17 yaşlı çoban tanışını güllələdi

5 Aprel 2014 09:12
Salyanda çobanlıq edən 17 yaşlı gənc tanışını güllələyib.

Milli.Az xəbər verir ki, bu barədə APA-ya Salyan polis şöbəsindən verilən məlumata görə, əslən Lənkəran rayonunun Haftoni kəndindən olan, hazırda isə Salyan rayonunun Qırxçıraq kəndində məskunlaşaraq çobanlıq edən 17 yaşlı Fazil Fərhad oğlu Məmmədov tanışını ov tüfəngi ilə güllələyib.

Hadisə aprelin 3-də axşam saatlarında baş verib. Salyan rayon polis şöbəsinin keçirdiyi əməliyyat tədbirləri nəticəsində məlum olub ki, Dağüstü kəndinin çölündə qoyun otararkən Həsənli kənd sakini, 1992-ci il təvəllüdlü Cəfərov Səfa Şirinbəy oğlu tanışı, 1997-ci il təvəllüdlü Məmmədov Fazil Fərhad oğlu ilə telefon danışığı zamanı aralarında yaranan mübahisə zəminində bir-birini nalayiq söyüşlərlə təhqir ediblər.

Nəticədə Fazil Məmmədov babasından qalmış ov tüfəngini və 2 güllə götürərək çölə gəlib və Fazil Məmmədova ov tüfəngindən bir dəfə atəş açmaqla sağ baldırından yaralayıb. Cəfərov Səfa Salyan rayon Xəstəxanasına, daha sonra Sumqayıt şəhər Xəstəxanasına yerləşdirlilib.

Faktla bağlı Salyan polis şöbəsində cinayət işi açılıb, araşdırma aparılır.

Milli.Az