Nuhun gəmisi qalmaqal yaratdı - VİDEO - FOTO

10 Mart 2014 10:33
Dünyaca məşhur aktyor, Hollivud ulduzu Rassel Krounun baş rolda oynadığı "Noah" ("Nuh Peyğəmbər") filmi ərəb ölkələrində böyük qalmaqal yaradıb.


"Paramount Pictures" studiyasında çəkilən, rejissoru Darren Aranofski olan blokbasterin beynəlxalq premyerası martın 28-də olacaq. Lentdə baş rollarda Rassel Krou ilə yanaşı, Entoni HopkinsCennifer Konnoli oynayıblar.


Milli.Az Daily Mail-ə istinadən bildirir ki, Misirin paytaxtı Qahirədə yerləşən və dünyanın ən nüfuzlu İslam ali təhsil müəssisəsi sayılan Əl Əzhər Universitetinin üləmaları filmi qətiyyətlə pisləyiblər.


Bununla bağlı Əl Əzhər Universiteti xüsusi fətva da yayıb.


Nuh tufanından bəhs edən filmlə bağlı narazılıqlarını bildirən üləmalar deyiblər: "İslam bütün peyğəmbərlərin simalarının göstərilməsini qəti qadağan edir. İncil, Tövrat, Zəbur və Qurani-Kərimdə bəhs olunan hadisələr barədə film çəkərkən həddən ziyadə diqqətli olmaq gərəkdir. Bu filmin Misirdə nümayişi qadağan olunmalıdır".


"Noah" filmində Nuh peyğəmbərin tufandan əvvəl gəmi tikməyə başlamasından, günahkarları və haram əməllər işləmiş insanları cəzalandırmasından, habelə İncil və Qurani-Kərimdə bəhs olunan olaylardan bəhs olunur.


Misirli üləmalarla bahəm Birləşmiş Ərəb Əmirlikləri, İran, İraq, Səudiyyə Ərəbistanı, Pakistan, İndoneziya, Banqladeş, Liviya, Mərakeş, İordaniya, Bəhreyn və Qətərin nüfuzlu din xadimləri də "Noah" filmini qətiyyətlə pisləyiblər.


Milli.Az


Böyütmək üçün şəkillərə klikləyin.


Videonu izləmək üçün şəklə klikləyin.