WhatsApp-ın azərbaycanlı istifadəçilərinə şübhəli mesajlar gəlir

10 Aprel 2014 18:34
Azərbaycanda WhatsApp istifadə edən şəxslərə qəribə spam xarakterli mesajlar gəlir. Milli.Az Day.Az saytına istinadən bildirir ki, həmin mesajlarda bəzi uşaq dərmanlarının istifadə edilməməsi tövsiyə olunur.

Həkim resepti olsa belə, "Amoksiuillin", "Kapesula", "İbuprofen suspenziya", "Alklofenak", "Sumamed", "İnqalipt", "Anqisept", "İnflyüid", "Panadol", "Sanasol" kimi dərmanların istifadəsindən yayınmağa çağırış edilir.

Mesajda deyilir ki, həmin dərmanların yaratdığı allergik reaksiya ucbatından 3-12 yaş arası 12 uşaq dünyasını dəyişib. Reaksiya o qədər güclü olub ki, uşaqları hətta xəstəxanaya çatdırmaq belə mümkün olmayıb. Hazırda polisdə həmin məsələ ilə bağlı istintaq gedir. Məlum olub ki, həmin dərmanların əksəriyyəti ölkəmizə qaçaqmalçılıq yolu ilə gətirilib.

Day.Az-a məktub yazan oxucu qeyd edir ki, həmin mesajdan sonra adıçəkilən dərmanlardan şübhələnməyə başlayıb.

İnternetdə araşdırma göstərdi ki, belə məlumatlar Qazaxstanda da yayılıb. Ancaq Almatanın səhiyyə idarəsində məlumatı təkzib ediblər.

Azərbaycanın Səhiyyə Nazirliyinin mətbuat katibi Anar Qədirli isə saytın sorğusuna cavabında deyib ki, sosial şəbəkələrdə yayılan bu cür məlumatlar əsassızdır.

"Bu cür məlumatlar əhali arasında vahimə yaratmaq məqsədi daşıyır. Ölkəmizdə heç bir uşaq, hələ ki, yuxarıda adıçəkilən dərmanlara görə dünyasını dəyişməyib", - o qeyd edib.

Milli.Az