9 aylıq, ağzı əmzikli terrorçunun məhkəməsi başlanıb - VİDEO - FOTO

5 Aprel 2014 09:55

Dünya hüquq praktikasında hələ belə hal olmamışdı. Ölkə heyrətdədir, çünki müttəhimlər kürsüsündə oturan şəxs atasının qucağındadır.

Onun ağzında əmzik var. Ətrafı da gah qorxaraq, gah da gülümsəyərək seyr edir.
 

Çünki bu müttəhim vur-tut 9 aylıqdır.

Milli.Az The Nation-a istinadən bildirir ki, Pakistan tarixində ilk dəfə olaraq müttəhimlər kürsüsündə 9 aylıq uşaq oturdulub.

Ağzında əmzik olan balaca Məhəmməd Musa Xan atasının qucağında idi. O, "qətlə cəhd, polisi hədələmək və dövlət qurumlarının fəaliyyətinə kobud müdaxilə"də suçlanır.
 

Prokurorun dediyinə görə, "bu şəxs potensial terrorçudur".

Məhəmməd Musa Xanla yanaşı, onun valideynləri və ailə üzvləri də suçlanırlar.

Məhkəmədə dövlət ittihamçısı bildirib ki, Lahor şəhərində yaşayan Məhəmməd Yasinin ailəsi qaz oğurluğunda suçlanır.
 

Müttəhimlər kürsüsündə 9 aylıq Məhəmməd Musa Xanla bahəm, onun atası Əmi, əmiləri İrfan, İmranTariq, habelə ailənin digər 13 üzvü də vardı.

Onlar cinayət başında yaxalananda polisə müqavimət göstəriblər və ailə üzvləri hətta polis əməkdaşlarından birini ölümlə hədələyiblər.

"Məhəmməd Yasinin ailəsinin mənsubları cinayət başında tutulanda polis əməkdaşlarını daşa basıblar. Onlardan biri isə polis zabitinə "İndi bu daşı başına vurub səni öldürərəm" söyləyib", - hakim Rəfaqat Əli Qəmər çıxışında deyib.
 

Onun sözlərinə görə, Lahor şəhərinin Tanedaran məhəlləsində yaşayan Məhəmməd Yasin aylardan bəri qaz pulu verməyib. Qaz idarəsinin işçiləri pulu istəməyə gələndə 75 yaşlı Məhəmməd Yasin onları söyür, qovurdu.

Qaz idarəsinin əməkdaşları naçar qalaraq Yasinin evinə polis əməkdaşlarının müşayiəti ilə yollanmalı olublar.
 

Məhəmməd Yasinlə yanaşı, onun oğulları İrfan və İmran, habelə İmranın 12 yaşlı oğlu polisləri daşa basıblar.

Məhkəmə prosesi aprelin 12-dək təxirə salınıb.
 

Məhəmməd Yasinin ailəsi və xüsusilə də 9 aylıq Məhəmməd Mus Xanın müttəhimlər kürsüsündə oturdulması ölkədə böyük qalmaqal yaradıb.

Pəncab ştatının baş naziri Şahbaz Şərif müttəhimlər kürsüsündə 9 aylıq uşağın oturdulmasını "biabırçılıq və rüsvayçılıq" adlandırıb: "Məhkəmə materiallarından belə çıxır ki, bu uşaq az qala terrorçudur, polisləri öldürmək istəyib. Vallah, gülünc məsələdir".
 

Məhəmməd Yasin isə deyib ki, məhəllələrinə aylardan bəri təbii qaz və elektroenerji verilməsə də, onlardan qaz və işıq pulu yığılır.

Məhəmməd Musa Xanın atası Əmi Yasin də baş verənləri "axmaqlıq" adlandırıb.

Milli.Az

Xəbərin mənbələri: 9-month-old booked for attempted murder

Nine-month-old booked for murder in Pakistan

Murder FIR against nine-month-old

Vigilant police book infant on murder charges 

Böyütmək üçün şəkillərə klikləyin.




Videonu izləmək üçün aşağıdakı şəklə klikləyin.