App Store-a o da əlavə olundu

17 Mart 2014 20:56
Sharing Selfies istifadəçilərə ənənəvi olaraq öz şəkillərini çəkmək və dostları ilə paylaşmaq imkanı verən proqram toplusudur

Apple şirkəti App Store onlayn-mağazasına fotoçəkiliş üçün selfie mobil proqramı bölməsini əlavə edib. Selfie sözü smartfon və ya veb-kameranın köməyilə istifadəçinin özü tərəfindən çəkilən və sosial şəbəkələrdə yerləşdirilən fotoşəkil mənasını verir. Bu neologizm Oksford lüğətinin versiyasına əsasən, 2013-cü ildə ilk dəfə rəsmi olaraq tanınıb. Lüğətin redaktorları müəyyən ediblər ki, bir il ərzində ingilis dilində selfie sözündən istifadə tezliyi 17000% artıb.

Milli.Az ICTnews-a istinadən bildirir ki, Sharing Selfies bölməsi Featured menyusunda yer alıb. Bu bölmə hələ ki, ABŞ və ya Böyük Britaniyada qeydə alınmış App Store hesabından istifadə üçün aktivdir. Sharing Selfies-də istifadəçilərin öz şəkillərini çəkərək dostları ilə paylaşa biləcəkləri Close-up daily selfies, Snapchat, Frontback, Facetune, Everyday və Picr kimi proqramlardan istifadə mümkündür.

Selfie sözünün məşhurluğu bu il Oskar mükafatının təqdimat mərasimində bir daha təsdiqlənib. Twitter-də aktyorların şəkilləri ən məşhur tvit olub. Belə ki, bir saat ərzində şəkillərə təxminən, 2 milyon istifadəçi şərh yazıb. Hazırda retvitlərin ümumi sayı isə 3,4 milyon təşkil edir. Selfini öz hesabında mərasimin aparıcısı Ellen Dedceneres yerləşdirib. Onunla birlikdə mobil telefonla çəkilmiş şəkillərdə Ancelina Coli, Bred Pit, Meril Strip, Bredli Kuper və digər dünya şöhrətli aktyorlar yer alıblar.

Milli.Az