Turçinov müharibə elan etdi

8 Aprel 2014 11:15

Prezident səlahiyyətlərini müvəqqəti icra edən Aleksandr Turçinov Donetsk, Xarkov və Luqansk vilayətlərində rusiyameyilli fəallara müraciət edib

Ukraynada prezident səlahiyyətlərini müvəqqəti icra edən Aleksandr Turçinov Donetsk, Xarkov və Luqansk vilayətlərində rusiyameyilli fəallara müraciət edib. O, hazırda Ukraynada baş verənləri Rusiyanın xüsusi əməliyyatının ikinci dalğası kimi qiymətləndirib.

Anspress-in məlumatına görə, Turçinov Ukraynanı bölmək istəyən separatçılara qarşı antiterror əməliyyatlarına başlanıldığını elan edib.

"Rusiya hakimiyyəti Ukraynanın digər bölgələrində Krım ssenarisini təkrarlamaq istəyir. Amma biz buna imkan verməyəcəyik. Hökumət antiböhran komissiyasının yaradılmasına qərar verib. Ölkədə əlinə silah götürərək Ukraynanı bölmək istəyənlərə qarşı antiterror əməliyyatlarına başlanılıb. Artıq daxili işlər naziri Arsen Avakov Xarkova, baş nazirin birinci müavini, general Valentin Nalivayçenko Donetskə, Ukrayna Təhlükəsizlik Xidmətinin katibi Andrey Parubiy isə Luqanska göndərilib", - deyə Turçinov bildirib.

Onun sözlərinə görə, Rusiya prezidenti Vladimir Putin mayın 25-də Ukraynada keçiriləcək prezident seçkilərinə mane olmaq istəyir.

Qeyd edək ki, hazırda Ukraynanın şərqi Xarkov, Dontesk, Luqansk vilayətlərində rusiyameyilli fəallar etiraz aksiyaları keçirir. Onlar bölgənin müstəqil respublika olması üçün referendumun keçirilməsini tələb edir.

Milli.Az