Thunderbolt 2 göstərildi

9 Aprel 2014 18:58
National Association of Broadcasters 2014 sərgisində Intel şirkəti yeni drayverlər sayəsində kompüterlər arasında məlumatların birbaşa ötürülməsini dəstəkləyən Thunderbolt 2 interfeysini nümayiş etdirib.

Milli.Az ICTnews-a istinadən bildirir ki, Thunderbolt Networking funksiyası hazırda kabellə OS X Mavericks əməliyyat sisteminin idarəetməsi ilə işləyən iki Mac kompüterlərini birləşdirməyə imkan verir. Lakin Intel gələcəkdə faylların Windows sistemli kompüterlərdən OS X sistemli kompüterlərə, eləcə də Windows əməliyyat sisteminin idarəetməsi ilə işləyən kompüterlər arasında ötürülməsinin mümkün olacağını bildirir. Bu halda standart kabel və adi çıxışlardan istifadə ediləcək.

Thunderbolt 2 məlumatların 20 Qbit/saniyə sürətində ötürülməsini təmin edir. Bu, 4K formatında videotəsvirin yayılması üçün yetərli hesab olunur. Əvvəllər interfeysdən monitor və kənar disklərin qoşulması üçün istifadəsi nəzərdə tutulsa da, Ethernet texnologiyasının yeni rejimi onun potensial tətbiqi sahələrini genişləndirir.

ABŞ istehsalçısı Thunderboltu dəstəkləyən periferiya qurğularının sayının artdığını qeyd edir.

Apple Mac Pro və MacBook Pro kompüterləri ilə yanaşı, Thunderbolt 2 interfeysi hazırda Z seriyasından olan Hewlett-Packard işçi stansiyalarında dəstəklənir.

Milli.Az