Trend Azərbaycan Gimnastika Federasiyasının vitse-prezidenti Altay Həsənovun "International Gymnast" jurnalına müsahibəsini təqdim edir
- Zəhmət olmasa, Azərbaycanda gimnastikanın tarixi barədə danışardınız. Əlbəttə ki, hamı dahi Valeri Belenkini tanıyır. Bəs SSRİ yığmasında çıxış etmiş digər azərbaycanlı gimnastlar olubmu?
- MDB yığmasının tərkibində idman gimnastikası üzrə Olimpiya çempionu olmuş Valeri Belenkini xatırlamağınız xoşdur. V.Belenki 1992-ci ildə Barselonada şəxsi birincilikdə bürünc medal qazanıb. Bu Olimpiya Oyunları Azərbaycan idmanı tarixində xüsusi yer tutur. Olimpiada başlayanda SSRİ artıq mövcud deyildi, lakin keçmiş SSRİ respublikalarında milli olimpiya təşkilati strukturlarının formalaşdırılması prosesi həmin vaxtadək hələ başa çatmamışdı. Buna görə də yeni müstəqil dövlətlər Barselona Olimpiadasına öz milli yığmalarını göndərə bilmirdilər. MDB ölkələrindən olan idmançılar MDB birləşmiş yığma komandasının tərkibində çıxış etdilər. Məhz Barselonada müstəqil Azərbaycanın idman tarixinin ilk səhifələri yazılırdı. V.Belenkinin adı, şərti desək, Azərbaycan idmanının Sovet dövrünü və müstəqillik qazandıqdan sonrakı inkişafını bir-birinə bağlayan canlı əlaqədir. Ölkəmizdə idmanın bir çox növləri Azərbaycan SSRİ-nin tərkibində olduğu zaman inkişaf etməyə başlamışdı. Bu, gimnastikaya - idman, bədii və akrobatik gimnastikaya tam şəkildə aiddir. Yada salaq: gimnastik tapşırıqlar hələ qədim Yunanıstanda Olimpiya Oyunlarında iştirak etmək üçün atletlərin hazırlığının tərkib hissəsi idi, lakin müasir dövrdə idman gimnastikasının inkişafı XIX əsrin sonlarına təsadüf edir.
Ölkəmizdə hazırda daha geniş inkişafa nail olmuş bədii gimnastika başlanğıcını XX əsrin 40-cı illərindən götürüb. Əvvəllər batut və tamblinqi özündə birləşdirən gimnastikanın qeyri-olimpiya növü olan akrobatikanın yaranma tarixi 1920-30-cu illərə gedib çıxır. Azərbaycan həmin dövrdə Rusiya İmperiyasının, sonra isə SSRİ-nin bir hissəsi idi və bizim gimnastika məktəbimiz dünyada ən yaxşılardan biri olan Sovet məktəbinin bir hissəsi kimi inkişaf edib. Artıq 1961-ci ildə Azərbaycan idmançıları SSRİ yığmasının tərkibində bədii gimnastika üzrə beynəlxalq yarışlarda iştirak edirdilər. 1960-1990-cı illərdə akrobatlarımız ümumittifaq və beynəlxalq yarışlarda nəzərəçarpacaq nəticələrə nail olublar. Bütün bunlara baxmayaraq, Azərbaycanın özündə gimnastika, bədii və idman gimnastikası, demək olar, inkişaf etmirdi. Yaxşı məşqçilər, hazırlaşmaq üçün idman obyektləri, regionlarda idman seksiyalarının inkişaf etmiş şəbəkəsi yox idi. Bütün bunlara sıfırdan başlamaq və inkişaf etdirmək məcburiyyətində qaldıq. Hazırda Azərbaycanda gimnastika müasir və inkişaf etmiş infrastrukturu olan ən sevimli idman növlərindən biridir. Azərbaycanın gimnastika məktəbinin nailiyyətləri dünya idman ictimaiyyəti tərəfindən tanınıb və bütün bunlar ölkəmizin birinci xanımı Mehriban Əliyevanın Azərbaycan Gimnastika Federasiyasına rəhbərliyi sayəsində mümkün oldu.
- Azərbaycan Gimnastika Federasiyasının prezidenti Mehriban Əliyevanın bu sahəyə gəlişi necə oldu?
