"Lineyn trilogiyası" təqdim olundu - FOTO

13 Mart 2014 15:15
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında Mədəniyyət və Turizm Nazirliyi, British Council Azərbaycan nümayəndəliyinin birgə "Teatr əməkdaşlığı" layihəsi çərçivəsində hazırlanmış tamaşaların premyeraları keçirilib.

Teatrın mətbuat xidmətindən Milli.Az-a verilən məlumata görə, "Oskar" mükafatı laureatı Martin MakDonaxın "Lineyn trilogiyası" əsəri əsasında hazırlanmış "Lineyn vilayətinin gözəllik kraliçası", "Konnemarada bir kəllə", "Yalqız Qərb" tamaşaları eyni gündə ayrı-ayrı seanslarda nümayiş etdirilib.

Böyük Britaniyadan dəvət olunmuş teatr rejissoru Yan Uilem Van Den Boş, üç yerli rejissorumuz Ayla Osmanova, Sərvər Əliyev, Gülnar Hacıyeva və teatrın aktyorları, Əməkdar Artistlər Naibə Allahverdiyeva, Şəfəq Əliyeva, Qurban İsmayılov, Elşən Rüstəmov, aktyorlar Zülfiyyə Alhüseynova, Nigar Məmmədova, Vüqar Məmmədəliyev, Rasim Cəfərov, Manaf Dadaşov, Eşqin Quliyev, Anar Səfiyev, Vüsal Mehrəliyev iştirak ediblər.

"Lineynin Gözəllik Kraliçası" adlı ilk tamaşa özündə qara komediya, melodrama, vahimə və soyuq faciə elementlərini cəmləşdirir. Hadisələr 1990-cı illərin əvvəlində, İrlandiyanın Konnemara vilayətinin Lineyn kəndində baş verir.

Pyesin süjet xətti Meq adlı 70 yaşlı xudbin və hiyləgər anasına qulluq edən 40 yaşlı ərə getməmiş Morin Folan adlı qızın taleyini əks etdirir.. Keçmişdə ruhi xəstəliyə düçar olmuş Morin isə anası ilə qeyri-sağlam münasibətlər mühitində ilişib qalmışdır. Pato Dulinin gəlişi onun bütün həyatını dəyişmək iqtidarına malikdir...

"Konnemarada bir kəllə" pyesində hər payızda, yeni ölülər üçün planlı surətdə yer açmaq məqsədilə yerli qəbiristanlığın təyin olunmuş hissələrində qəbirləri bir həftə ərzində sökərək cənazə qalıqlarını çıxartmaq işi Mik Dauda tapşırılır. Öz mərhum arvadının qəbirini qazmağın vaxtı gəlib çıxanda, Mik Daud arvadının yeddi il əvvəl baş vermiş vaxtsız ölümündə öz iştirakına dair qəribə şaiələrlə yenidən üzləşir...

"Lineyn Trilogiyasının" son hissəsi olan "Yalqız Qərb"də atalarının bədbəxt hadisə kimi qələmə verilmiş ölümündən sonra iki qardaşın arasındakı dava-söyüşmə səngimir. Qardaşı ilə söyüşüb savaşarkən, Koulmən açıqlayır ki, saç düzümünü lağa qoyan atasının başına tüfəngi dirəyib qəsdən atəş açmışdır. Hər hansı sıxıntı və ya təəssüf hissi keçirməyən qardaşın bu etirafı pyesin ümumi tonu və tərzini əks etdirir...

Hər üç tamaşa böyük anşlaqla nümayiş olunaraq, tamaşaçılar tərəfindən sürəkli alqışlarla qarşılanıb.

Milli.Az

Böyütmək üçün şəkillərə klikləyin.