Azərbaycanda ağır yol qəzası olub, ölən və yaralanan var - YENİLƏNİB - VİDEO

8 Aprel 2014 11:41
08.04.2014
11:41


Ötən gün saat 16:00 radələrində İsmayıllı rayonu ərazisində ağır yol qəza hadisəsi baş verib. İki minik avtomobilinin toqquşması nəticəsində bir nəfər dünyasını dəyişib, 3 nəfər isə xəsarət alıb.

Milli.Az Kanal S-ə istinadən bildirir ki, hadisə İsmayıllı-Muğanlı yolunun 12-ci kilometrliyində, İsmayıllı rayonunun Nüydi kəndi ərazisində qeydə alınıb. İsmayıllı rayon sakini Babayev Vüsal Yusif oğlunun idarə etdiyi 10-DD-717 dövlət nömrə nişanlı "VAZ-21099" markalı minik avtomobili ilə Şəki sakini Məmmədov Natiq Şaban oğlunun idarə etdiyi 55-BB-788 dövlət nömrə nişanlı "Chevrolet" markalı avtomobil toqquşub.

Nəticədə "VAZ"da olan sərnişinlərdən biri, İsmayıllı rayon Zeyvə kənd sakini Babayev Bülbül Heybət oğlu hadisə yerindəcə dünyasını dəyişib. "VAZ" markalı avtomobilin sürücüsü, onun sərnişini Babayev Rauf Sərvər oğlu və "Chevrolet"nin sürücüsü hadisə zamanı müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Qəza zamanı dünyasını dəyişən şəxsin cəsədi avtomobildə sıxılıb qaldığından hadisə yerinə cəlb olunan yanğınsöndürən-xilasedicilər, təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə deformasiyaya uğramış avtomobildən cəsədi və "Chevrolet" markalı minik avtomobilinin sürücüsünü çıxararaq Təcili Tibbi Yardım Stansiyasına təhvil verib. Xəsarət alan şəxslər dərhal İsmayıllı Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar. Xəstəxanadan verilən məlumata əsasən, qəza zamanı xəsarət alan Şəki sakininin vəziyyəti ağır olduğundan o, Bakıya göndərilib. İlkin ehtimallara görə, hadisəyə səbəb "Chevrolet" markalı avtomobilin sürücüsünün düzgün ötmə əməliyyatı yerinə yetirməməsi olub. Faktla əlaqədar Baş Dövlət Yol Polisi İdarəsinin istintaq bölməsi tərəfindən araşdırmalar aparılır. Qəzanın dəqiq səbəbləri aparılacaq araşdırmalardan sonra bəlli olacaq.

-----------------
07.04.2014
21:38

İsmayıllıda ağır yol qəzası baş verib.

Trend Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən məlumat verir ki, İsmayıllı rayonunda (İsmayıllı-Muğanlı yolunun 12-ci kilometrliyi) vətəndaşlara məxsus "VAZ" və "Chevrolet" markalı iki minik avtomobilinin toqquşması nəticəsində yol-nəqliyyat hadisəsi baş verib. Dərhal hadisə yerinə nazirliyin müvafiq xilasetmə qüvvələri cəlb olunub.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, "VAZ" markalı minik avtomobilinin sürücüsü 1957-ci il təvəllüdlü Babayev Bülbül Heybət oğlu hadisə yerində vəfat edib, digər avtomobilin sürücüsü isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Yanğınsöndürən-xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə deformasiyaya uğramış avtomobildə sıxılmış vəziyyətdə qalmış B.Babayevin cəsədini və "Chevrolet" markalı minik avtomobilinin sürücüsünü çıxararaq Təcili Tibbi Yardım Stansiyasına təhvil veriblər.

Milli.Az

----------------
08.04.2014
11:41