- Mehriban xanım Əliyevanın 2002-ci ildə Azərbaycan Gimnastika Federasiyasının prezidenti seçilməsi ilə ölkəmizdə həqiqətən də bu idman növünün yeni inkişaf mərhələsi başladı. O zaman bizim qarşımızda çox çətin tapşırıq dururdu. Gimnastikanın inkişafı üçün çox şey tələb olunurdu. Məşqçilər, xoreoqraflar, həkimlər, menecerlər, ən nəhayət, idman obyektləri və məşq bazaları lazım idi. Bütün bunlar böyük təşkilati işlər, kreativ düşüncə tələb edirdi. Ən əsası isə incə zövqə və gözəllik duyğusuna malik olmaq lazım idi. Axı gimnastika, xüsusilə də bədii gimnastika təkcə idman texnikası demək deyil, həm də musiqi və xoreoqrafiya, idmanın baxımlı, gözəl və əsl estetik növüdür. Məhz Mehriban xanım Əliyevanın sayəsində gimnastika ölkəmizdə böyük inkişaf və populyarlıq qazandı. Artıq 2003-cü ildə Bakıda bədii gimnastika üzrə ilk Dünya Kuboku keçirildi. Bakı 2005-ci ildə gimnastika üzrə dünya çempionatına ev sahibliyi etdi. 2007-2009-cu illərdə isə ölkəmizdə iki dəfə Avropa çempionatı keçirildi. 2014-cü ildə Azərbaycanda yeni Milli Gimnastika Arenasında yenidən gimnastika üzrə qitə birinciliyi təşkil ediləcək.
İdmançılarımız da böyük uğurlar qazanırlar. Azərbaycan gimnastı Dinara Gimatova 2003-cü ildə Afina Olimpiya Oyunlarına ilk milli lisenziyanı qazandı. Aliyə Qarayeva isə 2007-ci ildə bədii gimnastika üzrə Avropa çempionu tituluna sahib çıxdı, dünya çempionatında isə qızlarımız komanda hesabında üçüncü oldular. Gimnastlarımız növbəti illərdə ölkəni Olimpiya Oyunlarında layiqincə təmsil ediblər, dünya və Avropa çempionatlarında, komanda hesabında və fərdi yarışlarda mükafatçılar sırasına daxil olublar.
Lakin Azərbaycanda yerli bədii gimnastika məktəbinin yaradılmasını əsas uğur hesab edirik. Bizim gənc və istedadlı qızlarımız artıq neçə ildir ki, Bakıda milli komandamızın baş məşqçisi, bolqarıstanlı mütəxəssis Mariana Vasilevanın rəhbərliyi altında məşq edirlər. Hazırda gənc məşqçilərin yeni nəsli yetişir. Bu nəsil yaxın keçmişdə Azərbaycanı beynəlxalq idman yarışlarında təmsil edən keçmiş gimnastlardır. Hazırda onlar işlərinin öhdəsindən layiqincə gəlirlər. Təkcə son 5 ildə yuniorlarımız Avropa çempionatlarında həmişə mükafatçılar sırasına daxil olublar. Bu, Azərbaycanda idman uğurlarının varislik sisteminin yaradılmasına parlaq sübutdur. Bu isə gələcək uğurların əsas açarıdır.
Azərbaycanda gimnastikanın digər növləri də inkişaf edir. Belə ki, Şakir Şıxəliyev London Olimpiya Oyunlarında idman gimnastikası üzrə yarışlarda ölkəmizi təmsil edib. Doğrudur, o, V.Belenkinin nailiyyətlərini təkrar edə bilmədi, lakin necə deyərlər, ən uzun yol ilk addımdan başlayır və bizim gimnastika məktəbimiz artıq bu addımı atıb. Müasir gimnastikanın tarixinə akrobatlarımız Ayla Əhmədova və Dilarə Sultanovanın da adları yazılıb. Qadınlardan ibarət bu cütlüyümüz 2009-cu ildə akrobatik gimnastika üzrə Avropa çempionatında qızıl medal qazanıb. Fəaliyyətini populyar "Günəş sirki"ndə (Cirque du Soleil) də qadınlardan ibarət üçlükdə davam etdirən A.Əhmədova 2013-cü ildə Beynəlxalq Gimnastika Federasiyasının (BGF) Atletlər Komissiyasında akrobatların nümayəndəsi seçilib. Ölkəmiz BGF-in İntizam Komissiyası və Şurasında təmsil olunub, Azərbaycan Gimnastika Federasiyasının baş katibi isə bu yaxınlarda Avropa Gimnastika İttifaqının vitse-prezidenti seçilib. İdman dünyasında tanınmaq böyük şeydir. Mehriban Əliyevanın rəhbərlik etdiyi federasiyamızın nəticələri hazırda bunlardan ibarətdir.
