Tahir İmanov: "Əvvəllər müğənnilər, indi də məmurlar"

2 Aprel 2014 11:18
Hansı məmur onu parodiya etdiyi üçün Tahir İmanova xəbərdarlıq etdi?
Milli.Az gecce.az-a istinadən xəbər verir ki, "Space" telekanalında yayımlanan "Günaydın" verlişinin bugünkü mövzusu "Gülüş günü"nə uyğun olaraq "Güldürməyi bacarırıqmı?" sualı ətrafında aparılan müzakirələrlə yadda qalıb. Verilişin qonaqları sırasında "KVN Parni İz Baku"nun "veteran" yumor ustası Tahir İmanov, istedadlı aktyor Elməddin Cəfərov və yumoristlərin ən çox parodiyasına məruz qalan müğənni Elariz Məmmədoğlu olub.

Aparıcı Vüsalə Kərimovanın Tahir İmanova ünvanladığı "Parodiya etdiyiniz şəxslər sizdən narazı qalıb inciyirlərmi?" sualına KVN-çi cəsarətli etirafı ilə diqqət çəkib:

"Əvvəllər müğənnilər onları parodiya etdiyimiz üçün narazılıq edirdilərsə, indi məmurlar başlayıblar. Müğənnilər öz yerlərini məmurlara verdilər. Heç kəs deyə bilməz ki, mən hər kəsin xoşuna gəlirəm. Zövqlər müxtəlifdir. İnsan var ki, yumor hissi yoxdur heç. Biz bu səbəbdən də hər zaman öz pərəstişkarlarımıza müraciət edirik. "Xalqıma" deyərək bu vaxta kimi heç bir konsert öncəsi və konsertdə bu ifadədən istifadə etməmişik. Çünki bu xalqın hər bir nümayəndəsi bizi xoşlaya bilməz və "xalq" deyəndə bura bütün təbəqənin nümayəndələri aid edilir".

Milli.Az