Döyüş meydanının əjdahası: "İstiqlal" snayper tüfəngi - FOTO

11 Mart 2014 16:43

Azərbaycanda istehsalı olunan "İstiqlal" snayper tüfəngindən atılan güllə BMP-nin, piyadaların döyüş maşınının zirehini dəlib keçə bilir

Bu barədə ANS TV-nin "Marş" verilişinin müəllifi və aparıcısı Rahib Qərib Facebook sosial şəbəkəsindəki səhifəsində həmin texnikanın fotolarını paylaşıb.

Rahib Qərib anspress-ə açıqlamasında bildirib ki, "İstiqlal" uzaq vurma məsafəsi, böyük dağıdıcı gücü ilə onun arxasında dayanan hər kəsdə qəribə özünə inam yaradır.

"Bunu mən hər dəfə cəbhədə olanda döyüşçülərimizin özündən eşidirəm. Elə özüm də dəfələrlə milli silahımızdan sərrast atəş açaraq onun gücünü görüb, hiss eləmişəm. Yerli mütəxəssislər tərəfindən hazırlanan "İstiqlal" snayper tüfəngi MDB və NATO ölkələrində istehsal olunan analoqlarını öz göstəricilərinə görə geridə qoyur", - deyə Rahib Qərib vurğulayıb.

Qeyd edək ki, "İstiqlal" snayper tüfənginin çəkisi 20 kiloqramdır. Bu snayper tüfənginin hədəfi məhv etmə məsafəsi 2500 metrdir. "İstiqlal" mənfi 50 və müsbət 50 dərəcə temperaturlarda belə rahat istifadə oluna bilir. Darağının tutumu 5 patrondur. "İstiqlal" 2 min metr məsafədə hədəfi dəqiq vurur və həmin məsafədə beton hasarı dəlib keçmə qabiliyyətinə malikdir. Milli snayper tüfənginin zireh dələn və yandırıcı müxtəif təyinatlı patronları var. Çapı 14.5 mm olan "İstiqlal" snayper tüfəngi yağmur, palçıq, qar və toz təsirinə davamlıdır.

Milli.Az

Böyütmək üçün şəkillərə klikləyin.