- Məlumdur ki, Azərbaycanda idmanın inkişafına böyük diqqət ayrılır. Bu istiqamətdə böyük işlər görülür və bu, artıq nəzərəçarpacaq nəticələrə gətirib çıxarır. Bu gün Azərbaycan idmançıları bir çox nüfuzlu beynəlxalq yarışlarda böyük uğurlar qazanırlar. Gimnastikanın inkişafı da prioritet istiqamətlərdən biridir. Gimnastika Federasiyasının prezidenti Mehriban Əliyevanın sözlərinə görə, "şəhər və rayonlarda gimnastikanın inkişafı çox önəmli vəzifədir, lakin etiraf olunmalıdır ki, bu, uzunmüddətli strategiyadır. Yaxın dövr üçün məqsədlər Olimpiya Oyunları, Dünya və Avropa çempionatlarıdır". Azərbaycan bu məqsədlərə çatmaq üçün digər ölkələrdən perspektivli idmançılar dəvət edəcəkmi?
- Azərbaycan Prezidenti cənab İlham Əliyev Milli Olimpiya Komitəsinə başçılıq edir. O, mütəmadi olaraq idmançılarla və federasiya rəhbərləri ilə görüşür, onların problemləri ilə maraqlanır. Ölkəmizdə idmanın inkişafına böyük diqqət ayrılır. Bakıda və Azərbaycanın digər bölgələrində ən yüksək dünya standartlarına cavab verən yeni idman kompleksləri tikilir. Ölkəmizdə idman strukturunun inkişafı elə templə gedir ki, artıq 2015-ci ildə Azərbaycan ilk Avropa Olimpiya Oyunlarına ev sahibliyi edəcək. 2011-ci ildə ölkəmizdə həvəskar boks üzrə dünya çempionatı, FIFA U-17 qadınlar arasında futbol üzrə dünya çempionatı keçirilib.
Ən əsası odur ki, biz cəmiyyətin idmana münasibətini dəyişməyi bacardıq. Hazırda Azərbaycanda idmançı olmaq sözün əsl mənasında nüfuzludur. Bu, hər şeydən əvvəl bədii gimnastikada nəzərə çarpır. Əgər Azərbaycan məşqçiləri və idmançıları yaxın keçmişdə xaricdə iş axtarmağa üstünlük verirdilərsə, hazırda digər ölkələrin atletləri və məşqçiləri Azərbaycana işləməyə gəlirlər. Biz sizinlə XXI əsrdə, qloballaşma dövründə yaşayırıq və öz ölkənin idman komandasına "legioner" adlandırılanların cəlb edilməsi artıq çoxdandır adi hal alıb. Məsələn, hazırda futbol üzrə Rusiya millisinin baş məşqçisinin Fabio Kapello olması heç kəsi təəccübləndirmir. 2010-cu ildə fiqurlu konkisürmə üzrə Avropa çempionatında Yaponiyada anadan olmuş Yoko Kavaquti və Aleksandr Smirnov cütlüyü Rusiya üçün qızıl medal qazanmışdı. Adlı-sanlı legionerlərin cəlb edilməsi nüfuzlu yarışlarda əhəmiyyətli uğurlar qazanmağa, yəni bayrağı yüksəltməyə imkan verməklə yanaşı, hər şeydən əvvəl idman texnologiyalarının, fərdi və komanda təcrübələrinin mübadiləsi imkanıdır. Gənc idmançılar eyni zalda ustadlarla bir yerdə məşq edərək, sözün həqiqi və məcazi mənasında onlardan çox şey öyrənirlər, onların təcrübəsini əxz edirlər.
Federasiyamız xarici mütəxəssisləri cəlb etməklə yanaşı, digər istiqamətlər üzrə də böyük iş aparıb və aparır. Yeni idman obyektləri tikilir, regionlarda gimnastika seksiyaları açılır, seminarlar, təlimlər, toplanışlar və s. keçirilir... Və artıq hazırda digər ölkələrin gimnastları toplanış üçün Azərbaycana gəlirlər.
