Miladi təqvimi hicri-qəməriyə və əksinə çevirmək üçün nə etmək lazımdır?

12 Mart 2014 23:12
Milli.Az İslam.Az-a istinadən bildirir ki, Miladi və hicri-qəməri təqvimləri hər hansı düsturla dəqiq şəkildə, günə-gün çevirmək demək olar ki, qeyri-mümkündür. Çünki bu illərin uzunluğu fərqlidir. Miladi il 365 və ya 366 gün, hicri-qəməri il isə 354 və ya 355 gün olur. Bunların arasında dəqiq çevirmə aparmaq üçün sinxron cədvəllər mövcuddur. Yalnız bu cədvəllər vasitəsilə təqvimin ayını və gününü azacıq xəta ehtimalı ilə tapmaq mümkündür. Amma miladi və hicri-qəməri təqvimlər arasında təqribi çevirmələr aparmaq üçün aşağıdakı düsturlar var.

Hicri ili miladiyə çevirmək üçün:

Hicri ili 33-ə bölmək, sonra həmin rəqəmi hicri ildən çıxmaq və üzərinə 622 əlavə etmək. Məsələn, hicri 1435 : 33 = 43,48.

1435 - 43,48 + 622 = 2013,52. Yəni 2013-cü və 2014-cü miladi illər.

Miladi ili hicriyə çevirmək üçün:

Miladi ildən 621 çıxmaq, alınan ədədi 33-ə bölmək və nəticəni həmin ədədin üzərinə əlavə etmək.

Məsələn: 2014 - 621 = 1393 : 33 = 42,21 + 1393 = 1435,21. Yəni 1435-ci və 1436-cı hicri illər.

Bu düstur vasitəsilə il səviyyəsində çevirmə aparmaq mümkündür, yəni filan miladi ilin hansı hicri ilə təsadüf etdiyini (və ya əksinə) bilmək olar.

Milli.Az