"Şahdəniz-2" layihəsi üzrə yeni iri müqavilə imzalanıb
10 Aprel 2014 13:34
"Şahdəniz" konsorsiumu məmnuniyyətlə elan edir ki, "Mərhələ 2" layihəsi çərçivəsində tikinti və təchizat işləri üzrə növbəti iri müqavilələr imzalanıb və layihə qrafik üzrə davam edir.
"BP-Azərbaycan"dan Trend-ə bildiriblər ki, planlaşdırılan iki dəniz platforması üçün dayaq bloklarının, boru payaların və sualtı konstruksiyaların tikintisinə dair müqavilə "BOS Shelf LLC", "Saipem Contracting Netherlands B.V." və "Star Gulf FZCO" şirkətlərindən ibarət konsorsiuma verilib. Bu, nəhəng Mərhələ 2 layihəsinin icrasını irəli aparan və 2018-ci ilin sonlarında ilk qazın əldə olunmasını əsaslandıran mühüm müqavilələrdən biridir.
750 milyon dollar dəyərində olan bu müqavilənin iş həcminə hər birinin hündürlüyü 110 metr olan iki ədəd (biristiqamətli meylləndirilmiş) 8 ayaqlı dayaq blokunun inşası daxildir. Dayaq bloklarının çəkisi üzən pontonlarla birlikdə 13 200 və 12 200 ton olacaq. Bundan əlavə, iş həcminə ümumi çəkisi 30 000 ton olan 2 300 sualtı konstruksiyanın tikintisi də daxildir. Sualtı konstruksiyaların tikintisi işlərinə səkkiz təcridetmə klapanı qurğusu, on axın xətlərini birləşdirmə bloku, axın xətlərinin hərəkətini məhdudlaşdıran 80 bərkidici anker, 100 sualtı birləşdirici boru qovşağı, 100 boru kəmərinin kəsişmə dayağı, 1 000 beton döşənək və cərəyan ötürücü zona üçün 1 000 ton özüllərin hazırlanması daxildir.
Bu müqavilə çərçivəsində bütün tikinti və quraşdırma işləri yerli resurslardan (işçi qüvvəsi və tikinti istehsalat sahələri daxil olmaqla) istifadə etməklə ARDNŞ-nin Heydər Əliyev adına Bakı Dərin Özüllər Zavodunda həyata keçiriləcək.
Bu müqavilənin imzalanması Şahdəniz tərəfdaşlarının Azərbaycanın yerli resurslarından istifadənin optimallaşdırılması öhdəliyini bir daha təsdiq edir. Bu müqavilə çərçivəsində tikinti işləri üçün təqribən 8 milyon adam-saat iş həcmi yerinə yetirilməklə təxminən 2 750 yerli işçi qüvvəsinin cəlb olunacağı gözlənilir və bütün işlər ölkə daxilində həyata keçiriləcək. Tikinti işlərinin 2017-ci ildə başa çatdırılacağı gözlənilir.
BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə (AGT) üzrə regional prezidenti Qordon Birrell dedi: "Biz 'BOS Shelf', 'Saipem' və 'Star Gulf' konsorsiumu ilə belə mühüm tikinti müqaviləsinin imzalanmasından məmnunluq duyuruq. Azərbaycanın dünya səviyyəli istehsalat-quraşdırma sahəsindən istifadə olunması Şahdəniz tərəfdaşlarının yerli resursların inkişaf etdirilməsi və gücləndirilməsinə davamlı dəstəyinin nümunəsidir. Biz həmçinin məmnunuq ki, bu müqavilə bizim Xəzər dənizində ilk dəfə olaraq sualtı hasilat texnologiyalarını tətbiq etmək planlarımızı dəstəkləyir. Bu texnologiyanın Azərbaycanda istidadə olunması neft və qaz işlənmələrində yeni imkanlar açmaqla ölkənin bu sənayedəki texnoloji irəliləyişlərin önündə qalmasını təmin edəcək."
Bu müqavilə Şahdəniz Mərhələ 2 layihəsi üçün dəniz obyektlərinin - dayaq blokları, boru kəmərləri və sualtı qurğuların - inşası, daşınması və quraşdırılması üzrə ümumi iş həcminə dair Əsas Saziş çərçivəsində imzalanıb.
Bundan əlavə, Şahdəniz konsorsiumu həmçinin sualtı hasilat sistemlərinin təchizatına dair müqavilə imzalayıb. Bu müqavilənin təxmini dəyəri 394 milyon dollar təşkil edir və o, "FMC Technologies Inc." şirkəti ilə imzalanıb. Bu müqavilə çərçivəsindəki iş həcminə ilk iki hasilat kompleksi üçün avadanlıqların təchizatı daxildir. Bu komplekslər sualtı manifoldlar və onlarla bağlı idarəetmə blokları və birləşdirici komponentlərdən ibarətdir. Bu müqavilə üzrə işlərin 2017-ci ildə başa çatacağı gözlənilir.
Şahdəniz Mərhələ 2 və Cənubi Qafqaz Boru Kəmərinin Genişləndirilməsi layihələri üzrə müqavilələrin imzalanması bu böyük işlənmə layihəsinin çoxsaylı sahələri üzrə edilən ümumi irəliləyişin bir hissəsi kimi davam etdiriləcək.
Milli.Az