"Kurtlar Vadisi Pusu"da Azərbaycandan və nurçulardan danışıldı - YENİLƏNİB - VİDEO

14 Mart 2014 15:23

15:23

Türkiyənin 10 ildən artıqdır davam edən "Kurtlar vadisi" serialının son bölümündə yenə də Azərbaycan məsələsi gündəmə gəlib. Bundan əvvəl "ünlü iş adamı Kəmaləddin bəy"i öldürən serial bu dəfə Azərbaycana yeni mason Baronu "təyin edib". Bu, Vahab Kuzuzadə adlı birisidir. Sosial şəbəkələrdə iddia olunur ki, V.Kuzuzadə əslində tanınmış politoloq, Azərbaycan prezidentini siyasi məsələlər üzrə keçmiş müşaviri, Amerikaya yaxın siyasətçi olan Vəfa Quluzadədir.

Serialın sətiraltı iddiaları ilə bağlı musavat.com Vəfa Quluzadənin də mövqeyini öyrənib. Bəlli oldu ki, siyasəti son dərəcə ciddi iş sayan Vəfa müəllim informasiyaların seriallarla ötürülməsinə ciddi yanaşmır: "Mən bu serialı heç zaman izləməmişəm. Türkiyə gündəmini də yalnız belə demək mümkünsə, həvəskar səviyyədə izləyirəm. Adımın hansısa serialda çəkilməsi, prototipimin yaradılması mənimçün maraqlı deyil".

Serial müəllifləri bir neçə epizodda Türkiyə gündəminə də müdaxilə ediblər. Epizodlardan birində "Hoca" ləqəbli xarici işlər naziri ilə (Əhməd Davudoğlunun prototipidir) baş qəhrəman Polad Ələmdar istintaq prosesi haqqında danışır. Hər sözdən bəlli olur ki, söhbət 17 dekabr böyük "rüşvət əməliyyatı" üzrə açılan istintaqdan gedir. Rəsmi şəxs - dövlətin klonlaşdırıldığını, istintaq prosesindəki dindirmələrə müdaxilə edə bilmədiklərini deyir. Polad təəccüblə dövlətin sinir uclarının uyuşdurulduğundan, reflekslərin dayandığından danışır. Baş qəhrəman daha sonra rəsmiyə "dövləti "tapınaqçılar"mı klonlaşdırıb, onları kim himayə edir" sualını verir. Rəsmi şəxs cavab verir: "Sadəcə "tapınaqçılar" deyil. Başqa qüvvələr də var. Biz diqqətimizi kənar təhlükələrə ayırdıqda onlar içimizə yerləşiblər. "Tapınaqçıları" bəsləyən isə hamımızın yaşı tanıdığımız Möhtərəm bəydir".

Bununla da baş nazir Ərdoğanın yaxın qohumlarına məxsus olan "A"tv-də yayınlanan "Qurdlar vadisi" serialı tərəf tutaraq, ABŞ-da mühacirətdə olan Türkiyənin dinin liderlərindən Fətullah Güləni düşmən obrazında təqdim edir. Tam əksinə, filmdən belə anlaşılır ki, Dərin Dövlət rəsmi dövlətlə birlikdə London Birjasında maliyyə əməliyyatı keçirəcəkmiş, Ərdoğanın evindəki 1 milyard dollar həcmindəki nağd pul da bu məqsədlə saxlanılırmış, masonalar və "Möhtərəm bəy"ə xidmət edən prokurorlar, "paralel yapılanma" bunun qarşısını almaqla, Türkiyəyə xəyanət edib. AKP funksioneri kimi çıxış edən Polad Ələmdar isə T. Ərdoğanı 30 mart bələdiyyə seçkilərindəki səsini artırmaq üçün mümkün olan hər şeyi edir. Serialın son bölümündə prokuror Zəkəriyyə Özün də obrazı canlandırılır.


---------
13:21

Türkiyənin ən populyar teleseriallarından olan "Kurtlar Vadisi Pusu"nun 218-ci seriyasında ölkədəki olaylarla bağlı çeşidli mesajlar yer alıb.


Ötən ilin dekabrın 17-dən bəri Türkiyədəki nurçuların və onların lideri, hazırda ABŞ-da yaşayan Fətullah Gülənin rəsmi Ankaraya qarşı ideoloji savaşlarına "Kurtlar Vadisi Pusu" mövqeyini bildirib.


Prokuror Leylanın gizli kamera ilə çəkilmiş videogörüntülərlə bağlı sorğu-suala çəkildiyi seriyada Suriyaya yardım aparan ağır tonnajlı yük maşınlarını jandarmlar dayandırırlar. Maşındakılar çölə çıxarılır, onlara "Yerə uzanın!" əmri verilir. Bu zaman maşındakılarla jandarmlar arasında maraqlı dialoq yaşanır.


Kara tutulur və prokurorun qarşısına çıxarılır.


Prokuror ondan "Azərbaycana, Bosniya-Hersoqovinaya, Fələstinin Qəzza bölgəsinə niyə getdiniz? Oradakı əməliyyatlar üçün kimdən əmr aldınız?" soruşur.


Bu zaman yardımçısı prokurora yaxınlaşıb bildirir ki, İsrailin paytaxtı Təl-Əvivdən zəng gəlib.

Sinirlənmiş Kara yerindən dik atılır, prokurorun yaxasından yapışıb deyir: "Mən hansı ölkədəyəm, məni hansı ölkənin adından sorğu-sual edirsən?!"


Ekspertlərin fikrincə, "Kurtlar Vadisi Pusu" bu minvalla nurçuların "bizə qarşı olanların arxasında İsrail durur" iddialarını parodiya edib.


Belə davranış Polat Aləmdar rolunu oynayan tanınmış aktyor Necati Şaşmazın Türkiyə iqtidarına dəstək verməsi kimi dəyərləndirilir.


Milli.Az


Videonu izləmək üçün şəklə klikləyin.