Dənizkənarı Milli Park: Avropanın ikinci ən böyük bulvarı 100 yaşını qeyd edir - FOTO

18 Noyabr 2010 10:01
Bakı şəhərinin ən maraqlı və spesifik təbii şəraitə malik yerlərindən biri də bulvardır. Bu məkan Bakı sakinlərinin, qonaqların ən sevdiyi yerlərdən biridir. 1998-ci ildən Milli Park statusu verilən bulvar son 1 ildə dünyanın ən müasir dənizkənarı parklarından birinə çevrilib. Milli.Az xəbər portalının 100 yaşı tamam olan Bakı Bulvarından hazırladığı reportajı təqdim edirik.

Avropada ikinci ən böyük bulvar

Dənizkənarı bulvarın salınması 1909-cu ildə Bakı Şəhər Duması tərəfindən qərarlaşdırılıb. Növbəti ildən parkın salınmasına başlanılıb. Bu, o vaxtlar Dumada çalışan mühəndis Məmməd Həsən Hacınskinin adı ilə bilavasitə sıx bağlıdır. İki il müddətində buraya kənardan münbit torpaq, dünyanın müxtəlif ölkələrindən nadir bitki nümunələri gətirilib.

1950-60-cı illərdə "Mirvari", "Bahar" kafeləri, S.Vurğun adına yay kinoteatrı, "Venesiya" su şəhərciyi və bir çox digər istirahət obyektləri tikilib. 1970-ci illərdə bulvar şərq və qərb istiqamətində genişləndirilib.

Bu gün Milli Parkımız ərazisinin böyüklüyünə görə Parisdə Sena çayı sahilindəki parkdan sonra Avropada ikinci yerdədir. 1998-ci il dekabrın 29-da prezident Heydər Əliyevin sərəncamı ilə dənizkənarı bulvara "Milli Park" statusu verilib.
Son illərdə Dənizkənarı Milli Parkda böyük tikinti və abadlıq işləri həyata keçirilib. Bulvarın ərazisi dənizə doğru bir neçə metr genişləndirilib. Yaşıllıq artırılıb, müxtəlif ölkələrdən gətirilmiş yeni dekorativ ağac və kollar əkilib.

Son illərdə bulvarda attraksionların, kafelərin və səyyar ticarət və xidmət obyektlərinin sayı getdikcə artır. Bu attraksionlarda təhlükəsizlik qaydalarına riayət edilmir. Əsas məsələ tez və çox pul qazanmaqdır. Maraqlıdır ki, bu attraksionların sayı nə qədər artsa da, heç biri müştəri sarıdan korluq çəkmir.

Parkda yeni elektrobuslar, faytonlar, dəniz gəmiləri və sair gəzinti marşrutları işləyir. Səyyar fotostudiyalar, kiçik ticarət köşkləri, müasir kafelər və s. istirahət və əyləncə mərkəzləri fəaliyyət göstərir.

"MDB-nin çox şəhərlərində olmuşam, Bakı bulvarı qədər gözəl parka rast gəlməmişəm"

Parkda apardığımız müşahidələr göstərdi ki, insanların çoxu burada asudə vaxtlarını yalnız gəzinmək və ya skamyada əyləşib söhbət etməklə keçirirlər. Bunun əsas səbəbi bulvardakı kafelərdə, digər əyləncə və istirahət obyektlərində qiymətlərin şəhərin başqa yerlərinə nisbətən xeyli yüksək olmasıdır.

Düzdür, bu obyektlər müştəri sarıdan korluq çəkmir, amma faktdır ki, bu imkanlardan əhalinin böyük hissəsinin yararlanmaq imkanı yoxdur. Söhbət etdiyimiz şəhər sakinləri bulvarda bütün şəraitdən razı qaldıqlarını bildirsələr də, yalnız bahalıqdan gileyləndilər. Onların sözlərinə görə, uşaqların ən sevdiyi məkan da məhz buradır.

İlk həmsöhbətimiz Tapdıq Süleymanov adlı təqaüdçüdür. "Mən həftədə bir-iki dəfə bura gəlirəm. 5-6 il qabaq buralarda sakitlik idi. Son illər bulvara gələnlərin sayı artıb. Şəhər sakinlərinin çoxu uşaqlarını buraya gəzməyə gətirir və balacaların da ən çox sevdiyi yer bulvardır" - deyə bildirdi.

