Bakı-Frankfurt aviareysi təxirə salındı

28 Mart 2014 16:27
Bu gün Bakı-Frankfurt (Almaniya) istiqamətində "Lufthansa" aviaşirkətinin LH-613 nömrəli aviareysi təxirə salınıb
Saat 05:10-a təyin olunan reys yerinə yetirilməyib. Bunu APA-ya şirkətin Bakıdakı nümayəndəliyindən bildiriblər. Məlumata görə, bu aviareys martın 30-da saat 06:00-da həyata keçiriləcək.

Şirkətin Bakı nümayəndəliyindən əlavə ediblər ki, Bakı-Frankfurt aviareysinin təxirə salınması Almaniyada hava limanlarının yerüstü işçilərinin əmək haqlarının artırılması və əmək şərtlərinin yaxşılaşdırması tələbi ilə tətil keçirməsi ilə bağlıdır.

"Bu tətilə görə ölkənin, demək olar ki, bütün hava limanları, o cümlədən Avropada böyüklüyünə görə üçüncü sayılan Frankfurt aeroportunun işi iflic olub", - deyə bildirilib.

Qeyd edək ki, Bakı-Frankfurt istiqamətində uçuşlar həftənin çərşənbə axşamı, çərşənbə, cümə axşamı, cümə və bazar günləri səhər saat 06:00-da yerinə yetirilir.

Milli.Az