Dropboxda yenilik var

10 Aprel 2014 18:11
Dropbox bulud servisi San-Fransiskoda keçirilən təqdimatda fotoşəkillərin və videoların saxlanılması üçün Carousel əlavəsini təqdim edib. Əlavədən aprelin 9-dan AppStore və Google Play mağazalarından yararlanmaq mümkündür. Tərtibatçılar yeni proqramı bütün xatirələr üçün vahid məkan adlandırıblar. Əlavə vasitəsilə yüklənən bütün fayllar Dropboxda saxlanılır.

Milli.Az ICTnews-a istinadən bildirir ki, Carousel mobil qurğunun ekranının aşağı hissəsində vaxtı göstərir. İstifadəçi orada bu və ya digər gündə çəkdiyi fotoşəkillərə və videolara baxa bilər. Fayllar həmçinin çəkiliş yerinə görə çeşidlənir.

Bundan başqa, əlavə eyni anda çoxlu faylı paylaşmağa imkan verir. Mən bir saniyədə yüzlərlə fayl göndərə bilərəm, - təqdimatda Mailbox poçt xidmətinin təsisçilərindən biri, hazırda Dropboxda çalışan Centri Andervud deyib.

The Verge nəşrinin məlumatına görə, Carouseldə Dropboxun 2012-ci ilin dekabrında satın aldığı Snapjoy əlavəsinin funksiyalarından istifadə olunub.

Dropbox həmçinin öz servisinin korporativ versiyasını da nümayiş etdirib. The Washington Postun bildirdiyinə görə, biznes üçün versiya mühafizə olunur. Bundan əlavə, istifadəçilər həmkarlarının Dropboxda yerləşdirilən fayllara hansı dəyişikliklər etməsini izləyə biləcəklər.

Təqdimatda Dropbox kompüter və Android əməliyyat sistemi üçün Mailbox servisinin versiyalarını da təqdim edib. Şirkət Mailboxu 2013-cü ilin martında 100 milyon dollara satın alıb və poçt servisinin bütün əməkdaşları işlərini davam etdirmək üçün Dropboxa keçiblər.

Dropbox istifadəçilərinin sayı 275 milyon nəfər təşkil edir. 2014-cü ildə şirkət 350 milyon dollar məbləğində investisiya cəlb edib.

Təqdimatda Dropbox həmçinin şirkətin Direktorlar Şurasına ABŞ-ın keçmiş dövlət katibi Kondaliza Raysın daxil olmasını da elan edib. Onun təcrübəsindən servisin digər ölkələrə yayılması üçün istifadə olunacaq.

2007-ci ildə yaradılan Dropbox istənilən faylı saxlamağa, eləcə də onları qurğular arasında sinxronlaşdırmağa imkan verir. Servisdən istifadə pulsuzdur, lakin pul ödəməklə fotoşəkil və videoları saxlamaq üçün əlavə yer almaq olar.

Milli.Az