YAP-da Seyşel Adaları Respublikasının sabiq Prezidenti ilə görüş keçirilib

14 Mart 2014 10:18
Bu gün Yeni Azərbaycan Partiyasının mərkəzi qərargahında Baş nazirin müavini, YAP-ın sədr müavini-icra katibi Əli Əhmədovla Seyşel Adaları Respublikasının sabiq Prezidenti Sir Riçard Mançam arasında görüş keçirilib.

Trend-in məlumatına görə, qonağı salamlayan Ə.Əhmədov qeyd edib ki, R.Mançamın Azərbaycana münasibəti ölkə üçün çox qiymətlidir: "Bu, sizin Azərbaycana ikinci səfərinizdir və bu səfər sizə Azərbaycanı daha yaxından tanımaq imkanı verəcək".

Ə.Əhmədov eyni zamanda ötən il Azərbaycanda prezident seçkilərində iştirak etdiyinə və dəstək göstərdiyinə görə qonağa təşəkkürünü bildirib: "Biz sizi Azərbaycanın, Azərbaycan xalqının dostu hesab edirik".

Səmimi qəbula görə minnətdarlığını bildirən qonaq Azərbaycana səfər etməkdən şad olduğunu qeyd edib. O bildirib ki, Sovet imperiyası zamanı Azərbaycan barədə məlumat əldə etmək mümkünsüz idi: "Lakin Azərbaycan müstəqillik əldə etdikdən sonra ölkəyə gələndə təəccübləndim və bu ölkə ilə tanışlıqdan məmnum oldum".

Görüşdə YAP icra katibinin müavinləri Mübariz Qurbanlı, Siyavuş Novruzov da iştirak ediblər.

Milli.Az