"Milli Parkda daha nəyin olmasını arzu edərdiniz?" - sualına cavab olaraq müsahibimiz bildirdi ki, əvvəllər burada, xüsusilə də şənbə və bazar günləri açıq konsertlər təşkil olunurdu: "Amma son illər bunların heç birini mən görmürəm. Ancaq bayramlarda və əlamətdar günlərdə tədbirlər olur. Niyə başqa vaxtlarda olmasın? Mən MDB-nin çox şəhərlərində olmuşam. İnanın ki, bizim Bakı bulvarı qədər gözəl təbii şəraiti olan parka rast gəlməmişəm. Amma o parklarda tez-tez mədəni-kütləvi tədbirlər keçirilir və imkanlı-imkansız olmasından asılı olmayaraq, bütün insanlar orada iştirak edə bilir. Bizdə isə istirahət obyektlərinin hamısı pulludur, kafelərə yaxın düşmək olmur. Tək elə gəzinti və skamyada oturmaqla asudə vaxtı səmərəli keçirmək olmaz".

Həmsöhbətimiz Milli Parkda fəaliyyət göstərən istirahət və əyləncə obyektlərində bahalıqdan şikayətləndi: "Dəniz havasında gəzintidən sonra adam bərk acır, buradakı kafelərdə yemək və çay çox baha başa gəlir. Adicə, hər yerdə standart qiymətə satılan siqaret, su, tum, şirniyyat kimi mallar burada 2 qat qiymətədir. Yaxşı olardı ki, buna bir əncam çəksinlər".
 
Parkda orta yaşlı nəslin nümayəndələrindən birinə yaxınlaşırıq. Xankəndi şəhərindən məcburi köçkün, hazırda Bakıda yaşayan Arif Sultanlı ali təhsilli tikinti mühəndisidir. "Parka tez-tezmi gəlirsiniz?"- deyə soruşduqda belə cavab verdi: "Bəli, tez-tez gəlirəm. Mən hazırda işsizəm, 20 il iş stajım var. Ümid edirəm ki, bizim tikinti şirkətlərinin təcrübəli tikinti mühəndisinə ehtiyacları olar. Parka tez-tez gəlməyim də elə bekar olmağımla bağlıdır".
"Milli Parkın yeni layihəsi ilə bağlı görülən işləri necə qiymətləndirirsiz?"- deyə sual etdikdə müsahibimiz dedi ki, son vaxtlar parkda xeyli abadlıq və yaşıllıq işləri aparılıb. "O gün qəzetdə oxudum ki, prezidentin tapşırığı ilə bu liman burdan Ələtə köçürülür, bulvarı da xeyli genişləndirəcəklər. Bulvar getdikcə gözəlləşir, təmizlik yüksək səviyyədə təmin olunur" - mühəndis deyir.

Müsahibimizin sözlərinə görə, burada istirahət üçün hər cür şərait var, amma əksər obyektlər imkanlı adamlara məxsusdur: "Çünki buradakı obyektlərdə qiymətlər çox yüksəkdir və heç də hamının bu pulu ödəməyə imkanı çatmır. Yəqin ki, bununla bağlı bir tədbir görülər. Yaxşı olardı ki, Milli Parkda pulsuz fəaliyyət göstərən mədəniyyət və istirahət obyektləri tikilsin".
"Başqa böyük şəhərlərdə olmusunuzmu, onlarla bizdəki durumu necə müqayisə etmək olar?"- sualımızı isə həmsöhbətimiz belə cavablandırdı: "Mən Ukraynanın böyük şəhərlərində olmuşam. Bizim bulvar kimi gözəl park onlarda yoxdur. Amma bizim bulvardakı kimi hər yeri pullu xidmət obyetləri ilə doldurmayıblar. Uşaqların pulsuz əylənməsi üçün yerlər var, ahıllar üçün xüsusi yerlər var".

Bulvara "hazırlıqlı" gəlirlər?

Qeyd edək ki, Milli Parkda ən aşağı giriş haqqı olan attraksionda qiymət 1 manat təşkil edir. Şəhərin başqa parklarında isə həmin attraksionlardan istifadə 50 qəpiyə başa gəlir.

Dəniz sahilində məhəccərə söykənərək suda üzən qayıqlara tamaşa edən yaşlı qadın və balaca uşaq gördük. Onlara yaxınlaşırıq. Nigar Aslanova təqaüdçüdür, 35 il müəllimə işləyib. Bulvarı çox bəyəndiyini dedi: "Bura çox yaxşıdır. Son vaxtlar daha da müasirləşib. Həm təbiəti cəhətdən, həm də maraqlı istirahət yerlərinin çoxluğu cəhətindən şəhərimizdə ən maraqlı yerdir. Mən nəvəmlə tez-tez bura gəlirəm".
"İstirahət və əyləncə obyektlərinin xidmətlərindən istifadə edirsinizmi?" - deyə soruşduqda isə bildirdi ki, burada hər şey çox bahadır. Ona görə də, əsasən piyada gəzinti və dənizi seyr etməklə kifayətlənməli olur. Xalidə xanım burada satılan adi şirniyyat, su, tum, yayda dondurma kimi ərzaq məhsullarının da başqa yerlərdən baha olduğunu deyir. "Bu satıcılar belə edir deyə, mənim kimi xeyli adam da bura gələndə istədiklərini qabaqcadan mağazadan alırlar. Ağılları olsa, normal qiymətə satarlar, hamı da onlardan alar. 5 mal satıb 1 manat qazanmaqdansa, 15 mal satıb 2 manat qazanmaq yaxşı deyilmi?"

