Bakıda möcüzənin içindən üfunət çıxdı - FOTO

2 Aprel 2014 10:48
Masazır qəsəbəsindəki "Şok" supermarketində keyfiyyətsiz məhsullar satılıb. Milli.Az xəbər verir ki, bu barədə Day.Az saytına oxuculardan biri məlumat verib. 

Onun sözlərinə görə, bir neçə gün əvvəl həmin marketdən "Çudo" (möcüzə) adlı pudinq alıb. Məhsulun saxlama müddəti də qaydasında olub. Oxucu həmin məhsulu evdə açanda gördüklərindən şok olub. Üfunət iyi evi bürüyüb. 

Oxucu soruşur ki, əgər mağaza məhsulu geri qaytarmaqdan imtina edərsə, nə etmək lazımdır? 

Məsələ ilə əlaqədar saytın əməkdaşı Respublika Gigiyena və Epidemiologiya mərkəzinin qida gigiyenası şöbəsinin müdiri İmran Abdullayevlə əlaqə saxlayıb. 

"Biz bu faktı araşdırmağa hazırıq, - Abdullayev deyib. - Bunun üçün mərkəzin direktorunun adına məktub yazmaq lazımdır. Həmin məktubda məhsulun alınma tarixi, çek və defekt göstərilməlidir. Oxucu bizə yazsın və araşdıraq". 

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov isə deyib ki, korlanmış məhsulun satışı istehlakçının hüquqlarının pozulmasıdır. 

"Əgər məhsul istifadə müddətindən əvvəl korlanıbsa, deməli, saxlama qaydalarına əməl olunmayıb. Bizim quruma tez-tez belə müraciətlər daxil olur. Əgər mağaza istehlakçıya keyfiyyətsiz məhsul satıbsa, həmin məhsulu geri götürməli və pulu qaytarmalıdır. Əgər mağaza pulu qaytarmaqdan imtina edirsə, alıcı bizə və ya Dövlət Antiinhisar Siyasəti və İstehlakçıların hüquqlarının xidmətinə müraciət edə bilər", - o əlavə edib.

Milli.Az

Böyütmək üçün şəkillərə klikləyin.