Bu telefon enerjini özü yığır

7 Aprel 2014 21:37
İsveçrənin Tag Heuer qol saatı istehsalçısı Meridiist telefonunun yeni versiyasını təqdim edib. Meridiist Infinite adlanan layihədə Fransanın bir sıra şirkətləri, həmçinin Atelier Haute Communication və Sunpartner Technologies iştirak ediblər. Sonuncunun Wysips Crystal texnologiyası sayəsində smartfonlar sərbəst enerji toplaya bilirlər.

Milli.Az ICTnews-a istinadən bildirir ki, Meridiist Infinite telefonunun əsas xüsusiyyəti Sunpartner Technologies startapı tərəfindən hazırlanmış Wysips Crystal texnologiyası sayəsində sərbəst enerji toplamaq bacarığıdır. Tag Heuer şirkəti bazara bu cür aparat çıxaran ilk şirkətdir.

Pocket-lint resursu yazır ki, Meridiist Infinite telefonu cəmi 1911 nüsxədə buraxılacaq. Korpusu 5-ci sinif titan materialından və karbon lifindən hazırlanıb. Mobil qurğu 320 x 240 piksel təsvir ölçülü 4 düymlük TFT LCD ekranla təchiz edilib. Korpusun yuxarı hissəsində əlavə məlumatın göstərilməsi üçün monoxrom OLED-panel var. Meridiist Infinite telefonu iki SİM kart dəstəkləyir, 8 QB daşıyıcı və 5 meqapiksellik kamera ilə təchiz edilib.

Meridiist Infinite bu ilin iyulunda satışa çıxarılacaq. Aparatın qiyməti hələ ki açıqlanmayıb.

Milli.Az