Qax rayonuna 3,8 milyon manat ayrıldı

2 Aprel 2014 18:50
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Qax rayonunun Alatəmir-Marsan-Tasmalı-Zəyəm-Lələli avtomobil yolunun tikintisi ilə bağlı əlavə tədbirlər haqqında sərəncam verib.

Milli.Az AzərTAc-a istinadən xəbər verir ki, sənəddə deyilir:

"Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Yeddi min nəfər əhalinin yaşadığı 8 yaşayış məntəqəsini birləşdirən Alatəmir-Marsan-Tasmalı-Zəyəm-Lələli avtomobil yolunun tikintisinin davam etdirilməsi məqsədi ilə Azərbaycan Respublikasının 2014-cü il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə kəndlərarası avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin 3,8 milyon (üç milyon səkkiz yüz min) manatı Qax Rayon İcra Hakimiyyətinə ayrılsın.

2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində nəzərdə tutulan məbləğdə maliyyələşməni müəyyən olunmuş qaydada təmin etsin.

3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin".

Milli.Az