800 milyon insan ona möhtacdır

5 Aprel 2014 16:06

BMT-nin dünyadakı içməli su ehtiyatları ilə bağlı son hesabatı ciddi siqnal kimi qəbul edilir.

Təşkilatın açıqladığı statistikada qeyd olunur ki, iqlim dəyişmələri yaxın illərdə su ehtiyatlarına böyük təsir göstərəcək və nəticədə insanların içməli su ilə təchiz edilməsində ciddi problemlər əmələ gələcək. "Ərzağa artmaqda olan tələbat, sürətli urbanizasiya və iqlim dəyişmələri dünyanın su təchizatı sisteminin həddən artıq yüklənməsinə gətirib çıxarıb. Yaranmış vəziyyət su resurslarının idarə olunmasına yanaşmanın radikal surətdə dəyişdirilməsini tələb edir". BMT-nin dünyanın su ehtiyatlarının vəziyyəti haqqında məruzəsində belə deyilir.

Məruzədə qeyd olunur ki, su təchizatı və kanalizasiya infrastrukturu dünyada şəhər əhalisinin artımının öhdəsindən çətinliklə gəlir: "Üstəlik, şəhər əhalisinin 2050-ci ilədək iki dəfə artaraq, 6,3 milyard nəfərə çatacağı proqnozlaşdırılır. Hazırda dünyada çirkab sularının 80 faizindən çoxu kollektorlara daxil olmur və təmizlənmir. 2050-ci ilədək dünyada ərzağa, xüsusən, heyvandarlıq məhsullarına tələbatın 70 faiz artacağı gözlənilir. Ərzaq məhsulları istehsalının genişlənməsi nəticəsində kənd təsərrüfatında qlobal su istehlakı (bu gün şirin su ehtiyatlarının 70 faizi onun payına düşür) azı 19 faiz artacaq.

Su ehtiyatlarına artan tələbatın öhdəsindən gəlmək üçün yeraltı su mənbələrindən getdikcə daha çox istifadə olunacaq. Son 50 ildə yeraltı suların çıxarılması üç dəfə artıb. Bəzi yeraltı rezervuarlarda su ehtiyatlarının bərpası qeyri-mümkündür, çünki su son dərəcə aşağı səviyyəyə çatıb. Bununla əlaqədar olaraq, bir çox ölkələr öz milli yurisdiksiyasından kənarda, xüsusən, Afrika qitəsində münbit torpaqlar alırlar.İqlim dəyişmələri yaxın illərdə su ehtiyatlarına böyük təsir göstərəcək. O, yağıntının paylanmasında, torpağın rütubətində, buzlaqların əriməsində, çay axarında, habelə yeraltı suların vəziyyətində əks olunacaq. Artıq indinin özündə daşqın və quraqlıq kimi su ilə bağlı olan təhlükəli təbiət hadisələrinin tezliyi və sərtliyi artıb".

Məruzə müəllifləri iddia edirlər ki, 2030-cu ilədək iqlim dəyişmələri Cənubi Asiyada və Cənubi Afrikada ərzaq istehsalına əhəmiyyətli təsir göstərəcək: "2070-ci ilədək Mərkəzi və Cənubi Avropada hiss ediləcək su qıtlığı təkcə bu regionda 44 milyon adamın həyatına təsir edəcək".

Hazırda Fransanın Marsel şəhərində keçirilən 6-cı Dünya Su Forumunda da məyusedici faktlar açıqlanıb. Forumda bildirilib ki, hazırda 800 milyon insan içməli suya möhtacdır. 1 milyard insan isə həftədə sadəcə olaraq, bir neçə saat sudan istifadə edə bilir. 2,5 milyard insanın su sarıdan korluq çəkdiyi üçün tualetdə sudan istifadə etməkdən məhrum olduğu bildirilir. Əksəriyyəti uşaq olmaqla, ildə 3,6 milyon insan içməli su çatışmazlığı problemindən dünyasını dəyişir. Dünyada 3-4 milyard insan mütəmadi şəkildə içməli su ilə təmin olunmayıb və onların istifadə etdikləri suyun keyfiyyəti də "şübhəli" kateqoriyaya daxildir. 

