Tahir İmanov: "50 yaşında Eliş və Roşkanı oynamaq alınmayacaq"
10 Mart 2014 12:16
Azərbaycanın əməkdar artisti, "Planeta Parni iz Baku" ŞHK teatrının bədii rəhbəri Tahir İmanov Day.Az saytına müsahibə verib. Milli.Az həmin müsahibəni ixtisarla təqdim edir.
- Aprel ayında sizin 1995-ci ildə ənənəsi qoyulan və hər il keçirilən tamaşanız olacaq. Miniatür teatrda yox, bütöv tamaşa ilə çıxış etmək çətindir? Həm də siz bunu artıq etmisiniz...
- Bəli, bu 2006-cı ildə olub. Biz Şaxta babanın macəralarından bəhs edən tamaşa qoymuşduq. Onun adı "Axtaran tapar" idi. Həmin tamaşa çox uğurlu oldu. Ancaq bu çox çətindir. Çoxlu məbləğdə pul və vaxt tələb edir. Bizdə isə bunlar kifayət qədər deyil. Həm də biz zamanın nəbzini tutmaq istəyirik ki, ölkə miqyasında il ərzində baş vermiş bütün hadisələrə münasibət bildirək.
- Bəs yaxşı, "day-day" tapılsa və desə ki, "alın, uşaqlar, bu da sizin üçün pul, yaxşı tamaşa səhnələşdirin"?
- Əgər nə vaxtsa belə bir imkan yaransa, mütləq tragikomediya janrında tamaşa səhnələşdirəcəyik. Biz həmişə bu barədə düşünürük. Əgər belə bir adam tapılsa, o, ən azından bizim işimizə görə məyus olmayacaq. Ancaq təəssüflər olsun ki, sponsorlar pullarını qondarma, keyfiyyət və səviyyəsi olmayan "reytinqli verilişlər"ə qoyurlar. Bu cür verilişlərdən yalnız neqativ hisslər yayılır. Hətta praym-taymda olsa belə, belə verilişlər hazırlamaq mənim səviyyəmə uyğun deyil. Əgər mən hansısa intellektual veriliş hazırlasam, həmin qondarma layihələr məni sadəcə "yeyəcəklər". Həmin verilişlərə daha çox tələbat olacaq ki, bu da bizim bugünkü tamaşaçımızın səviyyəsindən xəbər verir.
Bilirsiniz, bədbəxtlik ondadır ki, potensial sponsorları təhsil, mədəniyyət və s. barədə olan intellektual layihələr maraqlandırmır. Onları şou-biznes anlayışı ilə əlaqəli olan hər şey maraqlandırır. Xəbər proqramları isə ümumiyyətlə neqativə köklənib - kim kimi öldürdü, kəsdi, zorladı. Xəbər proqramlarına baxanda belə bir təəssürat yaranır ki, Azərbaycanda hər saat yol qəzası, oğurluq və zorlanma baş verir. Dünyanın heç bir ölkəsində belə xəbər quruluşu yoxdur! Onların efiri doldurmaq üçün başqa heç nələri yoxdur, yoxsa Azərbaycan pozitiv olmayan ölkədir?
- Əsrin dörddə biri qədər ŞHK-də çıxış edirsiniz. Nə vaxta qədər bunu edəcəksiniz?
- Bəli, sizinlə razıyam, 50 yaşında Eliş və Roşkanı oynamaq alınmayacaq. Ancaq fikir vermisinizsə, sonuncu tamaşalarımızda həmin personajlar yox idi. Elə rollar var ki, oynaya bilərik, elə rollar var ki, yaşımıza və fiziki vəziyyətimizə uyğun gəlmir. Misal üçün, abidələr haqqında miniatürümüz böyük ajiotaja səbəb olmuşdu.
Bundan başqa, tıxaclar və körpü tikintiləri haqqında səhnəmiz də olmuşdu. Yəni yaşımıza uyğun mövzu hər zaman olacaq.
Müsahibənin tam mətnini rus dilində bu keçiddən oxuya bilərsiniz.
Milli.Az