Mətbəx sirləri: Kükü-qazmaq - FOTO
11 Mart 2014 07:00
Milli.Az Stalik Xankişiyevin bloquna (stalic.livejournal.com) istinadən kükü-qazmağın hazırlanma qaydasını təqdim edir
Kükünü tək göyərti ilə deyil, başqa ərzaqlarla da hazırlamaq olar. Plovun yanında paxlava kimi kəsilmiş qazmağın, özü də hər plova görə məxsusi dadı olan qazmağın isə dadı ayrıdır.
Qozlu kükü
Tərkibi:
Qoz
Soğan
Sarımsaq
Xama
Duz
İstiot
Yumurta
Zəfəran dəmləməsi
Narşərab
Qozu ət maşınından keçirin. Soğan və sarımsağı qovurun, qoz əlavə edib duz-istiot vurun.
3-4 yumurtanı xama, zəfəran dəmləməsi, narşərabla qarışdırın. Qoz-soğan qarışığını əlavə edib qarışdırın. Bunu saxsı tavada bişirmək daha məsləhətlidir. Ancaq yoxdursa, adi soba sinisinin içində, yaxud da sininin içinə folqa döşəməklə də bişirmək olar. Saxsı tavanı sobada qızdırın, yağlayın, hazırladığınız qarışığı içinə tökün, hamarlayıb sobaya qoyun. 140-150 dərəcə qızdırılmış sobada 45 dəqiqə bişirin. Bu müddət ötdükdən sonra çıxarın, ortasının bişdiyinə əmin olduqdan sonra isti-isti, yağa batırılmış bıçaqla romblara doğrayın, üzərinə qaynar yağ gəzdirib yenidən sobaya qoyun. Daha 15 dəqiqə bişirin.
Fıstıqlı kükü
Yaşıl fıstıq
Yumurta
Xama
Zəfəran dəmləməsi
1-2 x.q. un
Duz
2 x.q. şəkər tozu
Yuxarıda göstərilən qaydada qarışdırın, elə eyni qayda ilə də bişirin. Saxsı qabınız yoxdursa, adi tava götürün, qızdırın. İçinə folqa döşəyin, yağlayın. Qarışığı tökün. Sonra tavanı içinə isti su tökülmüş daha iri tavanın içinə, onu da sobaya yerləşdirin. Hətta sobanın temperaturunu aşağı sala bilərsiniz - su tez qızır.
Fıstıqlı qarışıq çox qızarıb yanmasın deyə üzərinə qaynar suya salınmış ispanaq yarpaqları düzün. Bişəndən sonra kükünü tərs çevirib elə doğrayın. İspanaq altda qalacaq, küküyə də özünəməxsus dad verəcək.
Yumurtalı qazmaq
Yumurta
Xama
Zəfəran
Duz
Bişmiş düyü
Yumurta, xama, zəfəran dəmləməsi və duzu qarışdırdıqdan sonra süzdüyünüz plovun düyüsündən 2-3 kəfkir buraya əlavə edib qarışdırın. Bunu birbaşa plovun altına döşəmək, yaxud da ayrıca bişirmək olar.
Ayrıca bişirəcəksinizsə, bişməyə yaxın romb kimi doğrayın, qaynar yağı üzərinə gəzdirin. Təkrar bişirin.
Bu küküləri həm ayrıca, həm də plovla süfrəyə verə bilərsiniz.
Nuş olsun!
Milli.Az