtəlif bölgələrdə qaz təminatı bərpa edilmiş və nəticədə əhalinin əvvəllər külli məbləğdə digər yanacaq növünün əldə edilməsinə yönəldilmiş xərcləri kəskin şəkildə, yəni dəfələrlə azaldılmışdır. Hazırda respublikada təbii qazla təmin olunan abonentlərin sayı 1 milyon 677 minə çatmışdır, sayğaclaşdırmanın səviyyəsi isə 99 faizə yüksəlmişdir. Eyni zamanda, respublika ərazisində "SMART" tipli sayğacların quraşdırılması davam edir və bu günədək 500 mindən artıq bu tipli sayğaclardan istifadə edilir. Bunun nəticəsində enerji haqqının yığımı son illərlə müqayisədə 2,1 dəfə artaraq 93,3 faiz olmuşdur.

Məmnunluq hissi ilə bildirirəm ki, Sizin imzaladığınız "Azərbaycan Respublikasının yanacaq-enerji kompleksinin inkişafı (2005-2015-ci illər) üzrə Dövlət Proqramı" və "Azərbaycan Respublikasında elektrik enerjisi təminatının yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında" sərəncamlarınız milli energetikamızda yeni eranın başlanğıcını qoymuşdur. Müasir qaz-turbin tipli "Şimal" Elektrik Stansiyasının istifadəyə verilməsi, respublikanın müxtəlif bölgələrində modul tipli elektrik stansiyalarının tikilməsi, buxar-qaz tipli "Sumqayıt" və "Cənub" elektrik stansiyalarının istifadəyə verilməsi son beş il ərzində Azərbaycan energetika sisteminin generasiya gücünü 30 faizə yaxın artırmış və yeniləşdirmişdir. Hazırda bu göstərici 7105 meqavata çatdırılmışdır ki, bu da orta hesabla 24 milyard kilovat-saat elektrik enerjisi istehsal etməyə və 2,1 milyard kilovat-saata qədər elektrik enerjisinin ixracına imkan yaradır.

Bununla əlaqədar xüsusi vurğulamaq istərdim ki, energetika sistemində izafi güc hesabına qərb-şərq və şimal-cənub energetika dəhlizləri vasitəsilə neft və təbii qazın ixracı ilə yanaşı, elektrik enerjisinin də Avropa, Rusiya və İran istiqamətində ötürülməsi respublika üçün çox vacibdir. Bu məqsədlə qonşu dövlətlərin energetika sistemləri ilə əlaqələrin gücləndirilməsi üçün "Azərenerji" ASC tərəfindən İran ilə cənubda, Rusiya ilə şimalda və Gürcüstan ilə qərb istiqamətində yeni enerji təsərrüfat obyektləri quraşdırılmışdır. Azərbaycan-Gürcüstan-Türkiyə elektrik enerjisi verilişi dəhlizi yaradılaraq, Qərbi Avropa ölkələri ilə enerji mübadiləsinin təşkili istiqamətində 2014-cü ildən başlayaraq 350 meqavat, 2015-ci ildən isə 700 meqavat güc ötürmək imkanı yaranacaqdır. Yüksək diqqətinizə çatdırmaq istərdim ki, bununla əlaqədar Energetika Nazirliyi tərəfindən sadaladığım ölkələrlə müvafiq hökumətlərarası sənədlər hazırlanıb imzalanmışdır.

2014-cü il fevralın 5-də regionların sosial-iqtisadi inkişafı Dövlət proqramlarının icrasına həsr olunmuş konfransda Sizin, cənab Prezident, tərəfinizdən verilmiş tapşırıqların yerinə yetirilməsi üçün Energetika Nazirliyi ölkədə enerji potensialına tələbatın daim qabaqlanması və bunun üçün gələcəkdə elektrik stansiyalarının tikilməsi, elektrik təsərrüfatının yeniləşməsi, qazlaşdırılmanın 95-98 faizə çatdırılması məqsədilə təkliflər və onların əsasında inkişaf proqramları işləyib hazırlamışdır.

"Sahibkarlığın inkişafı ilə bağlı əlavə tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 3 mart tarixli Fərmanının icrasını təmin etmək məqsədilə Energetika Nazirliyi elektrik təchizatı şəbəkəsinə qoşulma sahəsində sənədlərin elektron qaydada təşkilinin prosedur, müddət və xərclərin azalması üçün mövcud qanunvericiliyə dəyişikliklər edilməsi barədə bir sıra təkliflər hazırlayıb Nazirlər Kabinetinə təqdim etmişdir.

Hörmətli iclas iştirakçıları!

Son illər ölkəmizdə enerji səmərəliliyi, alternativ və bərpa olunan enerji mənbələrindən istifadə istiqamətində aparılan tədbirlər dövlətimizin başçısının diqqət mərkəzindədir. Enerji resurslarından səmərəli və qənaətlə istifadə edilməsinə lazımi şəraitin yaradılması mühüm amilə çevrilir. Aparılan araşdırmalardan aydın olur ki, respublikamızda bu sahədə enerji resurslarına ümumi tələbatın təxminən 40 faizinə qənaət etmək potensialı vardır, həmçinin bu tədbirlərin həyata keçirilməsi ekoloji mühitin qorunmasına müsbət təsir edəcəkdir. Əldə etdiyimiz nəticələrə diqqət yetirsək, görürük ki, qənaətcil elektrik stansiyalarının tikilib istifadəyə verilməsi, fiziki cəhətdən köhnəlmiş enerji bloklarının yenidən qurulması, habelə enerjinin istehsalında 97,8 faiz təbii qaz yanacağından istifadə edilməsi nəticəsində son 10 ildə hər kilovat-saat elektrik enerjisinin istehsalına yanacaq sərfi 413 qramdan 2013-cü ildə 303,7 qrama qədər azalmışdır.
Bununla belə, elektrik stansiyalarının adambaşına düşən qoyuluş istehsal gücü yaxın gələcəkdə Azərbaycanın bu göstərici üzrə dünyanın inkişaf etmiş ölkələri səviyyəsinə çatması üçün yeni tikiləcək elektrik stansiyalarının hesabına energetika sisteminin ümumi gücü 10 min meqavatdan yüksək həddə çatdırılmalıdır. Bu səviyyəni təmin etmək üçün əsaslı tikintiyə əlavə 4 milyard manat vəsait cəlb edilməlidir. Nəticədə ölkədə adambaşına düşən elektrik enerjisinin həcmi Avropanın inkişaf etmiş ölkələrinin göstəricisi səviyyəsinə qədər yüksəlib 3600 kilovat-saatdan artıq olacaqdır.

Natiq Əliyev energetika sahəsində fəaliyyətin beynəlxalq normalara və təcrübəyə uyğun qurulması baxımından qanunvericiliyin təkmilləşdirilməsi üçün görüləcək işlərdən bəhs etdi. Energetika Nazirliyində Elektron Hökumət Portalına qoşulma prosesindən danışan Natiq Əliyev nazirlikdə elektron xidmətlərin sayının artdığını dedi, son illərdə enerji layihələri ilə bağlı imzalanan saziş və qəbul olunan qərarların əhəmiyyətini vurğuladı.