Gürcüstan və Ermənistanın içməli su ehtiyatları Azərbaycanınkından müvafiq olaraq 7 və 5 dəfə çoxdur

Azərbaycan da içməli su sarıdan korluq çəkən ölkələrdəndir. "Azərsu" ASC-nin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Anar Cəbrayıllının qəzetimizə verdiyi məlumata görə, Azərbaycan su ehtiyatlarının məhdudluğuna və şirin su ehtiyatlarının həcminə görə Cənubi Qafqazın ən "kasıb" ölkəsidir. "Azərbaycanın bu məsələdə vəziyyəti dünyadakı orta göstəricidən aşağıdır. Məsələn, Gürcüstan və Ermənistanın içməli su ehtiyatları Azərbaycanınkından müvafiq olaraq 7 və 5 dəfə çoxdur. Ancaq bu, o demək deyil ki, hazırda Azərbaycan içməli su problemi ilə üz-üzədir. Sadəcə olaraq, ölkə ərazisində içməyə yararlı sular qeyri-bərabər paylanıb. Abşeron yarımadası və ya Mərkəzi Aran rayonları su ehtiyatları ən az olan bölgələrimizdir. Bu problemi həll etmək üçün dövlət tərəfindən ciddi tədbirlər görülür",- A. Cəbrayıllı deyib.

Onun sözlərinə görə, hazırda istər "Azərsu", istər Ekologiya və Təbii Sərvətlər Nazirliyi, istərsə də yerli dövlət orqanları tərəfindən ölkə və lokal miqyaslı layihələr həyata keçirilir. "Bu il bu iş bütün ölkə ərazisində, xüsusilə, stimullaşdırılıb. Həm dövlətin öz imkanları, həm də beynəlxalq banklardan cəlb olunan kreditlər hesabına ölkə əhalisinin içməli suya olan tələbatının səmərəli şəkildə ödənməsi məqsədilə işlər görülür, rayonlarda modul tipli sutəmizləmə qurğuları tikilir. Bizim bütün layihələrimiz 2035-ci ilə hesablanıb. Yəni ölkə əhalisi əmin ola bilər ki, onların dayanıqlı su təchizatında heç bir problem olmayacaq",- "Azərsu" sözçüsü vurğulayıb. 

Quraq illərdə yerüstü su ehtiyatlarımız 10 kubkilometrə qədər azalır

Məlumat üçün bildirək ki, Azərbaycan ərazisində içməyə yararlı sular məhdud ehtiyatlara malik olmaqla qeyri-bərabər paylanıb. Hazırda ölkənin yerüstü su ehtiyatları 30-31 kubkilometr təşkil edir, quraq illərdə isə bu ehtiyat 20,3 kubkilometrə qədər azalır. Yerüstü su ehtiyatlarının mənbələrini çaylar, göllər, su anbarları və buzlaqlar təşkil edir. Ölkəmizin şirin su ehtiyatlarının 70-72 faizi ölkə hüdudlarından kənarda formalaşır.

Azərbaycanın yerüstü su ehtiyatlarının 19-20,6 kubkilometri transsərhəd çayların, 9,5-10 kubkilometri isə yerli çay axımı hesabına formalaşır. Samur çayı istisna olmaqla birbaşa Xəzər dənizinə tökülən çayların illik su ehtiyatı 2,2-2,5 kubkilometr təşkil edir ki, bunun da 1-1,1 kubkilometri Böyük Qafqazın şimal-şərq yamacından, 1,2-1,4 kubkilometri Lənkəran təbii vilayətindən axan çayların payına düşür. Kür çayının hövzəsinə daxil olan sağ və sol qolların ümumi su ehtiyatı isə 7,5-7,8 kubkilometr təşkil edir.

- Respublikanın əsas su arteriyaları olan Kür və Araz çayları ölkə ərazisinə daxil olana qədər müxtəlif kimyəvi element və birləşmələrlə, üzvi maddələrlə çirklənməyə məruz qalır. Sərhəd xətlərində bu çayların sularında neft məhsulları, fenollar, mis, bismut, titan, manqan və digər elementlər yol verilən qatılıq həddindən artıqdır. Ermənistan ərazisindən Azərbaycana daxil olan Araz çayında çirklənmə dərəcəsi digər çaylardan daha çoxdur. Çay suları respublika ərazisində də müxtəlif mənşəli çirklənmələrə məruz qalır. Respublika ərazisindəki irili-xırdalı 8359 çaydan yalnız 171-nin uzunluğu 25 kilometrdən artıqdır. 327 çayın uzunluğu 25 kilometrdən, 7861 çayın uzunluğu isə 10 kilometrdən azdır.

