Bakıda alça satıcını utandırdı - FOTO
16 Mart 2014 10:14
Ölkədə hələ çiçək açmayan alça ağaclarının artıq iri meyvələri paytaxt bazarlarını və iri marketləri bəzəyir.
"Yeni Müsavat" yazır ki, süni şəkildə yetişdirilərək satışa çıxarılan alça, çiyələk və qarpızın qiymətini, haradan gətirildiyini öyrənmək üçün "Yaşıl bazar"a və paytaxtda fəaliyyət göstərən bir neçə iri marketə baş çəkdik. Bazarda xüsusi qablaşdırmada olan çiyələyin 150 qramı 6 manata satılırdı.
Satıcı bizi alıcı zənn edib çiyələyin qiymətindən 1 manata düşərək "gəlin 5 manata aparın" dedi. Çiyələk çox iri idi. Onun bu mövsümdə bu qədər iri olması təbii yolla yetişmədiyindən xəbər verirdi. Satıcı çiyələyin Türkiyədən gətirildiyini dedi: "5 manat 50 qəpiyə özümüz alırıq. Üstünə cəmi 50 qəpik qoyuruq. Amma heç alıcısı yoxdur. İnsanların çoxu almağa qorxur ki, zəhərlənmə olar. Çiyələk zəhərlənməsi pis olur. Düzünə qalsa, heç mən özüm də dadına baxmamışam".
Satıcı müştərisinin əsasən hamilə qadınlar, uşaqlar, xəstə və yaşlı insanlar olduğunu dedi.
Bazarda 1 kiloqram alça isə nə az, nə çox - düz 200 manata satılır. Kiloqramı 200 manata olduğu üçün alça 200 qramlıq qablarda satılır. Qablaşdırılmış alçanın 150 qramı 50 manatdan təklif olunur. Bazara gəlib alçanın qiymətini soruşan alıcı isə eşitdiyi rəqəmdən şoka düşüb uzaqlaşır.
Bazarda tək-tük piştaxtalarda qarpıza da rast gəlmək olur. Qarpızın kilosu 15-20 manat arasında satılırdı. Qarşısına 2 ədəd qarpızı qoyub satan satıcıya yaxınlaşıb qarpızın haradan gətirilməsi ilə maraqlandıq. Satıcı dedi ki, satdığı qarpız ötən mövsümdən qalmadır: "Sabirabad qarpızıdır. Keçən mövsümdən xüsusi şəraitdə saxlamışıq. Bu vaxtlarda qarpız alanlar az-az olur. Amma yenə də satılır. Düzdür, təzə yetişmiş qarpız kimi dadmır. Amma pis də deyil".
Marketlərdə isə alçanı dənə ilə satırdılar. "28 Mall"da yerləşən "Bazar Store"a üz tutduq. Marketin meyvə-tərəvəz satılan bölməsində kağıza yazılan yazı diqqətimizi çəkdi. Elan belə idi: "Satışda alça da var". Ancaq biz piştaxtada çiyələyi görsək də, alçanı görə bilmədik. Satıcıya yaxınlaşıb satışda alça olub-olmadığını soruşduq. Satıcı "var, amma, gizlətmişik" deyir. Daha sonra tərəzinin yanındakı siyirməni çəkərək oradan içində 4-5 dənə alça qalmış qabı çıxarıb "qalan alça budur, hamısı satılıb. Bunun da bir dənəsi 6 manatdır" dedi.
Buradan çıxdıqdan sonra, metronun "28 May" stansiyası yaxınlığında yerləşən digər marketə yollandıq. Burada satışda alça yox idi. Amma satıcı bildirdi ki, əgər alça almaq istəyiriksə, sifarişlə gətirə bilərlər. Satıcı alçanın bir ədədini 11 manat 50 qəpiyə gətirəcəklərini dedi.
Məsələyə münasibət bildirən Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov dünyanın heç yerində belə bir halın olmadığını dedi: "Bu il Azərbaycanda dünyanın heç bir yerində olmayan bir hadisə baş verdi. Bu il Azərbaycan bazarında alçanı bir dənəsi 12 manata, çiyələk 7 manata oldu. Dünyanın heç bir yerində belə hadisə baş verməyib. Təsadüfi deyil ki, ölkə prezidenti 2011-ci ilin 14 yanvarında Nazirlər Kabinetinin yığıncağında ölkədə şişirdilmiş qiymət olduğunu dilə gətirdi. Dövlət orqanlarına xəbərdarlıq etdi. 16 yanvar 2014-cü ildə ayrıca kənd təsərrüfatı üzrə ərzaq məhsullarının bazarda təkmilləşdirilməsinə dair tədbirlər haqda fərman imzaladı. Burada da şişirdilmiş qiymətlərə qarşı mübarizə aparılmasının vacibliyindən danışdı. Ölkədə onlarla soyuducu anbarlar var. Alça yeganə məhsuldur ki, onun heç vaxt Azərbaycanda bar gətirməyən vaxtı olmur. Bu soyuducu anbarlarda alçanı saxlayıb qiymətin şişirdilməsinin qarşısını almaq olardı.
Bu, bazardakı anormal vəziyyətin nəticəsidir. Həmçinin Azərbaycan bazarının dünya bazarına inteqrasiya olmamasının, Azərbaycan bazarında qiymətin inhisarçılar tərəfindən müəyyənləşdirilməsinin, ölkədə effektli istehlakçı siyasətinin olmamasının nəticəsidir. Martın 14-də Xaçmazda keçirilən yığıncaqda da bunu qeyd etdim. Kənd Təsərrüfatı Nazirliyi belə məsələlərə diqqət yetirməlidir. İstehlakçıların hüquqlarının pozulması axırıncı pullarının o cür israfçılığa xərclənməsinə gətirib çıxaran bir amildir".
Milli.Az
Böyütmək üçün şəklə klikləyin.