X X X

Azərbaycanda təhsil sahəsində qazanılan uğurlardan danışan təhsil naziri Mikayıl Cabbarov bu sahədə gedən inkişaf proseslərindən, təhsilin inkişafı üzrə dövlət strategiyasının əhəmiyyətindən danışdı. Təhsil ictimaiyyəti adından strategiyanın qəbuluna görə Prezident İlham Əliyevə minnətdarlıq etdi. Bu sənədin insan kapitalının inkişaf etdirilməsi üçün mühüm əhəmiyyətə malik olduğunu bildirərək dedi:

- Hörmətli cənab Prezident!

Sizin təhsil sektoruna göstərdiyiniz qayğı nəticəsində son 10 ildə ölkəmizdə təhsil infrastrukturunun müasirləşdirilməsi istiqamətində böyük işlər görülmüş, 2700-dən çox yeni məktəb tikilmiş, 1 milyondan artıq şagirdin təlim şəraiti yaxşılaşmışdır. Təhsil Nazirliyi tərəfindən ötən il 177 təhsil obyektində cari təmir işləri aparılmış, 370 fizika, kimya və biologiya laboratoriyaları müasir avadanlıqla təchiz olunmuş, 104 əmək kabineti üçün tam avadanlıq dəsti və elementlər alınmışdır. Son bir il müddətində Təhsil Nazirliyi üzrə aparılan işlər əvvəlki dövrə nisbətən öz strukturuna, qiymətinə və keyfiyyətinə görə xeyli optimallaşmışdır. Bunun hesabına məktəblər üçün daha çox miqdarda zəruri avadanlığın alınması mümkün olmuşdur.

İki Dövlət Proqramının icrası nəticəsində 2004-cü ildə hər 1063 şagirdə bir kompyuter düşdüyü halda, hazırda hər 18 şagirdə bir kompyuter nisbəti təmin olunmuş, məktəblərin 39 faizi internet şəbəkəsinə qoşulmuşdur. Təhsilin infrastrukturu ilə bağlı məsələlərin əhəmiyyətli hissəsi həll olunduğu halda, bu gün ölkənin inkişaf tempinin tələblərinə cavab verən keyfiyyətin artırılması, təhsilin məzmununun yenilənməsi, müəllimlərin peşəkarlığının yüksəlməsi ön plana keçir.
Şəxsiyyətin inkişaf etdirilməsi üçün zəruri olan keyfiyyətlərin formalaşması məktəbəqədər təhsil sistemində baş verir. Bu mənada Heydər Əliyev Fondunun və onun prezidenti Mehriban xanım Əliyevanın yeni təşəbbüsü, məktəbəqədər təhsil müəssisələrinin inkişaf proqramı böyük əhəmiyyətə malikdir. 2005-ci ildə Heydər Əliyev Fondu tərəfindən "Yeniləşən Azərbaycana yeni məktəb" layihəsinin qısa müddət ərzində uğurla icra olunduğu kimi, qeyd edilən layihənin köməyi ilə də mövcud problemlərin aradan qaldırılmasına əminik.

Dövlət bağçaları şəbəkəsinin genişləndirilməsi ilə yanaşı, bu sahədə özəl sektorun payının artırılması da vacibdir. Məktəbəqədər təhsil müəssisələrinin 10 il müddətinə mənfəət vergisini və sadələşdirilmiş vergini ödəməkdən azad edilməsi özəl sektorun iştirakının stimullaşdırılması yolu ilə məktəbəqədər təhsil ilə əhatə faizini artırmağa imkan yaradır.

Ötən ildə nazirlik tərəfindən təhsil sistemində şəffaflığın təmin edilməsi, müasir idarəetmə modelinin tətbiqi, kadr potensialının səriştə baxımından gücləndirilməsi sahəsində bir sıra tədbirlər həyata keçirilmişdir. Sizin tapşırığınıza əsasən ümumtəhsil məktəblərini bitirən bütün şagirdlərə attestat verilməsi üçün qanunvericilikdə müvafiq dəyişikliklər edilmiş, ötən dərs ilində 90 mindən çox məzunun hamısı attestat almışdır. Bu qərar minlərlə gəncə təhsillərini davam etdirmək üçün yeni imkanlar açdı.

Hazırda məktəb müəllimlərinin işə qəbulu mərkəzləşdirilmiş imtahan vasitəsilə həyata keçirilir. Ötən il 3286 vakant yer müsabiqəyə çıxarılmışdır. İmtahanlarda 15030 nəfər iştirak etmiş, onlardan 1281 nəfər işə qəbul olunmuşdur. Əvvəlki illərdən fərqli olaraq vakant yerlərin sayı artsa da, keçid balı aşağı salınmamış, müəllimlərin peşəkarlığı əsas meyar kimi götürülmüşdür. Bu imtahan, həmçinin müəllimlərin peşə hazırlığında olan boşluqları aşkarlamışdır. İndi müəllim hazırlığı sistemində paradoksal vəziyyət yaranmışdır. Təkcə ali təhsil müəssisələrinin hazırladıqları pedaqoji kadrların sayı real tələbatı təxminən 2 dəfə üstələyir.

Bundan başqa, təəssüf hissi ilə qeyd etməliyəm ki, sistemin daxilində qanunazidd işə qəbul edilən xeyli sayda insan da vardır. Bu problemin həlli üçün biz həm inzibati tədbirlər görürük, həm də peşə standartları üzərində işləyirik. Müəllimlərin peşəkarlıq səviyyəsinin könüllü əsaslarla yoxlanılması nəzərdə tutulur. Keçiriləcək attestasiya nəticəsində uğur əldə edən müəllimlərə aldıqları dərəcələrə görə diferensiallaşdırılmış əməkhaqqının verilməsi nəzərdə tutulur. Attestasiyadan keçməyən müəllimlər üçün isə təlimlər təşkil olunacaq, növbəti attestasiyaya hazırlaşmaq üçün imkan yaradılacaqdır.

Əhəmiyyətli yeniliklərdən biri də ucqar kənd məktəblərinə göndərilən müəllimlər üçün həvəsləndirmə tədbirlərinin daha geniş tətbiqidir. Belə ki, ötən illərdə bu tədbirlər 800 yerə tətbiq olunurdusa, 2013-cü ildə həmin yerlərin sayı 2500-ə çatdırılmışdır. Təhsil Nazirliyinin birbaşa tabeliyində olan məktəblərin bazasında xüsusi istedadlı uşaqlar üçün təmayüllü məktəblər şəbəkəsinin yaradılması planlaşdırılır.

