Ermənistanın baş naziri Tiqran Sarkisyanın istefa xəbəri ölkə gündəmini tutub. Baş nazir ötən gün ölkə prezidentinə istefa ərizəsini təqdim edib və Serj Sarkisyan da onun istefasını qəbul edib. Məlumata görə, bu barədə qərar hakim Ermənistan Respublikaçılar Partiyası (ERP) İcra Orqanının toplantısından sonra elan edilib. Baş nazirin istefasının səbəbləri barədə heç bir açıqlama verilməyib. Öz Facebook səhifəsində Tiqran Sarkisyan "həmvətənlilərə" xitabən yazıb ki, istefa xahişi ilə ölkə prezidentinə hələ fevral ayında müraciət edibmiş. "Mənim bu qərarım yetkin düşünülüb" - deyə Tiqran Sarkisyan bildirib. Baş nazir onunla "bir yerdə işləyənlərə və prezidentə" təşəkkürünü bildirib, yeni hökumət kabinetinə "vətənpərvər və səmərəli" işləməyi arzulayıb. Son illər hökumət kabinetinin fəaliyyəti tez-tez Ermənistanın qeyri-iqtidar qüvvələrinin tənqid hədəfinə çevrilmişdi. Xüsusilə parlamentin hakim Ermənistan Respublika Partiyası fraksiyasından sonra sayca ikinci olan "Çiçəklənən Ermənistan" Partiyası Tiqran Sarkisyanın öz vəzifəsinin öhdəsindən gəlmədiyini bildirib və ona etimadsızlıq elan etmək məsələsini parlamentin gündəliyinə daxil etməyə çalışırdı. Son həftələr isə parlamentdə təmsil olunan dörd qeyri-iqtidar siyasi təşkilatı - "Çiçəklənən Ermənistan", "Daşnaksutyun", "İrs" partiyaları və Erməni Milli Konqresi - bir sıra görüşlərdən sonra aprel ayının sonunda baş nazirin istefası tələbilə üç gün fasiləsiz mitinq keçirmək qərarına gəlmişdi. Müxalifət baş naziri ölkənin iqtisadi siyasətini iflasa uğratmaqda ittiham edir və hökumət tərəfindən tətbiq edilən pensiya islahatına qarşı çıxırdı. 1960-cı ildə Kirovakanda (indiki Vanadzor) anadan olan Tiqran 1983-cü ildə Leninqrad Maliyyə İqtisad İnstitutunu bitirib. 1998-ci ilədək elmi fəaliyyətlə məşğul olub. Həmin ilin martından 2008-ci ilədək Mərkəzi Bankın sədri postunu tutub. 2008-ci ildən baş nazir idi.Ermənistan baş nazirinin istefasında Rusiya amilinin olduğu bildirilir