NFC yeni sahəyə keçir

12 Aprel 2014 22:47
Adətən mobil ödənişlər və kontaktlı informasiyanın mübadiləsi üçün istifadə olunan Near Field Communication (NFC) texnologiyası düyməni bir dəfə basmaqla qurğunu mühafizə olunan simsiz şəbəkə ilə birləşdirməyə imkan verən Wi-Fi Protected Setup (WPS) standartına daxil edilib.

Milli.Az ICTnews-ə istinadən bildirir ki, 2007-ci ildə Wi-Fi Alliance təşkilatı tərəfindən hazırlanan WPS protokolu qurğuları şəbəkədə sazlama işləri aparmadan tez və sadə üsulla birləşdirməyə imkan verir. WPS abreviaturalı düyməyə adətən router, akustika, printer və digər periferiyada rast gəlmək mümkündür. Yeni qurğunu bir neçə üsulla - PİN-kodu daxil etməklə, düyməni basmaqla (fiziki və ya virtual) və ya USB-fləşi qoşmaqla (bu üsul artıq köhnəlib) avtorizə etmək olar.

Lakin digər əksər qurğularda istifadəçi interfeysi tətbiq edilmədiyindən Wi-Fi Alliance NFC qismində yeni avtorizə üsulunu əlavə etmək qərarına gəlib. Belə ki, indi simsiz ev şəbəkəsinə ağıllı məişət texnikasını, oyun qurğularını, kameraları, termostatları və s. tez qoşmaq mümkündür. Bunun üçün istifadəçidən yalnız routerdə WPS düyməsini basmaq tələb olunur ki, qurğuya onun konfiqurasiyası ötürülsün və WPA2 şifrləməsi ilə Wi-Fi şəbəkəsinə qoşulsun.

2007-ci ildən 10 mindən çox simsiz qurğu sertifikatlaşdırılıb. NFC texnologiyasını Broadcom, Marvell, Mediatek və Qualcomm kimi istehsalçıların məhsulları dəstəkləyir.

NFC 10 santimetrə yaxın məsafədə yerləşən qurğular arasında məlumat mübadiləsinə imkan verən kiçik təsir radiuslu yüksəktezlikli simsiz rabitə sistemidir. Bu texnologiya ilə təchiz olunmuş qurğuların köməyi ilə istifadəçilər kontaktsız üsulla ödəniş etmək (mal və ya xidmət, nəqliyyatda gediş haqqı və s. ödənişlər), eləcə də müxtəlif mallar haqqında məlumat ala bilərlər.

Milli.Az