Windows XP-dən imtina etmək üçün 8 səbəb

4 Aprel 2014 17:09
2001-ci ildə Microsoft şirkəti ən uzunömürlü əməliyyat sistemini - Windows XP-ni istifadəyə verdi. Milli.Az Rusiya mətbuatına istinadən bildirir ki, 2014-cü ilin fevral ayında dünyadakı kompüterlərin 29.53%-nə məhz bu əməliyyat sistemi yüklənib. Populyarlığına görə ikinci yerdə dayanan əməliyyat sistemi isə Windows 7-dir. Bir çox istifadəçilər XP əməliyyat sistemindən razıdırlar və onu dəyişmək barədə düşünmürlər. Ancaq biz Windows XP-dən imtina etmək üçün vacib səbəbləri açıqlayacağıq. 

1. Windows XP artıq dəstəklənmir. Windows XP-nin əsas dəstək müddəti 2009-cu ildə bitib. Aprelin 8-dən isə əməliyyat sisteminin Microsoft şirkəti tərəfindən geniş dəstəyi də dayandırılacaq. Daha sistem üçün yenilənmələr buraxılmayacaq. Bu səbəbdən həmin əməliyyat sistemindən istifadə təhlükəsiz olmayacaq. Şirkət bildiyi boşluqları belə, bağlamayacaq. Bu da kibercinayətkarların məlumatları oğulmaqları üçün şərait yaradacaq. Dəstəyin dayanması xüsusilə də bütün dünyada Windows XP əməliyyat sistemi ilə çalışan bankomatların fəaliyyətində özünü göstərəcək. 

2. XP müasir kompüter texnikası üçün yararlı deyil. XP-nin sistem tələbləri belədir: 233 meqahers tezlikli prosessor, 64 meqabayt operativ yaddaş, 1,5 giqabayt sərt disk. Müasir kompüterlərin yanında bu göstəricilər gülünc görünür. 

3. Uyğunlaşma ilə bağlı problemlər var. Artıq bir çox kompüter oyunları XP-ni nəzərdə tutmur. Bu sistemə DirectX 10 və ya daha yüksək proqram təminatını yükləmək olmur. Bu fərq get-gedə daha da dərinləşəcək. 

4. Köhnə dizayn. Windows XP-nin dizaynı 13 il əvvəlki kompüterlərin gücünə uyğun hazırlanmışdı. 7-ci Windows ilə işləmək daha zövqlüdür. 

5. Windows XP üçün keyfiyyətli internet mağaza yoxdur. XP istifadəçiləri uyğun proqram təminatı tapmaq və onları yeniləmək imkanlarından məhrumdurlar. Bu cür mağazalar Windows 8, OS X və Ubuntu əməliyyat sistemləri üçün var. 

6. Sistemdaxili narahat və yavaş axtarış. Windows-un yeni versiyalarında axtarış daha rahat və sürətlidir. XP-də itmiş bir faylın axtarılması bəzən saatlarla vaxt çəkə bilər. 

7. Sürət məhdudiyyəti. XP üçün az resurs tələb olunmağına baxmayaraq, müasir kompüterlərdə Windows-un yeni versiyaları daha sürətli işləyir. İnformasiyanın sərt diskə yazılması, arxivin açılması və s. əməliyyatlar müasir sistemlərdə daha tez başa gəlir. 

8. XP-də bulud sinxronizasiyası yoxdur. XP hazırlanan dövrdə "bulud" (cloud) texnologiyaları yox idi. Müasir əməliyyat sistemləri isə Microsoft-un OneDrive anbarı ilə təchiz olunub. Faylları buludda saxlamaq çox asandır. Bu texnologiyalardan istifadə etməklə faylları bütün kompüterlərdə istifadə etmək olur. 
 

Milli.Az