- Siz, əsasən, Azərbaycan vətəndaşı olmuş rusiyalı idmançılarla bədii gimnastikada xeyli uğurlar qazanmısınız. Hazırda Azərbaycanın dünya arenasında bədii gimnastika yarışlarında medallar qazanan güclü komandası var. Lakin deyəsən, komanda uzun müddətdir Rusiyada məşq edir. Misal üçün, Şıxəliyev Anatoli Yarmovski ilə işləyir, lakin Almaniyada. Pavlova, İnşina və Plujnikov Rusiyada məşq etməyə davam edəcəklərmi? Onlar Bakıya tez-tez gələcəklərmi?
- Azərbaycan gimnastika məktəbi hələ Sovet illərində Rusiya məktəbinin bir hissəsi kimi inkişaf edirdi. Ölkəmizin müstəqilliyinin bərpasından sonra rusiyalı mütəxəssislərlə sıx əməkdaşlığı davam etdirdik. İlk illərdə bizim əsas "ulduzlarımız" - Aliyə Qarayeva, Dinara Gimatova və Anna Qurbanova həqiqətən də vaxtlarının çox hissəsini Moskvada İrina Vinerin rəhbərliyi altında məşq etməyə sərf edirdilər. Bu əməkdaşlıq hər şeydən əvvəl bədii gimnastika sahəsində bu gün də davam edir. Belə ki, biz bu yaxınlarda kişi idman gimnastikası üzrə yığmaya rusiyalı idmançı, 2011-ci ilin Avropa çempionu Konstantin Plujnikovu cəlb etdik. Lakin ümumilikdə Azərbaycan gimnastika məktəbi artıq inkişafının bütövlükdə və tamamilə legionerlərdən asılı olduğu mərhələni tamamilə arxada qoyub. Bədii gimnastika yığmamızın böyük hissəsi yerli klubların yetirmələridir.
Tamamilə gənc "ulduzlar" yetişir. Onlar artıq beynəlxalq turnirlərdə öz yaş qruplarında mükafatlar qazanırlar. Nəhayət, gimnastika yığmamızın üzvləri artıq çoxdandır Bakıda məşq edirlər və öz məktəblərimizin yetirmələridirlər. Bəli, Marina Durunda Ukraynada, Aleksandra Platonova isə Rusiyada gimnastika ilə məşğul olmağa başlayıblar, lakin yarışlarda onlar nə Rusiyanı, nə də Ukraynanı təmsil edirlər və beynəlxalq səviyyəli idmançılar kimi artıq Bakıda olurlar. Gimnast Siyana Vasileva anası Mariana Vasilevanın bizim baş məşqçimiz təyin olunduğu vaxtdan - artıq beş ildir ki, Bakıda məşq edir. Və digər qızlar da - onları əvəz edəcək klublarımızın yetirmələri olan qızlar kimi və onları gələcəkdə əvəz edəcək bütün qalan qızlar kimi. İdman gimnastikasında da eyni mənzərədir - Şakir Şıxəliyev də 2012-ci il Olimpiya Oyunlarından sonra Bakıda məşq edir. Bəli, İnşina, Pavlova və Nekrasova Rusiyada məşq etməkdə davam edirlər. Amma birincisi, bu gün bu, qayda olmaqdan daha çox istisnadır. İkincisi isə burada gimnastikanın idmanın çox "şəxsi" növü olduğunu nəzərə almaq lazımdır. Məşqçilərlə idmançılar arasında psixoloji əlaqə burada böyük əhəmiyyət kəsb edir. Və hesab etmirəm ki, idmançılara öz potensiallarını maksimum şəkildə açmağa imkan verən adət etdikləri mühiti dağıdaraq qurulan əlaqələri "kəsmək", "sındırmaq" məqsədəuyğun olardı.
- Qərbin bir çox ölkələri, xüsusən ABŞ, Kanada, Braziliya, Böyük Britaniya, Avstraliya xaricdən (Rusiya, Ukrayna, Çin, Rumıniya, Yaponiya, Bolqarıstan və s.) mütəxəssisləri məşq prosesinə cəlb etdikdən sonra olduqca yüksək nəticələr əldə ediblər. Və təkcə məşqçilər qismində deyil, həmçinin milli proqram tədrisinin yaradılması yolu ilə bütün yerli məşqçilərin Olimpiya səviyyəsinədək hazırlığı üçün. Belə təcrübəni, yəni uzunmüddətli perspektivdə uğurlar qazanmaq üçün bir çox nailiyyətlər əldə etmiş məşqçinin (məsələn, SSRİ-nin keçmiş əməkdar idman ustası və ya əməkdar məşqçisi) milli komandanın əlaqələndiricisi qismində cəlb edilməsini nəzərdən keçirmisinizmi?
