İçi də çölü kimi bərbad olan bina - VİDEO

9 Aprel 2014 11:10

20 ildir ki, bu binada 170-dən çox ailə səhərlərini hər gün qorxu içərisində açır

20 ildir ki, 170-dən çox ailə səhərlərini hər gün qorxu içərisində açır. Səbəb binalarının qəzalı olmasıdı.

Amma buna baxmayaraq hələ də, onlara kömək əli uzadan qurumların yoxluğudur. Sumqayıt şəhəri, 42-ci məhəllə, 5 saylı yataqxanada məskunlaşan sakinlər illərdir ki, binalarının təmir olunacağı günü gözləyir. Bu müddətdə isə qəzalı binada yaşamaqdan başqa çıxış yolu yoxdur. Şikayətçilər deyirlər ki, binanı öz hesablarina təmir etdirsələr də, nəticəsi olmayıb. Bloka girəndə pilləkənlərin qırılması insanların həyatının nə qədər təhlükədə olmasından xəbər verir. Fövqəladə Hallar Nazirliyi tərəfindən binanın qəzalı olması barədə rəy verilib. Rəyin verilməsinə baxmayaraq vəziyyət hələ də dəyişməyib. Hətta bina qəzalı olduğundan mənzillərə qazın verilişi də dayandırılıb.

Milli.Az-ın anspress-ə istinadən məlumatına görə, sakinlərin sözlərinə görə, binaya hər yerdən gəlib baxıblar. Binaya baxış keçirilib. Binada yaşlılar, uşaqlar var. Hamı əziyyətə çəkir. Evlərində otura bilmirlər.

Binanın içi də çölü kimi bərbaddır. Mənzillərə girəndə çatların olduğunu görmək mümkündür.

Şikayətçilər bildirdilər ki, evimiz çat verib. Adicə buradan bir böyük maşın keçən kimi binamız əsir. Axırıncı dəfə olan zəlzələdə binaya bir qədər də ziyan dəydi.

Sumqayıt Şəhər İcra Hakimiyyətindən isə bildirdilər ki, "Azərdövlətlayihə" Dövlət Baş Layihə institutu artıq əraziyə baxış keçirib. Mütəxəssislərin rəyindən asılı olaraq binanın təmiri üçün Nazirlər Kabinetinə müraciət ediləcək və bundan sonra bina əsaslı şəkildə təmir olunacaq.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin.