Yurd TV ilə bağlı xəbər təkzib olundu - YENİLƏNİB

11 Aprel 2014 12:15
12:15

"Bəzi elektron media orqanlarında "Yurd TV"nin "Region TV" ilə birləşdirilməsi ilə bağlı yayılan xəbərlər əsassızdır". Bu barədə Milli.Sz-a "Region TV"nin Media Mərkəzinin direktoru Elnur Şibliyev məlumat verib.

"Əvvəla, onu qeyd etmək istəyirəm ki,  "Yurd TV" və "Region TV" bir-birindən tamamilə fərqli media qurumlarıdır. "Yurd TV"nin yayımını internet vasitəsi ilə həyata keçirdiyini nəzərə alsaq, görərik ki, bu kanalın "Region TV" ilə birləşdirilməsi qeyri-mümkündür və absurddur.

Bununla bağlı yayılan məlumatlar da heç bir həqiqəti əks etdirmir".

"Region TV"nin Media Mərkəzini direktoru Elnur Şibliyev onu da qeyd edib ki, "Yurd TV"də kifayət qədər peşəkar kadrlar çalışır. Təbii ki, "Region TV" də digər telekanallar kimi ehtiyac yaranarsa, həmin işçilərlə əməkdaşlıq edə bilər".

----------
11:51

"Yurd TV" internet televiziyası fəaliyyətini dayandırıb. Bu barədə Movqe.az-a "Yurd TV"-nin adının çəkilməsini istəməyən əməkdaşı məlumat verib. Həmin TV-nin əməkdaşı bildirib ki, dünən axşam tv-nin bütün əmlakı siyahıya alınaraq maşına yığılaraq aparılıb. Onlara isə bildirilib ki, internet tv  Region TV-yə birləşdirilir: "Bizim 10 günlük maaşımızı bu gün verəcəklər. İşçilərdən çoxu Region TV-yə götürüləcək. Amma deyirlər ixtisarlar da olacaq".

Həmçinin "Yurd TV"nin əməkdaşı iki aya qədər Region TV-nin internet TV kimi yox, telekanal kimi fəaliyyətə başlayacağını da söyləyib.

--------
11:01

"Yurd" TV İnternet televiziyası fəaliyyətini dayandırıb.

APA-nın verdiyi məlumata görə, bu barədə qərar dünən axşam saatlarında qəbul edilib.
 
Qərarı kollektivə layihənin rəhbəri Rüstəm Əliyev elan edib. Ancaq qərarın səbəbi barədə heç nə deyilməyib.
 
Qeyd edək ki, "Yurd" TV 2011-ci il martın 1-də fəaliyyətə başlayıb. Televiziya əsasən informasiya, ictimai-siyasi, sosial istiqamətdə fəaliyyət göstərib.

----------
10:40

Yurd TV ilə bağlı məsələyə aydınlıq gətirlidi. TV-nin əməkdaşlarının Milli.Az-a verdikləri məlumata görə, bir neçə dəqiqə əvvəl iclas keçirilib və qərar verilib: artıq Yurd TV yoxdur!

----------
09:48

Milli.Az-a daxil olan məlumata görə, Yurd TV internet televiziyası fəaliyyətini dayandırıb. Bu barədə qərar dünən axşam saatlarında qəbul olunub.

Məsələyə aydınlıq gətirmək üçün Yurd TV-nin Xəbərlər departamentinin rəhbəri Səadət Məmmədova ilə əlaqə saxladıq. O, Milli.Az-a açıqlamasında bildirdi ki, televiziyanın fəaliyyətinin dayandırılması ilə bağlı əməkdaşlara heç bir rəsmi məlumat verilməyib.

"Hal-hazırda bütün əməkdaşlar işdədirlər", - o əlavə edib.

Teymur Hacıyev
Milli.Az