Təhsilin məzmununun təkmilləşdirilməsindən söhbət getdikdə dərslik mövzusuna toxunmamaq olmur. Problemi həll etmək üçün onun kökünə varmaq lazım gəlir. Kökü isə müəllifdir. Daha doğrusu, müəlliflərin az olmasıdır. Buna baxmayaraq, dərslik siyasəti sahəsində də müsbət irəliləyişlər olmuşdur. Görülmüş tədbirlər nəticəsində bu il dərslik yazan müəlliflərin sayı xeyli artmışdır. Gözləyirik ki, bu artım dərsliklərin keyfiyyətinə də öz təsirini göstərəcəkdir. Müəlliflik iddiasında olan mütəxəssisləri dərslik yazmağa təşviq etmək üçün ikinci və üçüncü yer tutan dərslik müəlliflərinə pul mükafatının verilməsini nəzərdə tutmuşuq.

Yeni atılmış addımlardan biridə məktəb direktorlarının və gələcəkdə bu vəzifədə çalışmaq arzusunda olan şəxslərin yalnız müsabiqə yolu ilə seçilməsi və peşə təlimlərinə cəlb olunmasıdır.
Dövlət tərəfindən ölkəmizdə təhsil infrastrukturunun müasirləşdirilməsi istiqamətində işlər davam etdirildiyi bir vaxtda əfsuslar olsun ki, hələ də təhsil müəssisələrinin ərazilərinin kənar şəxslər tərəfindən zəbt olunaraq özbaşına tikinti işlərinin aparılması cəhdləri baş verir. Bu isə məktəb infrastrukturunun genişlənməsi zərurəti yarandıqda əlavə problemlərə gətirib çıxarır. Göstərilən halların qarşısının alınması üçün yerli icra hakimiyyəti orqanları ilə sıx əməkdaşlıq şəraitində təxirəsalınmaz və təcili tədbirlərin görülməsini həyata keçiririk.

Son 25 ildə ilk dəfə olaraq peşə məktəbləri üçün 11 təlim avtomobili və 37 kənd təsərrüfatı texnikası sifariş olunmuş, habelə internat və idman məktəbləri üçün yeni avtobuslar alınmışdır. Əmək bazarının tələblərinə cavab verən ixtisaslı kadrların hazırlanması üçün yerli və xarici tərəfdaşlarla birlikdə peşə təhsili sahəsində yeni layihələrin icrasına başlanmışdır. İki gün bundan əvvəl "Sənaye ili" çərçivəsində Koreya Hökuməti və şirkətləri ilə avtomatlaşdırılma, elektronika, avtomobil və inşaat sahələri üçün kadr hazırlayacaq Peşə Tədris Mərkəzinin yaradılması barədə saziş imzalanmışdır.

Ölkədə insan kapitalının sürətli inkişafı məqsədi ilə Zati-aliləriniz tərəfindən təsdiq olunmuş 2007-2015-ci illərdə Azərbaycan gənclərinin xaricdə təhsilinə dair Dövlət Proqramı çərçivəsində indiyədək 2612 azərbaycanlı gənc Dövlət Neft Fondu hesabına maliyyələşdirilməklə dünyanın tanınmış universitetlərində ali təhsil almağa göndərilmişdir. Dövlət vəsaiti hesabına xaricdə təhsil hətta ən zəngin dövlətlər üçün nadir hadisədir. Müstəqil Azərbaycan üçün bu fakt əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan ənənəni dövlətimizin başçısının davam etdirməsini xalqımızın gələcəyi üçün yönəlmiş tarixi addım kimi dəyərləndirilməlidir. Bu gün Proqramın məzunu olmuş 634 nəfərin bir qismi müxtəlif dövlət qurumlarında, ali təhsil müəssisələrində və özəl sektorda məsul vəzifələrdə çalışır, bir qismi isə təhsillərini növbəti səviyyədə uğurla davam etdirirlər. Proqramın icra müddəti növbəti ildə sona çatdığı üçün hazırda tapşırığınızla yeni proqramın layihəsi üzərində iş gedir. Burada prioritet yalnız azərbaycanlı tələbələrin xarici universitetlərə göndərilməsi deyil, göstərişinizə uyğun olaraq, həmçinin xarici mütəxəssislərin elmi-pedaqoji kadrların Azərbaycanın ali təhsil müəssisələrinə cəlb edilməsi olacaqdır. Eyni zamanda, xarici universitetlərdə dərs deyən azərbaycanlı professorların vətənə qayıtmasını stimullaşdırmaq üçün hazırlıq işi aparılacaqdır. Bununla bağlı xaricdə çalışan elmi- pedaqoji kadrlarımız haqqında məlumat bazasının yaradılmasına başlanmışdır.

Bugünkü dünya rəqabət dünyasıdır. Uşaqlarımızın gələcək rəqibləri hazırda Çində, ABŞ-da, Çilidə və istənilən digər ölkədə böyüyürlər. Deməli bizim təhsil sistemimiz çevik və ömür boyu öyrənmək imkanlarına malik kadrları formalaşdırmağı bacarmalıdır. Belə vəziyyət yaxşı təhsil alanların vətənində öz potensialını tam realizə etməsi və bununla ölkənin inkişafına töhfə verə bilməsini təmin edən təhsil sisteminin və təhsil mühitinin yaradılması vəzifəsini qarşımızda qoyur. Ali təhsil müəssisələrinin müasirləşdirilməsi istiqamətində bir sıra islahatların aparılması zəruridir. Ali məktəblərin nizamnamələri yenidən işlənməli, rektorların və digər idarəetmə strukturlarının hesabat müddəti, məsələn, 5 ildən bir tərtib olunmalıdır. Bu, bir tərəfdən şəffaflığın təmin olunması baxımından irəli atılmış addım olacaq, digər tərəfdən onların fəaliyyətinin davam etdirilməsi üçün əsas kimi çıxış edəcəkdir. Növbəti tədris ilindən başlayaraq ali təhsil müəssisələri üzrə "sabah qrupları"nın, yəni, savadlı, bacarıqlı və hazırlıqlı tələbələrdən ibarət qrupların təşkili nəzərdə tutulur. Bu yeniliyin məqsədi təhsildə göstəriciləri ilə fərqlənən tələbələrə yüksək keyfiyyətli təhsil almaq üçün əlverişli şəraitin yaradılmasından ibarətdir. Bu layihə 32 ali təhsil müəssisəsində 52 ixtisas üzrə təhsil alan 20 min tələbəni əhatə edəcəkdir. Növbəti akademik ildən başlayaraq nazirlik öz imkanları hesabına ali təhsildə pilot layihə kimi tələbə qrantları və kreditləri sisteminin işə salınmasını planlaşdırır. Layihə uğurlu olduğu halda bununla bağlı müvafiq dövlət proqramı hazırlanacaqdır.

Möhtərəm cənab prezident!

