“Arşın mal alan” marionet teatrının təqdimatında
5 Noyabr 2010 12:03
Noyabrın 8-16-da "İbrus" Teatrının səhnəsində "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin təşkilati dəstəyi ilə "Tərlan Qorçu Marionet Teatrı" tərəfindən Üzeyir Hacıbəyovun eyniadlı əsəri əsasında hazırlanmış "Arşın mal alan" tamaşası göstəriləcək. "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin mətbuat xidmətindən Milli.Az xəbər portalına daxil olan məlumata görə, bu dəfə 97 yaşlı "Arşın mal alan" komediyasının qəhrəmanlarını marionet kuklalar canlandıracaq. Əsər tamaşaçıları tamamilə fərqli tərzdə bir müddətlik XX əsrin əvvəllərinin köhnə Bakısına qaytaracaq, dövrün ab-havasını hiss etdirəcək. Tam həcmdə təqdim ediləcək tamaşaya daxil olan ariyalar Xuraman Qasımova (Gülçöhrə), İlqar Muradov (Əsgər) kimi məşhur müğənnilər tərəfindən səsləndirilib. İçəri Şəhərin simalarının da yer aldığı bu maraqlı tamaşa həm böyüklər, həm də uşaqlar üçün nəzərdə tutulub.
Azərbaycanda ilk marionet teatrının təsisçisi olan Tərlan Qorçunun rəhbərlik etdiyi kollektiv "Arşın mal alan" tamaşası ilə Fransa, ABŞ, Rusiya, Polşa, Almaniya və İsveçrə kimi ölkələrdə qastrol səfərlərində olub. Bu klassik əsər əcnəbi tamaşaçıların xüsusi marağına səbəb olub və böyük rəğbətlə qarşılanıb.
Milli.Az