Gorilla Glass-dan sapfir şüşə

6 Mart 2014 20:15
iPhone, Galaxy S4, HTC One və başqa cihazları zərbə və cızıqlardan qorumaq üçün Gorilla Glass şüşəsinin istehsalçısı Corning şirkəti sintetik sapfirdən hazırlanan şüşəni tənqid edib. Corning şirkətinin baş vitse-prezidenti Toni Tripeninin sözlərinə görə, sapfir şüşə xeyli çatışmazlıqlara malikdir.

Milli.Az ICTnews-a istinadən bildirir ki, sapfir şüşənin qiyməti təxminən 10 dəfə bahadır, çəkisi 1,6 dəfə ağırdır. Ekologiya üçün yararlı deyil. Onun istehsalına Gorilla Glass şüşəsi ilə müqayisədə 100 dəfə daha çox elektrik enerjisi sərf olunur. Cızıqlara qarşı davamlı olmasına baxmayaraq, əvvəlki kimi çatlaya bilər. Keçirdiyimiz sınaqlar əsasında söyləyə bilərik ki, Gorilla Glass şüşəsi sapfir şüşə ilə müqayisədə 2.5 dəfə daha artıq təzyiqə davamlıdır - Morgan Stanley bankı tərəfindən təşkil edilmiş konfransda Tripeni deyib.

Hazırda Apple şirkəti iPhone 5S smartfonunda kameranın obyektivi və Home düyməsinə Touch ID daktiloskopik ötürücüsü üçün sapfir şüşədən istifadə edir. Ötən ilin noyabrında isə cihaz istehsalçısı sintetik sapfir şüşə istehsalı üzrə zavoda 500 milyon dollar məbləğində sərmayə yatırıb.

Milli.Az