1997-ci ildə istifadəyə verilən zavodda şirkət yığma əməliyyatlarını həyata keçirib və mikrosxemlərin sınaqlarını aparıb. Intel nümayəndəsi Çak Malloyun sözlərinə görə, altı ay ərzində sifarişlər buradan şirkətin Çin, Malayziya və Vyetnamda yerləşən zavodlarına köçürüləcək.
Milli.Az ICTnews-a istinadən bildirir ki, ABŞ istehsalçısı nümayəndələri bu günlərdə Kosta-Rikanın yeni prezidenti seçilmiş Luis Qilermo Solis ilə görüşüblər. Görüş zamanı şirkət rəhbərliyi ölkə prezidentinə onların zavodun bağlanması ilə bağlı qəbul etdikləri qərarın hakimiyyət dəyişikliyinə aid olmamasını bildirib.
Kosta-Rikada yığım və sınaq xətlərinə xidmət göstərən personal ilə yanaşı, 1 mindən çox tədqiqatçı və digər mütəxəssislər çalışır. Onların iş yerləri saxlanılacaq. Bundan başqa, ilin sonunadək Intel daha 200 nəfəri işə qəbul etməyi planlaşdırır.
Cari ilin yanvarında Intel dünya üzrə 107 min nəfərin daxil olduğu ştatını 5 faiz - 5,35 min nəfəri azaltmaq niyyətində olduğunu açıqlayıb. Kosta-Rikada həyata keçirilən ixtisarlar bu planın tərkib hissəsidir.
Bundan başqa, şirkət Arizonada 14 nanometrlik texnologiya əsasında mikrosxem istehsalı zavodunun istifadəyə verilməsini qeyri-müəyyən müddətə təxirə salıb. Zavodun inşasına kapital xərclərinin məbləği 5 milyard təşkil edir.
Intel fərdi kompüterlərə tələbatın azalması səbəbindən planlarına dəyişiklik etmək məcburiyyətində qalıb. Gartner analitik şirkətinin məlumatına görə, 2013-cü ildə dünya bazarına fərdi kompüterlərin tədarük həcmi 2012-ci illə müqayisədə 10 faiz - 315,97 milyon ədədədək azalıb ki, bu da rekord azalma kimi tarixə düşüb. Analitiklərin proqnozlarına görə, 2014-cü ildə ənənəvi fərdi kompüterlərin dünya bazarına tədarükü 6,6 faiz azalacaq.
Milli.Az