Şəhriyar Məmmədyarov: "Şahmat tacını Bakıya gətirmək ən böyük arzumdur"

2 Aprel 2014 17:43
Milli.Az xəbər verir ki, azərbaycanlı şahmatçı Şəhriyar Məmmədyarov azerisport.az saytına açıqlamasında Xantı-Mansiyskdə keçirilmiş iddiaçılar turnirindən, Kramnikə məğlubiyyətdən danışıb:

- İddiaçılar turnirini 3-5-ci yerlərdə başa vurdun. Çıxışını necə qiymətləndirirsən?


- Xantı-Mansiyskdə təşkil edilən mötəbər yarışda dünyanın ən güclü 8 şahmatçısı iştirak edirdi. İlk 3 turdakı uğursuzluğu nəzərə almasaq, çıxışım yaxşı alındı. Əlbəttə, buna super nəticə demək olmaz. Səfərə qələbə üçün getmişdim, yekunda isə 3-cü oldum. Start uğursuz oldu. Çoxlu sayda səhvlərə yol verməyim mənə baha başa gəldi. İlk istirahət günündən sonra özümə gəldim və artıq nəticə qazanmağa başladım. Sona yaxın - 7-ci turda artıq 1-ci yerə şansımın olmadığını başa düşdüm. Kramnikə məğlubiyyətdən sonra müəyyən mənada qalib olmayacağımla barışdım.

- Həmin partiyada üstünlüyün var idi...

- Kramniklə 7-ci turdakı partiyada qələbə qazanmağa çalışırdım. İstənilən vaxt heç-heçə edə bilərdim. Amma qələbə istəyirdim. Səhvə yol verdim və nəticədə uduzdum. Müəyyən mənada bəxtim də gətirmədi. Kramnikə məğlubiyyət məni həm də həvəsdən saldı. Şansım ilk pilləyə çox azaldı. Karyakinlə 12-ci turdakı partiyada dönüş etmək istədim. Anlayırdım ki, qələbə qazansam belə, artıq 1-ci yerə şansım, demək olar ki, yox idi.

- Məmmədyarov çıxışından razı qaldı?

- Düzünü deyim ki, yarışa yaxşı hazırlaşmışdım. Azərbaycan mənim üçün hər cür şəraiti yaratdı. Yığmadakı komanda yoldaşlarım, eyni zamanda kapitanımız Aleksandr Xalifmanın daxil olduğu komandam var idi. Hazırlıq yaxşı keçdi. Əgər 8 güclü şahmatçının yarışında 3-cü oldumsa, üstəlik reytinqimi artırdımsa, naraza ola bilmərəm. Reytinqim artdı. Sadəcə, turnirdə qələbə qazanmaq tam başqa hissdir. Onu bacarmadım.

- Startdakı uğursuzluğa səbəb nə idi?

- Son 4 ayda heç bir yarışda iştirak etməmişdim. Bu, çox pis idi. Özüm də anlayırdım. 2 il əvvəl Kazandakı iddiaçılar turnirində də həmin hadisə olmuşdu. Praktika olmadan çətindir. Əlbəttə, yoldaşlıq görüşləri keçirirdim. Məşqdə müəyyən partiyalar oynayırdıq. Amma turnir başqadır. Həmin həyəcan və məsuliyyət olmur.

- Niyə iki dəfə eyni səhvi təkrarladın. Axı Kazanda da 4-5 ay yarış ərəfəsində oynamadın. İndi yenə heç bir yarışda iştirak etmədin...


- Düzünü deyim ki, heç bir yarışdan dəvət almadım. Əgər heç bir güclü yarışdan dəvət almıramsa, necə oynaya bilərəm. Hər hansı bir turnirdən dəvət alsaydım, böyük həvəslə iştirak edəcəkdim. Lakin reytinqli turnirlərdən dəvət olmadı. Yalnız "Open" xarakterli yarışlara qatılmağım mümkün idi. Bunu istəmədim. Fikrimcə, iddiaçılar turnirinə hazırlaşan şahmatçının açıq xarakterli turnirlərdə nisbətən zəif şahmatçılarla qarşılaşması düzgün deyil.

- Bəziləri deyirlər ki, Xantı-Mansiyskdəki turnirin heyəti ötən il Londonda keçirilən iddiaçılar turnirinin iştirakçılarından zəif idi...

- Ümumi orta reytinq Londonda yüksək idi. Amma Xantı-Mansiyskdə bütün şahmatçılar əla formada idi. Orada oynanılan gedişlər, debütlər maraqlı idi. Bu yarışa hamı hazırlıqlı gəlmişdi. Xüsusilə Anandı qeyd etmək istərdim. Anand super oyunlar sərgilədi. Karyerasının ən yaxşı vaxtlarında olduğu kimi hamıdan üstün oynadı. Yalnız bir partiyada müəyyən mənada Karyakin ona çətinlik yaratdı. Vişvanatan Anandın güclü şahmatçı olması sirr deyil. Sadəcə iddiaçılar turnirini belə yüksək səviyyədə keçirməsi yaxşı vaxtlarının arxada qalmamasını göstərdi.

- Anandın Maqnus Karlsenə qarşı şansı var?


- Əgər iddiaçılar turnirində oynadığı kimi mübarizə aparsa, Karlsenə asan olmayacaq. Amma nəzərə alaq ki, çempionluq görüşünə bir neçə ay var. Həmin oyunda Anandın hansı formada olacağı məlum deyil. Bu asılıdır hazırlıqdan. İndi Anand super səviyyədədir. İstənilən halda bizi super çempionluq matçı gözləyir.

- Son mətbuat konfransında Kramniklə maraqlı dialoq alındı. Rus şahmatçı soruşdu ki, Şəhriyar nə vaxt dünya çempionu olacaqsan?

- Hər bir şahmatçının arzusudur çempion olmaq. Bu hədəf uğrunda mübarizəni davam etdirirəm. Bu dəfə alınmadı. Səhvlərdən nəticə çıxaracam. Boris Gelfand kimi usta şahmatçı 44 yaşında çempionluq matçında oynamaq imkanı qazandı. Mənim vaxtım var ki, hədəfə çatım. Şahmat tacını Bakıya gətirmək ən böyük arzumdur.

- Aprelin sonunda Şəmkirdə mərhum şahmatçı Vüqar Həşimovun xatirə turniri keçiriləcək. Yorğunluq hiss olunmayacaq səndə?


- Vüqar Həşimovun xatirə turnirinin səviyyəsi iddiaçılar turnirindən geri qalmır. Şəmkirdə ən güclü şahmatçılar mübarizə aparacaq. Maqnus Karlsenin də yarışda iştirakı turnirə marağı artırır. Düzünü deyim ki, Şəmkirə, sadəcə, iştirak üçün deyil, qalib gəlmək üçün yollanacam. Vüqarın xatirəsinə həsr olunan ilk yarışda qalib gəlmək çox yaxşı olardı. Bunun üçün mübarizə aparacam.

Milli.Az