Təhsil sisteminin sürətli transformasiyasına nail olmaq barədə göstərişinizin icrasının təmin edilməsi üçün idarəetmənin təkmilləşdirilməsi istiqamətində Təhsil Nazirliyinin Aparatında struktur dəyişiklikləri edilmişdir. Təhsil sistemindəki mənfi hallarla mübarizənin gücləndirilməsi məqsədilə daxili nəzarət şöbəsi yaradılmış və daxil olan siqnalların birbaşa həmin şöbədə araşdırılması təmin edilmişdir. Ciddi nöqsanlara yol vermiş 15 təhsil müəssisəsinin rəhbəri vəzifəsindən azad edilmiş, 21 şəxs barəsində digər intizam tənbehi görülmüşdür. İki hal üzrə toplanmış materiallar araşdırılmaq üçün hüquq-mühafizə orqanlarına göndərilmişdir. Nəticədə aparılan statistika göstərmişdir ki, korrupsiya faktları ilə bağlı nazirliyə daxil olan müraciətlərin sayı bir neçə dəfə azalmışdır. Bundan çıxış edərək bildirirəm ki, təhsil məsələlərində baş verən mənfi hallara qarşı Sizin tapşırığınıza əsasən Təhsil Nazirliyinin mövqeyi gələcəkdə də barışmaz olacaq, təhsil sistemində mövcud mənfi hallarla mübarizədə ardıcıl yanaşma tətbiq ediləcəkdir.

Möhtərəm cənab Prezident!

Sizi əmin etmək istərdim ki, ölkəmizin tərəqqisi və davamlı inkişafı naminə həyata keçirdiyiniz strateji kurs respublikanın çoxmilli təhsil kollektivi tərəfindən dəstəklənir və gələcəkdə də dəstəklənəcəkdir.

Azərbaycan Prezidenti İlham Əliyevin yekun nitqi


- İkinci rübdə və ilin sonuna qədər görüləcək işlər çoxdur. Biz bu işlərin hamısını yüksək səviyyədə görməliyik. İlk növbədə, Dövlət İnvestisiya Proqramı tam şəkildə icra edilməlidir. Bu il bu İnvestisiya Proqramı kifayət qədər böyükdür. İnvestisiyalar ölkəmizin hərtərəfli inkişafına xidmət göstərir və güclü iqtisadi potensialımızın artırılmasına yönəlibdir.

İnfrastruktur layihələri proqram üzrə aparılır və aparılmalıdır. Hələ ki, biz infrastruktur layihələrini tam şəkildə başa çatdıra bilməmişik. Ancaq bu istiqamətdə müsbət irəliləyiş vardır. Bu il də ənənəvi olaraq qazlaşdırma, kənd yollarının, su və kanalizasiya xətlərinin çəkilişi layihələri icra ediləcəkdir və əslində icra edilir. Bəzi rayonlarda bu layihələr başa çatıb. Bəzi rayonlarda isə hələ ki, işlər davam edir. İçməli su və kanalizasiya layihələri hazırda əsas prioritet məsələdir. Çünki elektrik enerjisi ilə təminat, qazlaşdırma sahəsindəki işlərin böyük əksəriyyəti artıq görülübdür. Hazırda kənd yolları, içməli su və kanalizasiya layihələri daha da böyük investisiya tələb edir. Eyni zamanda, bu yaxınlarda Prezidentin ehtiyat fondundan artezian quyularının qazılması üçün əlavə vəsait ayrılmışdır. Bu da insanları içməli su ilə təmin etmək üçün çox önəmli bir addım olacaqdır.
Bir sözlə, bu məsələlər Dövlət İnvestisiya Proqramında öz əksini tapıbdır, icra edilməlidir, maliyyə problemlərimiz yoxdur. Eyni zamanda, sosial infrastruktur layihələri icra edilir. Biz burada da keyfiyyətə üstünlük verməliyik. Məktəblərin, xəstəxanaların tikintisi ən yüksək səviyyədə aparılmalıdır. Əminəm ki, Dövlət İnvestisiya Proqramının tam həcmdə icrası bu il də təmin ediləcəkdir.

Sosial proqramların icrası da dövlət büdcəsində nəzərdə tutulub. Bu, dediyim kimi, daimi bir prosesdir. Biz çalışmalıyıq ki, insanlarımız sosial təminat baxımından əziyyət çəkməsinlər. Xüsusilə aztəminatlı ailələr üçün sosial dəstək daha da təsirli olmalıdır.

İnvestisiya Proqramımız böyük olduğuna görə biz əlbəttə ki, makroiqtisadi vəziyyətə də daim diqqət yetirməliyik. Hazırda makroiqtisadi sabitlik təmin edilir, inflyasiya cəmi 2 faizdir. Ümid edirəm ki, ilin sonuna qədər inflyasiyanı bu səviyyədə saxlaya biləcəyik. Deyə bilərəm ki, Azərbaycan nadir ölkələrdəndir ki, giriş sözümdə dediyim kimi, əhalinin pul gəlirləri inflyasiyanı daim üstələyir - 2 dəfə, 3 dəfə. Amma bu, daimi üstələmədir. Bu göstərici sadəcə olaraq gözəl bir iqtisadi parametr deyil, bu, əslində insanların gündəlik həyatında böyük rol oynayan bir amildir.
Biz çalışmalıyıq ki, xarici investisiyaları ölkəmizin inkişafı üçün lazım olan, prioritet təşkil edən sektorlara cəlb edək. Bizdə xarici investisiyalar daha çox neft-qaz sektoruna qoyulur. Bu da təbiidir. Artıq 20 ildir bu, belədir. Yəqin, nəzərə alsaq ki, biz indi böyük enerji layihələrini icra edirik, belə də olacaqdır. Ancaq biz çalışmalıyıq ki, digər sektorlara da xarici və özəl investisiyaları daha böyük həcmdə cəlb edək. Çünki hazırda infrastruktur layihələrinin icrasına dövlət investisiyaları qoyulur. Biz dövlət kreditlərindən istifadə edərək iqtisadiyyatın real sektorlarını da canlandırırıq. Ancaq çalışmalıyıq ki, xarici investisiyaları sənaye inkişafının artırılmasına, kənd təsərrüfatına, turizm, xidmət, İKT sektorlarına da cəlb edək. Əlbəttə ki, bu, o qədər də asan məsələ deyildir. Çünki hələ ki, dünyanı bürümüş iqtisadi və maliyyə böhranının fəsadları yaşanır, hələ aparıcı dünya iqtisadiyyatlarının iqtisadi inkişafı onlar üçün lazımi səviyyədə təmin edilməyib. Ona görə xarici investisiyaları cəlb etmək o qədər də asan məsələ deyildir. Nəzərə almalıyıq ki, dünyanın əksər ölkələri bu işlərlə məşğuldur. Ancaq biz elə bir şərait yaratsaq və ümumiyyətlə, Azərbaycanda islahatlarla, biznes mühitinin yaxşılaşdırılması və ümumi inkişafla bağlı mənzərə çox müsbət olduğu üçün hesab edirəm ki, əgər bu məsələləri düzgün təşkil etsək, biz xarici investisiyaları daha çox lazım olan sahələrə yönəldə bilərik. Biz bu məsələlər ətrafında işləməliyik.
Sahibkarlığın inkişafı ilə əlaqədar işlər artıq yolundadır. Həm maliyyə resursları, həm məsləhət, tövsiyə xarakterli tədbirlər görülür ki, sahibkarlar aldığı güzəştli kreditlərdən daha da səmərəli şəkildə istifadə etsinlər. Bu, əlbəttə ki, emal sənayesinin, kənd təsərrüfatının inkişafında özünü gələcəkdə də göstərəcəkdir.

