İnternetə nəzarət olmayacaq?

15 Mart 2014 16:46
ABŞ hakimiyyəti qlobal internet şəbəkəsinin idarə edilməsi üzərində birbaşa nəzarətdən həmişəlik imtina etmək qərarına gəlib. Bu barədə The Washington Post qəzeti ABŞ Ticarət Nazirliyinin nümayəndəsi Lourens Striklinqin sözlərinə istinadən məlumat verib. Məqalədə qeyd olunur ki, internetin Birləşmiş Millətlər Təşkilatının (BMT) nəzarəti altına verilməsi tam istisna edilir.

Milli.Az ICTnews-a istinadən bildirir ki, hələlik internetin texniki koordinasiyası ilə əsasən Los-Ancelesdə yerləşən ICANN (Internet Corporation for Assigned Names and Numbers - internetdə domen adların və zonaların verilməsini həyata keçirən qeyri-kommersiya təşkilatı) korporasiyası məşğul olur. The Washington Postun məlumatına görə, korporasiyanın Ticarət Nazirliyi ilə imzaladığı sazişin müddəti növbəti ildə başa çatacaq. İndiyədək sazişin müddəti mütəmadi olaraq uzadılıb, lakin hazırda bunun təkrarlanacağı hələ ki məlum deyil. Hər halda ICANN prezidenti Fadi Şehade bəyan edib ki, bütün dünya ictimaiyyətinin cəlb ediləcəyi keçid prosesinin başlanmasını alqışlayır.

Qəzetin yazdığına görə, ABŞ hakimiyyəti internetin federal hökumət nəzarətindən yeni rejimə keçidi üçün kəskin şərtlər və müddət müəyyən edib.

Hakimiyyət nümayəndələrinin sözlərinə görə, dünyada əsas maraqlı tərəflərin etibarını qazanacaq yeni nəzarətedici orqanın yaradılmasına ehtiyac duyulur. Burada söhbət əksər ölkələrin müdafiə etdiyi, ABŞ-ın isə çoxdan əleyhinə çıxış etdiyi BMT-dən getmir.

Məlumata əsasən, qəbul edilmiş qərarın praktiki nəticələri hələ ki aydın deyil. Lakin qərar dünyada ABŞ-ın internetə nəzarəti və öz nəzarətedici rolunun üstünlüklərindən istifadə etməsi ilə bağlı yaranan şikayətlərin qarşısını ala bilər.

Milli.Az