- Həqiqətən, bu gün bizim federasiyamız dünyanın həm bədii, həm idman, həm də akrobatik gimnastika üzrə tanınmış məktəblərini təmsil edən bir çox məşqçilərlə fəal əməkdaşlıq edir. Qeyd olunduğu kimi, Azərbaycan yığma komandasına bolqarıstanlı məşqçi Mariana Vasileva rəhbərlik edir. İdman gimnastikası üzrə yığmanın baş məşqçisi Natalya Pavlovadır. Məşhur ukraynalı mütəxəssis, əvvəllər Belçika, Qətər və Ukraynada çalışmış Yevgeni Moskvin kişi idman gimnastikası üzrə baş məşqçidir. Federasiyamız ildə bir neçə dəfə gimnastikanın müxtəlif növləri üzrə yerli məşqçi kursları keçirir. 2013-cü il aprel ayının əvvəlində 17 məşqçinin iştirakı ilə Beynəlxalq Gimnastika Federasiyası Akademiyasının bədii gimnastika üzrə 1-ci səviyyəli məşqçi kursları keçirildi, artıq gələn ilin əvvəlində isə bizdə 2-ci səviyyəli məşqçi kursları keçiriləcək. Nəhayət, gələn il bədən tərbiyəsi üzrə dünyanın qocaman təhsil müəssisəsi olan Sankt-Peterburqdakı P.F.Lesqaft adına Bədən Tərbiyəsi, İdman və Sağlamlıq Milli Dövlət Universitetinin Gimnastika kafedrasının mütəxəssisləri məşqçilərimizə gimnastikaya aid ən müxtəlif mövzularda bir neçə seminar keçəcəklər.
- Hazırda Azərbaycanın Beynəlxalq Gimnastika Federasiyası Akademiyasında (FIG) idman gimnastikası üzrə yalnız iki hakimi var və onlar kişi gimnastları təmsil edirlər. Azərbaycanın beynəlxalq yarışları idarə edə biləcək, FIG-də imtahanlardan keçmək üçün təlim keçən qadın hakimləri varmı?
- Azərbaycanda gimnastika üzrə tanınmış hakimlərin olması gimnastika məktəbimizin uğurlu inkişafına daha bir sübutdur. Həmyerlimiz Rza Əliyev Beynəlxalq Gimnastika Federasiyasının dəvəti ilə London Olimpiya Oyunlarında idmançıların çıxışlarını qiymətləndirib. Bu, ciddi etibardır. Əlbəttə, biz əldə olunan uğurlarla kifayətlənmək niyyətində deyilik. Artıq yanvar ayında federasiyamız Bakıda qadın idman gimnastikası və batut üzrə beynəlxalq hakim kurslarını keçirməyi planlaşdırır. Ümid edirəm ki, bu kursların nəticəsi olaraq bizdə gimnastikanın bu növü üzrə də hakimlər olacaq.
- SSRİ dövründə 5-6 yaşlı uşaqların xüsusi idman məktəblərinə seçimi təcrübəsi var idi. Azərbaycanda bənzər proqram varmı və ya seçim Qərb sistemi üzrə, yəni xeyli sayda uşağın gimnastika ilə məşğul olduğu, daha istedadlılarının isə növbəti mərhələyə keçdiyi özəl klublarla aparılmağa başlayıb? Azərbaycanda hazırda belə klubların sayı nə qədərdir?
- İdmançıların hazırlanmasının hər iki - həm "Qərb", həm də "Sovet" sisteminin üstünlükləri, eləcə də çatışmazlıqları var. Azərbaycanda SSRİ-dən miras qalmış və müxtəlif müəssisələrin nəzdində fəaliyyət göstərən, indiyədək onlar tərəfindən maliyyələşdirilən idman klubları var. Həmin köhnə klublar bu gün son bir neçə ildə yaranmış özəl klublarla getdikcə daha çox nəzərəçarpan rəqabət aparır. Lakin onların hamısı köhnə sistemlə çalışır və əlbəttə ki, bu gün onlarda beynəlxalq təcrübə əsasında islahatların aparılmasına ehtiyac var. Ölkəmizdə artıq bu iş gedir. Eləcə də biz uşaqların gimnastika növlərinə seçimi prosesinin səmərəliliyini artırmaq niyyətindəyik. 5-6 yaşlı uşaqlar üçün ümumi gimnastika qrupları yaratmağı, iki ildən sonra isə onları bacarıqlarına uyğun gimnastika növləri üzrə bölməyi planlaşdırırıq.