Ərzaq təhlükəsizliyi məsələləri bu sahədə prioritet təşkil edir. Eyni zamanda, hesab edirəm ki, biz Azərbaycanda istehlak edilən və istehsalı mümkün olan digər məhsulların istehsalı ilə ciddi məşğul olmalıyıq. Onların arasında tikinti materiallarının istehsalı hesab edirəm ki, diqqəti çəkməlidir. Çünki istehsalı mümkün olan bütün məhsullar Azərbaycanda istehsal edilməlidir və biz idxaldan asılılığımızı azaltmalıyıq. İlk növbədə, iqtisadiyyatı inkişaf etdirmək və yeni iş yerlərini yaratmaq üçün. Eyni zamanda, biz ixrac imkanlarımızı da artırmalıyıq. Mən əminəm ki, indi kənd təsərrüfatı ilə bağlı aparılan islahatlar - məhsuldarlığın artırılması, subsidiyalarda şəffaflığın təmin edilməsi, kənd təsərrüfatı texnikasının daha da böyük həcmdə alınması və digər tədbirlər nəticəsində bizdə daha da böyük ixrac potensialı yaranacaq və bizim artan daxili tələbat Azərbaycanda istehsal olunacaq kənd təsərrüfatı məhsullarını həzm edə bilməyəcəkdir. Ona görə ixrac imkanlarımızı artırmalıyıq. İxraca çıxarılan məhsullar ən yüksək dünya standartlarına cavab verməlidir. Biz yeni ixrac bazarları axtarmalıyıq və o bazarlara çıxmalıyıq.

Belə olan halda biz gələcəkdə sahibkarlığın və kənd təsərrüfatının yüksəlişi üzrə çox dinamik inkişaf yolu ilə gedəcəyik, bu inkişafı təmin edəcəyik. Çünki bizim üstünlüyümüz ondan ibarətdir ki, Azərbaycanda demoqrafik vəziyyət çox müsbətdir, əhalimiz ildən-ilə artır. Son məlumata görə artıq 9 milyon 500 min səviyyəsinə çatıbdır. Ermənistanı götürsək, hər il Ermənistanı təxminən 80-100 min arası insan tərk edir və bu ilin birinci rübünün statistikasına görə, 20 mindən çox insan tərk edibdir. Əlbəttə bu, depopulyasiyadır. Bir müddətdən sonra orada ümumiyyətlə, 1 milyondan az əhali olacaq. Ancaq olmayan iqtisadi inkişafı, necə deyərlər, təmin etmək üçün bu, onlar üçün əlverişlidir. Çünki əgər fərz etsək ki, Ermənistanda da Azərbaycandakı kimi əhali artır, onda tamamilə müflisləşmə baş verəcəkdir və səfalət daha da böyük ölçülərlə ölçüləcəkdir. Baxmayaraq ki, bu gün də yoxsulluq səviyyəsində yaşayanların sayı Ermənistanda 35 faizdir. Yəni, demək istəyirəm ki, kənd təsərrüfatının inkişafı Azərbaycanda müsbət demoqrafik dinamikanı da nəzərə almalıdır.

Mən regionların sosial-iqtisadi inkişafı ikinci Dövlət Proqramını müzakirə edərkən bu məsələlərlə bağlı kifayət qədər geniş danışmışam, tapşırıqlarımı vermişəm. Əlavə sözlərə ehtiyac yoxdur. Sadəcə, demək istəyirəm ki, kənd təsərrüfatında aparılan islahatları dərinləşdirmək üçün yaxın günlərdə yeni Sərəncam imzalanacaq və əminəm ki, bu Sərəncamın çox müsbət təsiri olacaqdır.
Bizim ümumi daxili məhsulumuzun böyük hissəsini bu gün qeyri-neft sektoru təmin edir. Bu, müsbət haldır və iqtisadi şaxələndirmə siyasətimizin nəticəsidir. Ancaq əgər biz ixrac strukturuna baxsaq, görərik ki, burada mütləq əksəriyyət neft-qaz sektorunun payına düşür. Yəqin ki, bu, təbiidir. Çünki bu rəqəmlər və hasilat o qədər böyükdür ki, əlbəttə, qeyri-neft sektoru bu templərlə ayaqlaşa bilmir. Ancaq yenə də çalışmalıyıq ki, biz qeyri-neft ixrac potensialımızı artıraq, gücləndirək. Buna nail olmaq üçün keyfiyyət yüksək olmalıdır, əlavə məhsul istehsal edilməlidir. Biz yeni bazarlara çıxmalıyıq və çıxacağıq.

Bildiyiniz kimi, 2014-cü il "Sənaye ili" elan edilmişdir və sənayeləşmə ilə bağlı düşünülmüş siyasət aparılır. Mən artıq bu barədə danışmışam. Bir daha demək istəyirəm ki, hər bir rayonda sənaye zonaları yaradılmalıdır. Fevral ayında bu göstəriş verilmişdir və bu göstəriş icra edilməlidir. Əlbəttə ki, bizim əsas sənaye mərkəzlərimiz müəyyən edilib. Bu, ənənəvi mərkəzlərdir. Bakı, Sumqayıt, - Sumqayıt nəinki Azərbaycanın, Cənubi Qafqazın ikinci böyük sənaye şəhəridir, - Gəncə, Mingəçevir şəhərləri bizim əsas sənaye mərkəzlərimizdir. Ancaq dediyim kimi, bütün rayonlarda sənaye zonaları yaradılmalıdır və sənayenin inkişafı daha da sürətlə getməlidir.

Nəqliyyat sektorunun inkişafı ilə bağlı demək istəyirəm ki, yaxın günlərdə Heydər Əliyev Beynəlxalq Aeroportunun yeni aerovağzal kompleksi istifadəyə veriləcəkdir. Bu, dünya miqyasında ən gözəl aerovağzal komplekslərinin arasında olacaqdır, həm xarici görünüşü, həm daxili rahatlığı çox gözəldir, ən yüksək standartlara cavab verir. Nəzərə alsaq ki, Azərbaycanda çoxsaylı beynəlxalq tədbirlər artıq adi hal alıbdır, əlbəttə, bu aeroportun ölkəmizin ümumi inkişafında rolu çox böyük olacaqdır. Bu, ölkəmizə bir giriş qapısıdır. Əlbəttə, yeni aerovağzal kompleksinin tikintisi hesab edirəm ki, tarixi hadisədir.

Magistral yolların tikintisi qrafik üzrə davam edir. Biz burada da əsas diqqəti keyfiyyətə yönəltməliyik. Çünki magistral yollarımızın əksəriyyəti tikilib, indi işlər davam edir. Ancaq keyfiyyət ön planda olmalıdır.

