Mətbəx sirləri: Gəncə paxlavası - FOTO

9 Mart 2014 07:00
Milli.Az Stalik Xankişiyevin bloquna (stalic.livejournal.com) istinadən Gəncə paxlavasının hazırlanma qaydasını təqdim edir.

Tərkibi (iri məcməyi üçün):

xəmir: 

1 kq un
5 yumurta
100 q ərinmiş yağ
50 q gül suyu
azca su

iç:

qoz
şəkər tozu
hil

arasına:

1 kq kərə yağı

şərbət:

1 l su
1 kq şəkər tozu

üzərinə:

zəfəran
qoz
xaş-xaş


Təmizlənmiş qozu maşından keçirib şəkər tozu və hillə qarışdırın.



Xəmir üçün olan ərzaqları qarışdırıb xəmir yoğurun. Üzərinə nəm dəsmal çəkib təxminən yarım saat saxlayın.



Xəmiri 9 yerə bölüb kündələyin, birini daha iri tutun (altı üçün). İri kündəni məcməyidən bir qədər iri böyüklükdə nazik yayın. Paxlava xəmiri istidə yayılanda cırılır, odur ki, soyuq otaqda yayın.

Məcməyini yağlayın. Yaydığınız lavaşı içinə döşəyin, kənarları azca sallansın.

Üzərinə iç qoyub bərabər yayın.

Digər kündələri məcməyi boyda yayıb, prosesi təkrarlayın. Son lavaşı paxlavanın üzərinə çəkib, kənarlardan sallanan birinci lavaşın qırağını qatlayıb altına salın.

Sonra paxlavanı doğrayın. Əvvəlcə nişanlayın, sonra doğrayın. Çalışın ki, altdakı xəmirlə qoz yuxarı çıxmasın. Bunun üçün iti bıçağı arada suya batırın (əla bir üsul da var - bıçağı odda qızdırıb paxlavanı kəsmək).



10 q zəfəranı həvəngdəstədə döyün, çay kimi dəmləyin. Sonra şotka ilə ehtiyatla paxlavanın üzərinə çəkin.

Ağ xaş-xaş yoxdursa, qara xaş-xaşın üstünə qaynar su tökün, sonra dəsmalın arasında qurudun. Sonra paxlava romblarının aşağı və yuxarı hissələrinə azacıq səpin. Ortalarına qoz, yaxud badam basın.



Gəncə paxlavası ocaqda bişir. Ocağı qalayıb köz salanda kənarlarına 4 qırmızı kərpic düzüb məcməyini üstünə qoyun. Amma əvvəlcədən ortadakı közü azacıq dağıdın, yaxud kənara çəkin ki, ortası yanmasın. 



Bir müddət sonra paxlavanın ətri yayılır, deməli, üzərinə ərinmiş yağ gəzdirmək lazımdır ki, layları yaxşıca qızarıb bişsin. Bıçaqla kənarından qaldırıb paxlavanın rəngini yoxlayın.



Altı bişməyə yaxındırsa, üstünü də bişirmək lazımdır. Məcməyinin kənarına 4 şiş düzün, üzərinə də başqa məcməyini çevirin (şiş ona görə düzülür ki, üstdəki məcməyi paxlavanı əzməsin). Altdakı közdən götürüb üstdəki məcməyinin üstünə tökün (altda da bir az qalsın). 



Bişəndən sonra təxminən 2 l qaynar şərbəti paxlavanın üzərinə gəzdirin. Soyuyandan sonra bir də doğrayın.




Bişirdi Turaz xanım. Əllərinə sağlıq!

Bu resept ocaqda paxlava bişirməyə şəraiti olanlar üçündür. Kimdə belə şərait yoxdursa, kefini pozmasın. Sobada da bişirmək olar, özü də fərqli paxlavalar: badamla, qozla, yaşıl fıstıqla, hətta qarışıq.



Tərkibi:

xəmir: 

1 kq un
100-150 q un
2 yumurta
180 q ərinmiş yağ
50 q hazır şərbət
100 ml gül suyu

iç:

1,5 kq badam
500 q şəkər pudrası
10 ədəd hil

arasına:

700-1000 q kərə yağı

şərbət:

1000 q şəkər tozu
500 ml su (bunun bir hissəsini gül suyu ilə əvəz edə bilərsiniz)
1 limonun şirəsi

Hamısını qarışdırıb yoğurun, qida plyonkasına bükün. Yarım saat saxlayın. 

Təmizlənmiş badamı sobada azca qovurun, qoz maşınından keçirin. Şəkər pudrası əlavə edin. Hilin qabıqlarını təmizləyin, dənələrini həvəngdəstədə 1 ç.q. şəkər tozu ilə döyün. Sonra qozla şəkər pudrasına qarışdırın.

İstəyən badamın 500 q-nı yaşıl italyan fıstığı ilə əvəzləyə bilər. Onu da sobada 130-140 dərəcədə bir az qovurmaq lazımdır (gözləyin, yanmasın).
 
Şərbət: 1 kq şəkər tozuna 500 ml su götürün, bunun da bir hissəsini gül suyu ilə əvəzləyə bilərsiniz, 1 limonun şirəsini əlavə edin, ocağın üstünə qoyun. Qaynara düşəndən sonra ocağı azaldın, 10 dəqiqə bişirin. Rəngi şəffaf olur. Bundan sonra ocağı bir qədər artırıb şərbət bal rəngi alanadək bişirin.

(Suyun bir hissəsini təzə, süzülmüş portağal şirəsi ilə də əvəz etmək olar, o da dadlıdır).

Üzərinə çəkmək üçün 50 ml zəfəran dəmləməsi ilə 1 yumurtanın sarısını qarışdırın.

Hazırlanma qaydası eynidir: xəmirdən kündə tutub nazik yayın, yağlanmış siniyə döşəyin, üzərinə iç səpib bərabər yayın. Digər kündələri də yayın, eyni qayda ilə üst-üstə döşəyin. Paxlavanı doğrayın. Üzərinə zəfəranlı yumurta qarışığı çəkin. 160-170 dərəcə qızdırılmış sobada bişirin.

Arada ərinmiş yağ tökün. Bişəndən sonra isə qaynar şərbəti üzərinə gəzdirin.



Nuş olsun!

Milli.Az