- Azərbaycanda çayların yerüstü axını hidroloji ildən və mövsümlərdən asılı olaraq kəskin dəyişir. Bu dəyişkənlikdən asılılığı azaltmaq və il ərzində istifadə oluna biləcək etibarlı su mənbələrinə malik olmaq məqsədi ilə bir sıra çayların üzərində su anbarları yaradılıb. Respublikamızda 140-a qədər su anbarı var. Bunların ən böyükləri Kür çayı üzərindəki Mingəçevir (həcmi 16 milyard kubmetr), Şəmkir (həcmi 2,6 milyard kubmetr), Araz çayı üzərindəki Araz (həcmi 1,3 milyard kubmetr), Tərtər çayı üzərindəki Sərsəng (həcmi 0,5 milyard kubmetr) su anbarlarıdır. Su anbarlarının ümumi sahəsi 87 min hektar, suyunun həcmi isə 22 kubkilometrə yaxındır.

- Azərbaycan ərazisində ümumi sahəsi 394 kvadratkilometr olan 450-yə yaxın göl mövcuddur ki, bunlardan da 200-ə yaxını yay aylarında quruyur. Göllərin ümumi su ehtiyatı 0,9 kubkilometrə, şirinsulu göllərin ehtiyatı isə 0,03-0,05 kubkilometrə yaxındır.

- Azərbaycan ərazisində buzlaqlar əsasən Böyük Qafqaz dağlarının Baş Suayrıcında və Yan Silsilədə mütləq yüksəkliyi 3600-4000 metrdən artıq olan ərazilərdə formalaşıb. Son 70 ildə dağ zirvələrindəki buzlaqların sahəsi xeyli azalıb. Hazırda buzlaqların sahəsi təqribən 6,6 kvadratkilometr, su ehtiyatı isə 0,08 kubkilometr təşkil edir. Buzlaqlar Bazardüzü zirvəsində 3,6 kvadratkilometr, Bazaryurdda 1 kvadratkilometr, Tufandağda 0,5 kvadratkilometr, Şahdağda isə 1,1 kvadratkilometr sahəni əhatə edir. Kiçik Qafqazda yalnız Qapıcıq dağında sahəsi 0,15 kvadratkilometr olan buzlaq mövcuddur. Buzlaqlar çayların qidalanmasında və illik su ehtiyatlarının tənzimlənməsində mühüm rol oynayır. 

Yeraltı sularımızın illik istismar ehtiyatları 9 milyard kubmetrə yaxındır

Respublikanın istifadəyə yararlı yeraltı sularının illik istismar ehtiyatları 9 milyard kubmetrə yaxındır. Yeraltı suların əsas ehtiyatları Samur-Dəvəçi, Şəki-Zaqatala, Gəncə-Qazax, Mil-Qarabağ, Cəbrayıl, Naxçıvan dağətəyi düzənliklərində toplanıb. Bu ehtiyatların 60 %-ə yaxını Samur-Dəvəçi, Şəki-Zaqatala və Gəncə-Qazax dağətəyi düzənliklərinin ərazisində yerləşir. Geoloji kəsilişdə yüksək sukeçiricilik xüsusiyyətlərinə malik çaqıl-çınqıl və qumlu süxurların üstünlük təşkil etməsi, çay şəbəkəsinin yaxşı inkişaf etməsi, yağıntıların çoxluğu bu ərazilərdə yeraltı suların qidalanması üçün əlverişli şərait yaradır. Dağətəyi bölgələr içərisində Ceyrançöl və Acınohur düzənlikləri yeraltı suların ehtiyatlarının çox məhdudluğu və nisbətən yüksək minerallaşma dərəcələri ilə səciyyələnir. Şamaxı-Qobustan ərazisi bir qədər müsbət şəraitlə fərqlənir.Böyük və Kiçik Qafqazın, Talışın dağlıq hissələrində yüksək keyfiyyətli yeraltı sular əsasən tektonik çatlarla əlaqəli olaraq bulaqlar şəklində təzahür edir. Yamacların ətəklərində, dərələrdə rast gəlinən bulaqların sərfi, adətən, 5-10 litr/saniyə arasında dəyişir. Dağ çaylarının yataqaltı süxurlarında gündəlik sərfi 40-60 min kubmetr olan yeraltı sular da geniş yayılmışdır.

"Zaman Azərbaycan"