Dəmir yolumuzun bərpası layihəsi aparılır, yeni vaqonlar, elektrovozlar alınmalıdır. Müvafiq göstərişlər verilibdir. Əlbəttə ki, dəmir yolumuzun inkişafı ilə bağlı Dövlət Proqramı icra edilir.

Bu ilin yay aylarında yeni tikilən beynəlxalq dəniz limanının birinci mərhələsi artıq tamamlanmalıdır. Bu, böyük bir layihədir. Ələtdəki liman Xəzər dənizində ən böyük beynəlxalq dəniz limanı olacaqdır. Qarşıya vəzifə qoyulubdur ki, bu ilin yayında artıq limanın birinci hissəsi istifadəyə verilsin. Ondan sonra ikinci mərhələdə işlər davam etsin.

Hesab edirəm ki, buna nail olmaq mümkündür. Belə olan halda indiki dəniz limanı şəhərin mərkəzindən köçürüləcəkdir və onun yerində ictimai yerlər yaradılacaqdır. Onsuz da artıq o limandan Zığ istiqamətinə yeni bulvar - Ağ şəhər bulvarı salınır. Onun indiki uzunluğu təqribən 2 kilometrdən bir qədər çoxdur. Orada yeni ictimai zonalar yaradılır. Əlbəttə ki, oradan limanın mümkün qədər tez köçürülməsi imkan yaradacaq ki, tezliklə biz o zonanı da vətəndaşların sərəncamına verək. Oradan dəmir yolu xətləri də çıxarılacaqdır. Səkkizzolaqlı sahil avtomobil yolu, gözəl bulvar tikilir. Yəni, onsuz da yeni beynəlxalq dəniz limanı yaxın zamanlarda tam fəaliyyətə başlayacaqdır. Amma heç olmasa, birinci mərhələni biz yay aylarında artıq istifadəyə verməliyik.

Şəhər nəqliyyatı ilə bağlı əlavə tədbirlər görüləcəkdir. Metro tikintisi sürətlə gedir. Bildiyiniz kimi, biz metro stansiyalarının sayını 70-ə çatdırmaq əzmindəyik. Buna nail olacağıq. Bütün işlər qrafik üzrə gedir. Şəhərə ən yüksək standartlara cavab verən yeni sərnişin avtobusları gətiriləcəkdir. Bakıda yeraltı parkinqlər tikilibdir. Bu da tıxac probleminin həllinə bir dəstəkdir. Yerüstü parkinqlər də yaradılmalıdır. İnkişaf etmiş şəhərlərdə olduğu kimi, bizdə də yaxın aylarda küçələrdə parkinq avtomatları quraşdırılacaqdır ki, insanlar maşınlarını orada rahat park edə bilsinlər. Bu sahədə də şəffaflıq təmin edilməlidir.

Bakı gözəl, müasir, inkişafda olan şəhərdir. Əlbəttə ki, inkişaf etmiş ölkələrdə heç bir şəhərdə küçələrdə əlində çubuq parkinqlə məşğul olan tənzimləyiciləri görmək mümkün deyildir. Bu, bizə yaraşmır, yaraşmaz. Özü də heç kim bilmir ki, onlar harada işləyirlər, yığdıqları pulları hara verirlər, kimə ötürürlər. Mən başa düşürəm ki, indi yerüstü parkinq olmadığı üçün bunların sürücülərə köməyi dəyir. Bunu başa düşürəm. Ona görə hesab edirəm ki, biz təmkinli olmalıyıq. Amma normal, şəffaf park avtomatları quraşdırılandan sonra əlbəttə ki, əlində çubuq olan vətəndaşları biz gərək digər işlərlə təmin edək.

Bizim bu il ordu quruculuğu ilə bağlı böyük proqramlarımız vardır. Tikintilərlə bağlı proqram vardır, nəinki silah-sursat alınır, eyni zamanda, tikinti işləri aparılır. Mən onların arasında Hərbi Dəniz Qüvvələri bazasını xüsusilə qeyd etmək istəyirəm. Artıq neçə ildir ki, bu böyük baza tikilir. Ümid edirəm ki, biz bu il bu bazanı artıq açacağıq. Digər hərbi şəhərciklərdə tikinti-quraşdırma işləri aparılır. Yeni hərbi bazalar tikilir. Bütün şəhərciklərdə, hərbi hissələrdə, hərbi bazalarımızda ən yüksək standartlar tətbiq edilir. Çünki bizim zabitlərimiz, əsgərlərimiz yaxşı şəraitdə xidmət göstərməlidirlər.

Ümid edirəm ki, yaxın illərdə bir dənə də köhnə, dağılmış, qəzalı vəziyyətdə hərbi hissə, yaxud da ki, tikili olmayacaqdır. Əfsuslar olsun ki, bu sahəyə əvvəlki illərdə diqqət göstərilmirdi. Biz bunu açıq deməliyik. Bizim əsgərlərimiz, zabitlərimiz ən yüksək şəraitdə xidmət aparmalıdırlar və yaşamalıdırlar. Ona görə qarşıya vəzifə qoyulub və vəsait ayrılıb ki, qısa müddət ərzində, bəlkə də növbəti iki il ərzində hərbi hissələrdə bir dənə də qəzalı, yararsız, köhnə tikili olmasın.

Eyni zamanda, hesab edirəm ki, biz yeni tikilmiş gəmiqayırma zavodundan da bu məqsədlər üçün istifadə etməliyik. Çünki bildiyiniz kimi, bu zavodda istənilən gəmi istehsal oluna bilər. Artıq zavoda ilkin sifarişlər də verilməyə başlamışdır. Hesab edirəm ki, Müdafiə Nazirliyi də hərbi gəmilərin tikintisi ilə bağlı bu zavoda sifariş verməlidir. Əlbəttə ki, Maliyyə Nazirliyi bu məsələnin maliyyə tərəfini təmin etməlidir. Hesab edirəm ki, biz bu il artıq bu işə başlamalıyıq. Çünki gəminin tikintisi çox vaxt aparacaqdır. Biz burada da vaxt itirməməliyik ki, həm zavod tam gücü ilə işləsin, həm də biz hərbi donanmamızı müasirləşdirək.

Bu il məcburi köçkünləri evlərlə təminetmə proqramı davam etdiriləcəkdir. Keçən il 20 mindən çox köçkün yeni evlərə, mənzillərə köçmüşdür. Bu il də ən azı 20 min köçkün köçəcəkdir. Bu proqram icra edilir, davam etdirilir. Yerlər müəyyən edilibdir. Burada heç bir yubanma, ləngimə ola bilməz. Maliyyə problemi də ola bilməz. Ona görə burada hər şey qrafik üzrə gedir.

