Əhməd Davudoğlu Abu Dabidə insidentlə üzləşdi

8 Noyabr 2010 13:42
Milli.Az xəbər portalı Türkiyənin "Anadolu" agentliyinə istinadən xəbər verir ki, Əhməd Davudoğlu və Türkiyə nümayəndə heyəti Abu Dabi hava limanında iki saat gözləməli olub. Əhməd Davudoğlunu hava limanında BƏƏ Xarici İşlər Nazirliyinin rəsmiləri qarşılayıblar. Protokol salonunda bir qədər oturduqdan sonra nazir Türkiyənin BƏƏ-dəki səfiri Vural Altayla birlikdə şəhər mərkəzinə doğru hərəkət edib. Lakin yolda məlum olub ki, nümayəndə heyətinin üzvləri ilə bağlı problem yaranıb və onlar hava limanında qalıblar. Əhməd Davudoğlu yenidən hava limanına qayıdıb və bəyan edib ki, nümayəndə heyətinin bütün üzvləri çıxmadan o da hava limanını tərk etməyəcək.

Araşdırma zamanı məlum olub ki, BƏƏ Daxili İşlər Nazirliyinin əməkdaşları Türkiyə nümayəndə heyəti üzvlərinin çantalarını yoxlayıb və Əhməd Davudoğlunun cangüdənlərinə məxsus radiotrelefon və silahlar tapılıb. Radiotelefon və silahların hava limanından çıxarılması ilə bağlı problem yaranıb. BƏƏ-nin daxili işlər və xarici işlər nazirliklərinin nümayəndələri arasında mübahisə düşsə də, tərəflər razılığa gələ bilməyiblər. BƏƏ-nin xarici işlər naziri Şeyx Abdullah Bin Zayid əl Nəhyan məsələ ilə bağlı məlumatlandırılıb. O, Əhməd Davudoğluna zəng edərək, üzr istəyib.

Əhməd Davudoğlu açıqlamasında bildirib ki, üzləşdikləri hadisədən təəssüflənirlər: "Xüsusilə Türkiyəyə, Türkiyə XİN-ə qarşı belə bir yanlışa yol verilməsinə təəssüflənirik".

Milli.Az