Çin 412 milyon smartfon buraxacaq

31 Mart 2014 19:57
Digitimes Research analitik şirkətinin proqnozuna əsasən, 2014-cü ildə Çinin smartfon istehsalçıları dünya bazarına qurğuların tədarükünü 30,7 faiz artıraraq 412 milyon ədədə çatdıracaqlar. Qeyd edək ki, bundan əvvəlki proqnozda 2013-cü ilə nisbətdə 28 faizlik artım və 407 milyon ədədlik tədarük həcmi barədə məlumat verilib.

Milli.Az ICTnews-a istinadən bildirir ki, Çin şirkətləri göstərilən həcmdən 126 milyonu xarici bazarlara tədarük edərək diqqəti artım tempinin inkişaf etmiş ölkələrdən daha yüksək olacağı iqtisadiyyatı formalaşmaqda olan ölkələrə yönəldəcək.

Analitiklər ayrı-ayrı istehsalçılar haqqında söhbət açaraq qeyd ediblər ki, 2014-cü ildə Çinin smartfon sahəsinin nəhəng istehsalçıları Lenovo və Huawei şirkətləri olacaq. Belə ki, şirkətlərin hər birinin dünya bazarına təxminən 50 milyon smartfon tədarük edəcəyi gözlənilir. Bundan başqa, Huaweiin ixrac etdiyi qurğuların sayının Lenovonun ixrac etdiyindən daha yüksək olacağı proqnozlaşdırılır.

Digitimes Researchin proqnozuna görə, liderlər beşliyində hərəyə 35,5 milyon smartfon tədarük edəcək ZTE və CoolPad, eləcə də 26 milyonluq qurğu göstəricisi ilə TCL şirkətləri yer alacaq. Mütəxəssislər onu da əlavə ediblər ki, Gionee və Xiaomi Technology şirkətləri hərəyə 20 milyon smartfon tədarük edəcək.

Hesabatda o da vurğulanır ki, Çin nəhəng regional smartfon bazarı olaraq qalacaq. Cari ildə bu ölkədə 422 milyon qurğunun satılacağı güman edilir ki, bunun da 278 milyonunu yerli istehsalçılar, 144 milyonunu isə xarici istehsalçılar, o cümlədən Samsung və Apple şirkətləri tədarük edəcək.

Milli.Az