Qarabağ müharibəsi veteranlarının və əlillərin problemləri həll edilir. Bir müddət bundan əvvəl imzaladığım Sərəncam əsasında bu kateqoriyadan olan 80 min insanın sosial təminatı yaxşılaşdırılmışdır. Bu proses davam etdiriləcəkdir. Müharibə veteranları, müharibə əlilləri, şəhid ailələri üçün daha da yaxşı şərait yaradılacaqdır. Bilirsiniz ki, evlər tikilib, mənzillər paylanır, əlillər üçün minik maşınları nəzərdə tutulubdur. Ümid edirəm ki, bu il növbədə dayanan müharibə əlilləri və şəhid ailələri minik maşınları ilə tam şəkildə təmin ediləcəklər. Növbəti üç-dörd il ərzində növbədə dayanan şəhid ailələrinin və müharibə əlillərinin hamısı yeni mənzillərlə və fərdi evlərlə təmin ediləcəkdir. Bu göstəriş verilibdir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi bu işlərlə məşğuldur. Dövlət investisiya xərclərində də bu məsələ nəzərə alınmalıdır.

Neft-qaz sektorunda işlər yaxşı gedir. Həm ölkə daxilində, həm xarici tərəfdaşlar burada investisiyaları artırırlar. Yeni tikilən platformalar, qazılan quyular bizim enerji potensialımızı artırır. Qazlaşdırma prosesi də uğurla gedir və əminəm ki, biz istədiyimiz rəqəmə yaxın zamanlarda çatacağıq.

Əlbəttə ki, TANAP layihəsinin icrası artıq başlamışdır. TANAP layihəsi XXI əsrin layihəsidir. "Şahdəniz-2", TANAP və TAP Avropanın ən böyük infrastruktur layihələridir. Artıq tenderlər elan edilibdir. Ümid edirəm ki, yaxın zamanlarda biz tikintiyə başlayacağıq. Artıq keçən ilin sonlarında bu layihəyə start verildi. Hazırlıq işləri başlamışdır. Azərbaycan bu layihənin icrasında liderlik keyfiyyətlərini nümayiş etdirir. Hesab edirəm, tam əminəm və bilirəm ki, bizim siyasətimiz, enerji siyasətimiz, cəsarətli siyasət olmasa idi, bu layihə heç vaxt reallaşa bilməzdi. Bu layihələrin təşəbbüskarı Azərbaycandır. Əsas rol oynayan da Azərbaycandır. Bütün riskləri Azərbaycan öz üzərinə götürübdür. Maliyyə risklərini, texniki risklərin hamısını Azərbaycan öz üzərinə götürüb. Əminəm ki, biz bu layihəni də uğurla icra edəcəyik.

Çünki bu günə qədər təşəbbüskarı olduğumuz bütün enerji layihələrində biz uğur qazanmışıq. Bakı-Supsa, Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum neft-qaz layihələri artıq reallıqdır. Uzun illər fəaliyyət göstərir. Ona görə əminəm ki, biz bu böyük layihələri də şərəflə icra edəcəyik.

Ətraf mühitin qorunması ilə bağlı bir neçə söz demək istərdim. Bir neçə il bundan əvvəl Azərbaycanda "Ekologiya ili" elan edilmişdi. Xatırlayıram, o vaxt biz "Ekologiya ili"ndə görülən işləri müzakirə edərkən mən demişdim ki, "Ekologiya ili" hər il olmalıdır. Çünki ətraf mühit, xüsusilə Bakı və Abşeron yarımadası üçün əsas məsələlərdən biridir. Burada illər, əsrlər boyu neftlə çirklənmiş gölməçələr, yerlər, ekoloji cəhətdən məqbul olmayan mənzərə vardır. Biz son illərdə bu istiqamətdə çox böyük işlər görmüşük. Çünki neft hasilatı Azərbaycanda artıq 200 ilə yaxındır ki, aparılır. Ancaq əfsuslar olsun ki, ekoloji vəziyyətə diqqət lazımi səviyyədə olmamışdır. Yadınıza salın, Bibiheybət buxtası nə gündə idi, bir fəlakət mənzərəsi idi. İndi ora tamamilə təmizlənib. Buruqlar yerində qalıb, ətrafı təmizlənib. İndi göstəriş vermişəm ki, orada, o buruqların arasında ağacəkmə kampaniyası da başlasın. Biz oranı yaşıllıq zonaya çevirməliyik. Şəhərin mərkəzində yod zavodu fəaliyyət göstərirdi. Sonra fəaliyyəti dayandırılmışdır. Ancaq orada qalan o yod çöküntüləri ətraf mühitə nə qədər böyük ziyan vururdu. Biz oranı da təmizlədik, o məsələ də ən yüksək səviyyədə öz həllini tapmışdır. Balaxanı zibilxanası yanırdı, tüstü verirdi. O tüstü bütün şəhəri bürümüşdü, nəfəs almaq mümkün deyildi. Nəinki Balaxanı sakinləri, bütün şəhər o tüstüdən əziyyət çəkirdi. Biz oranı da təmizlədik. İndi poliqonda bir dənə də olsun tullantı, zibil yoxdur. Ağaclar əkilib, tüstü də yoxdur. Böyük maliyyə vəsaiti hesabına zibilyandırma zavodu tikilib fəaliyyət göstərir. Yəni, belə misallar çoxdur. Ağacəkmə kampaniyası zamanı on milyondan çox ağac əkilibdir və bu proses davam etdirilir.

Ona görə biz ekoloji vəziyyətlə bağlı məsələləri daim diqqət mərkəzində saxlayırıq. Ancaq ictimaiyyəti də, məni də narahat edən məsələ ağacların kəsilməsi məsələsidir. Buna yol vermək olmaz. Hesab edirəm ki, biz burada daha da ciddi məsuliyyət tətbiq etməliyik. Ağackəsmə tam şəkildə dayandırılmalıdır. Ancaq nadir hallarda, o da Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəyi ilə haradasa ağac ya köçürülə, ya kəsilə bilər. Ona görə mən dəfələrlə bu məsələlərlə bağlı öz fikrimi bildirmişəm. Deyə bilərəm ki, vəziyyət əvvəlki illərə nisbətən daha da müsbətdir. Ancaq biz istədiyimizə tam şəkildə nail ola bilməmişik. Gecə vaxtı gəlirlər, qanunsuz olaraq ağacları kəsirlər, yerləri düzəldirlər ki, ev tiksinlər. Bu, vicdansızlıqdır, bu, biabırçılıqdır, bu, cinayətdir.

