Parisdə Ukrayna müzakirəsi

31 Mart 2014 11:38
ABŞ-ın dövlət katibi Con Kerri və Rusiyanın xarici işlər naziri Sergey Lavrov martın 30-u axşamı Parisdə bir araya gəliblər.

Rusiyanın Fransadakı səfirliyində keçirilən görüşdə Ukrayna böhranı müzakirə olunub.

"Media forum" saytının məlumatına görə, bağlı qapılar arxasında bir neçə saat söhbətləşən Kerri və Lavrovun görüşü şam yeməyi arxasında davam edib.

Görüşdən sonra jurnalistlərin qarşısına çıxan Lavrov deyib ki, Ukrayna böhranından çıxış yolu konstitusiya islahatları həyata keçirmək və ölkəni federallaşdırmaqdır. O, görüşün səmərəli olduğunu qeyd edib, amma hər hansı konkret razılığa gəlinmədiyini vurğulayıb.

Kerri isə jurnalistlərə açıqlamasında deyib ki, Ukraynanın gələcəyini Ukrayna xalqı müəyyənləşdirməlidir, onun federallaşmasına başqaları qərar verə bilməz. Dövlət katibi əlavə edib ki, böhranın aradan qaldırılması üçün Ukraynanın indiki hakimiyyəti ilə danışıqlara gedilməlidir: "Ukraynasız Ukrayna barədə heç bir qərar çıxarılmamalıdır".

Kerri həmçinin deyib ki, ABŞ Krımın Rusiyaya birləşdirilməsini tanımır və tanımaq niyyətində də deyil.

Milli.Az