"Kafedə bir fincan çay içmək 10-15 manata başa gəlir"

Bakı bulvarı o qədər cəlbedici yerdir ki, hətta soyuq hava şəraitində belə burada istirahətə gələnlər az olmur. Oturacaqda əyləşmiş bir cavan oğlana yaxınlaşırıq. Jurnalist olduğumuzu biləndə danışmağa etiraz etmədi.
Elnur Bayramov - 32 yaşı var, bank işçisidir. "Bura tez-tezmi gəlirsiniz" - deyə sorduq. "Axşamlar. İşdən çıxanda gəlib burada istirahət edirəm. Elə bu skamyada əyləşib qəzet oxuyuram. Hansısa kafedə oturub çay içmək istəyəndə çayın yanında 5-6 cür çərəz gətirib zorla qoyurlar qabağına. Yəni, 1 fincan çay içmək adama 10-15 manata başa gəlir" - deyə gileyləndi.

Milli Parkda görülən işləri bəyənirsinizmi?" - soruşduq. "Yaxşıdır, abadlıq, təmizlik işləri gedir. Müasir fəvvarələr və başqa obyektlər tikiblər. Bura çox gözəldir, təkcə havası nəyə desən dəyər. Şəhərdə oksigen çatışmır, burada isə rahat nəfəs ala bilirsən" - dedi.

Balıqçılardan dənizdə axırıncı balığı kim tutsa, o da...

Dənizkənarı park haqda danışanda ilk növbədə dənizi düşünürlər. Bəli, Xəzərin qoynundakı bu Milli Park, müasir, gözəl və təmizdir. Amma bu sözləri dənizin suyu haqda demək olmaz. Bulvarda dəniz suyundan pis qoxu gəlir. Suyun üzərindəki tünd rəngli qatı maye dənizin nə dərəcədə çirkli olması haqda ümumi qənaət hasil etmək üçün kifayət edir.

Balıqçılarla qısa söhbətdə məlum oldu ki, dalğalar dənizdəki çirkli suyu buxtalara, o cümlədən buraya gətirir ki, bu da bu yerdə suyun üzərində xeyli çirkliliyin əmələ gəlməsinə səbəb olur. O üzdən də sahilə yaxın yerdə daha balıqlar gözə dəymir.

Özünü Eldar kimi təqdim edən ortayaşlı balıq həvəskarının dediyinə görə, son vaxtlar sahildə balıqlar daha az müşahidə olunur. Onun dediyinə görə, indi saatlarla oturub gözləsələr də tilova demək olar ki, balıq düşmür. Eldar maraqlı bir söz də dedi: "Dənizkənarı parkda balıq tutanlar arasında yarızarafat, yarıciddi belə şərt qoyulub ki, dənizdə axırıncı balığı kim tutsa, həmin şəxs o birilərə qonaqlıq verməlidir. Yaxşı olar ki, sonuncu balığı mən tutmayım"... 

...Milli Parkı tərk etmək üzrə olduqda "Park-Bulvar"ın yaxınlığında yerləşən yeraltı tualetdən çıxan bir ortayaşlı kişinin bayırda onu gözləyən cavan oğlana əsəbi halda dediyi bu sözləri eşitdik. "Elə bil restorana girmişəm, əlini yumaq üçün də 40 qəpik almaq olar? Buranı dünyanın ən bahalı tualeti kimi Ginnesin "Rekordlar" kitabına salmaq lazımdır".

Sonda qeyd edək ki, Bulvar heç də indi gördüyünüz kimi qalmayacaq. Prezident İlham Əliyevin sərəncamına əsasən, Dənizkənarı Milli Park tamamilə yenidən qurulacaq, hazırda 4 kilometr uzunluğu olan parkın ərazisi nə az, nə çox, düz 25 kilometrə çatdırılacaq, Zığ və Şıx çimərliyini birləşdirib böyük bir istirahət zonasına çevriləcək. Xeyli istirahət və əyləncə mərkəzlərinin yaradılacağı parkın yeni planına yeni avtomobil dayanacaqları da daxildir. 3 istiqamətdə yeni yeraltı keçidlər inşa olunacaq. Milli Parkda taksikaterlər vasitəsilə Xəzərdə yerləşən adalara, Əhmədliyə və Hövsana səyahət etmək mümkün olacaq.

Elçin Bayramlı
Milli.Az















Foto E.Bayramlı
Milli.Az