Ona görə aidiyyəti qurumlar təklif versinlər, biz ağacları kəsənlərə qarşı daha da ciddi tədbir görməliyik. Onlar məsuliyyətə cəlb edilməlidir. Bir daha demək istəyirəm ki, şəhərdə bir dənə də olsun ağac Ekologiya və Təbii Sərvətlər Nazirliyinin icazəsi, rəyi olmadan kəsilə bilməz. Bu, mənim son xəbərdarlığımdır. Biz bu aydan başlayaraq "Avro-4" standartına keçmişik. Bu da əminəm ki, havanın tərkibini böyük dərəcədə yaxşılaşdıracaqdır. Çünki verilən məlumata görə, havanı çirkləndirən əsas amil sənaye müəssisələri yox, maşınlardır. Burada "Avro-4" standartının tətbiq edilməsi hesab edirəm ki, bunun qarşısını alacaqdır. Eyni zamanda, əlbəttə biz bunu da deməliyik ki, Azərbaycanda istehsal olunan yanacağın keyfiyyəti də yaxşılaşdırılmalıdır. Bakıda yeni neftayırma zavodunun tikintisi nəzərdə tutulur, tikiləcəkdir, ancaq bu, vaxt aparacaqdır. Haradasa bəlkə 3 il-4 il vaxt aparacaqdır. Çalışmalıyıq və hökumət də öz təkliflərini versin ki, o tikilənə qədər Azərbaycanda istehsal olunan yanacağın keyfiyyətini biz necə yaxşılaşdıra bilərik. Hesab edirəm ki, biz bu məqsədlər üçün də maliyyə resursları ayıra bilərik.

Bakıda mövcud olan göllərin təmizlənməsi proqramı da artıq başlayır. Bu göllərin siyahısı mənə verilibdir. Burada 9 göl vardır. Amma bu gölləri heç göl adlandırmaq da düzgün deyildir. Çünki göl təbii, təmiz bir su hövzəsidir, bu göllər isə ekoloji fəlakət mənzərəsidir. İllər boyu bu göllərə kanalizasiya, çirkab suları, neftlə çirklənmiş sular, lay suları axıdılıb. Bu göllər şəhərin içində, şəhərin mərkəzində bir ekoloji fəlakətdir. Ona görə bu məsələ ilə bağlı artıq bütün göstərişlər verilibdir. Biz daha bundan sonra bu vəziyyətlə barışa bilmərik. Bu məqsədlər üçün nə qədər lazımdırsa, o qədər də vəsait ayrılacaqdır. Bu çirkab su hövzələrini biz təmiz göllərə çevirəcəyik. Bakı indi parklar şəhəridir. Bakı olacaq təmiz göllər şəhəri. Bu vəzifəni mən bu gün qarşıya qoyuram və hesab edirəm ki, biz tezliklə bu işlərə başlamalıyıq. Sözün düzü, artıq biz başlamışıq. Bu sahədə təcrübəsi olan xarici şirkətlərlə artıq müqavilələr də bağlanıbdır. Biz ən ağır, ekoloji və texniki cəhətdən ağır olan layihədən başlamışıq. Bu da Böyükşor gölünün təmizlənməsidir. Böyükşor gölünün ərazisi 11 kvadratkilometrdir. Yəni, min hektardan böyükdür. Böyükşor gölünü biz hələlik iki yerə bölürük. Bənd tikiləcəkdir. Bu bənd, eyni zamanda, avtomobil yolu olacaqdır. Həm nəqliyyat üçün, həm bu təmizləmə işlərini mərhələlərə bölmək üçün biz bu işləri görürük.
Birinci mərhələdə gölün tikilən Olimpiya Stadionuna yaxın olan hissəsi təmizlənəcəkdir. O sahənin ərazisi 300 hektardır. Orada təmiz, şəffaf su olacaqdır. Gölün ətrafında gözəl bulvar tikiləcəkdir. Bizim Dənizkənarı Bulvarımız vardır. İndi, bundan sonra Böyükşor Bulvarımız da olacaqdır və gözəl yaşıllıqlar salınacaqdır, ağaclar, kollar əkiləcəkdir, istirahət zonaları və təmiz bir göl olacaqdır.

İkinci mərhələdə isə gölün qalan böyük hissəsi də təmizlənəcəkdir. Beləliklə, biz şəhərimizdə yeni, gözəl istirahət, sağlamlıq zonası yaradacağıq. Dediyim kimi, bir neçə ildən sonra Bakı təmiz, gözəl göllər şəhəri kimi artıq öz sözünü deyəcəkdir. Düzdür, burada görüləsi işlər çoxdur, doqquz göldən söhbət gedir, - ancaq çalışmalıyıq ki, növbəti 5 ya 6 il ərzində yerinə yetirək. Əlbəttə ki, bütün bu işlər dövlət büdcəsində nəzərə alınmalıdır. Maliyyə resursları burada əlbəttə ki, təmin ediləcəkdir və bütün işlər ən yüksək səviyyədə aparılmalıdır.

Nəhayət, biz artıq bu il birinci Avropa Oyunlarına hazırlığın həlledici mərhələsinə qədəm qoyuruq. Bütün işlər cədvəl üzrə gedir. Bu yaxınlarda Avropa Olimpiya Komitəsinin prezidenti və Koordinasiya Komitəsi Bakıda idilər. Bakıda hazırlıqla bağlı gedən işlərə çox yüksək qiymət verdilər. Bütün idman obyektlərində tikinti işləri gedir. Olimpiya Stadionu, Su İdmanı Sarayı, Gimnastika Arenası, Atıcılıq Mərkəzi tikilir, digər obyektlərdə təmir işləri aparılır, yollar çəkilir. İdmançılar üçün Olimpiya Şəhərciyi demək olar ki, hazırdır. Yəni, biz hazırlıq işlərini davam etdiririk, aparırıq.

Bir daha demək istəyirəm ki, biz bu Oyunları Olimpiya Oyunları səviyyəsində keçirmək istəyirik. Bəziləri bilmirlər ki, bu Oyunlar həm idman növlərinin və həm də idmançıların sayına görə Olimpiya İdman Oyunlarına çox yaxındır. Hazırlıq və tikinti baxımından Qış Olimpiya Oyunlarından daha böyükdür. Bizdə gələn il yarışacaq idmançıların sayı Qış Olimpiya Oyunlarında idmançıların sayından 2 dəfə çoxdur. Ona görə bu böyük bir sınaqdır, böyük bir çağırışdır. Nəzərə alsaq ki, Yay Olimpiya Oyunlarına hazırlıq müddəti 7 ildir, bizdə isə cəmi 2 il yarımdır. Ancaq biz güclü dövlətik, bizdə bütün işlər düzgün təşkil olunur və həll edilir. Güclü siyasi iradə, texniki imkanlarımız vardır, səfərbərlik təmin edilibdir. Yəni, bu Oyunları biz elə keçirəcəyik ki, bu, gələcək Olimpiya Oyunları üçün də nümunə olsun. Azərbaycan özünü dünyaya yenidən müasir, dinamik inkişaf edən, güclü dövlət kimi təqdim edəcəkdir. İlin sonuna qədər görüləsi işlər çoxdur. Bu işləri görmək üçün sizin hamınıza uğurlar arzu edirəm.

Sağ olun!

-----------------
13.04.2014
15:31


Milli.Az AzərTAc-a istinadən xəbər verir ki, aprelin 13-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2014-cü ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclası keçirilmişdir.

Dövlətimizin başçısı iclasda nitq söyləmişdir.

---------
13:49

Milli.Az AzərTAc-a istinadən xəbər verir ki, aprelin 13-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2014-cü ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclası keçirilmişdir.


Milli.Az


Böyütmək üçün şəkillərə klikləyin.



Foto: AzərTAc