Yeni səs gəldi - əsrin sirri çözülür? - FOTO

11 Aprel 2014 14:48

Malayziyanın "Malaysia Airlines" aviaşirkətinin Boeing-777 ER 200 sərnişin təyyarəsindən xəbər var.
 

Bu avialayner martın 8-də Malayziyanın paytaxtı Kuala-Lumpur şəhərindəki beynəlxalq limandan səmaya qalxaraq MH370 reysi ilə Pekinə uçub.

Fəqət uçuşun 2-ci saatında təyyarə radarlardan itib. Yoxa çıxmış təyyarədə 227 sərnişin və 12 nəfər heyət üzvü vardı.
 

Avstraliyanın baş naziri Toni Ebbottun dediyinə görə, Hind okeanının cənubuna düşdüyü bildirilən təyyarə ilə bağlı yeni xəbər var.

Milli.Az CBS-ə istinadən bildirir ki, medianın "əsrin sirri" adlandırdığı olayla bağlı açıqlama verən T.Ebbott deyib: "Axtarış arealını nəyahət ki, kiçiltdik, alınan siqnalların təyyarənin "qara qutusu"ndan gəldiyinə əminik".
 

Çində rəsmi səfərdə olan T.Ebbott Pekində keçirdiyi mətbuat konfransında daha sonra bildirib ki, Avstraliya Hərbi-Hava Qüvvələrinin AP-3C Orion-3 təyyarəsinin əldə etdiyi siqnalların zəifləməyə başladığı müşahidə olunur.
 

Avstraliya HHQ-nin komandanı Anqus Hyuston isə brifinq keçirərək bildirib: "Siqnalları təsbit etdik. Bundan başqa ciddi irəliləyiş yoxdur. Yeniliklər olan kimi xəbər verəcəyik".
 

Hazırda təyyarənin axtarışlarında 12 hərbi, 3 mülki təyyarə və 13 gəmidən istifadə olunur.
 

Milli.Az

Böyütmək üçün şəkillərə klikləyin.