- Əksər keçmiş Sovet respublikalarının və sosialist ölkələrinin (həmçinin Rumıniya və Bolqarıstan kimi ölkələr) bir çox klubları daha çox köhnə idman qurğuları ilə təchiz olunub, çox vaxt onların kifayət qədər məşqçiləri olmur. Azərbaycanda bu sahədə vəziyyət necədir?
- Həqiqətən də ilk illərdə idman zallarının və lazımi avadanlıqların çatışmazlığı federasiyamız üçün ən böyük problemlərdən biri idi. Lakin bu gün vəziyyət prinsipial olaraq başqa cürdür. Federasiyamızın prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə Bakıda, eləcə də Azərbaycanın regionlarında ən yüksək dünya standartlarına cavab verən çoxlu idman zalları tikildi, təmir edildi və avadanlıqlarla təchiz olundu. Məlum səbəblərdən idmançıların lazımi ləvazimatlarla təchiz olunması həlli birdəfəlik mümkün olmayan tapşırıqdır. Burada daimi diqqət tələb olunur. Lakin bu gün ölkəmizdə ləvazimatların çatışmazlığı milli idmanın inkişafına mane olmur və bu, sevindirici haldır.
- Bakıda bədii gimnastika üzrə bir çox çempionat keçirilib və 2015-ci ildə burada Avropa Oyunları keçiriləcək. Bakı idman gimnastikası üzrə Dünya Kuboku, Avropa və ya dünya çempionatları kimi beynəlxalq yarışlar keçirmək üçün sifariş ərizəsini təqdim etməyə hazırdırmı?
- Bizim ölkəmiz bir neçə dəfə nüfuzlu beynəlxalq yarışları qəbul edib. Azərbaycan lazımi infrastruktura, iqtisadi potensiala malikdir. Buna görə də dünya idman federasiyaları əhəmiyyətli yarışları keçirmək üçün daim Bakını seçirlər. Bu, tamamilə gimnastikaya da aiddir. Qeyd edildiyi kimi, 2014-cü ildə biz bədii gimnastika üzrə Avropa çempionatının, 2019-cu ildə isə dünya çempionatının iştirakçılarını və qonaqlarını gözləyirik. Növbəti ilin əvvəlində - 2015-ci ilin fevralında keçirilməsi nəzərdə tutulan kişi və qadın idman gimnastikası üzrə Dünya Kubokunun təşkilinə namizədliyimizi irəli sürməyi planlaşdırırıq. Və ən başlıcası, 2015-ci il Avropa Oyunları çərçivəsində gimnastika üzrə yarışlar keçiriləcək. Əminəm ki, qonaqpərvər Bakı daha bir neçə dəfə dünyanın müxtəlif ölkələrindən idmançıları və azarkeşləri qəbul edəcək.
- Hazırda ən tanınmış azərbaycanlı gimnast Moskvadan Emin Qəribovdur. Necə düşünürsünüz, onun nə vaxtsa Azərbaycanın heyətində çıxış etmək şansı varmı?
- Əlbəttə, ölkəmizdə Rusiya komandasının tərkibində Emin Qəribovun uğurlarını diqqətlə izləyirlər. O, həm də komandanın kapitanıdır. Onun qələbələri bizi sevindirməyə bilməz. Biz səmimi olaraq ona azarkeşlik edirik. Lakin Eminin özündən, həm də Rusiya komandasından onun Azərbaycan tərəfdən çıxış etməsini tələb etməyə haqqımız yoxdur. Rusiyanın, yaxud doğulduğu, böyüdüyü, idmançı kimi formalaşdığı, ulu babalarının yaşadığı Azərbaycanın tərəfində çıxış etməklə bağlı qərarı ilk növbədə Emin özü verməlidir. Yalnız bundan sonra idman dünyasında "transfer" adlanan və öz qayda və prosedurlarının olduğu mexanizm işə düşə bilər. Amma bir daha təkrar edirəm ki, Azərbaycanda biz hər şeydən əvvəl həmyerlimiz hesab etdiyimiz Eminin uğurlarına ürəkdən sevinirik.
- Təbii ki, futbol və güləş Azərbaycanda çox populyardır. Bəs idman gimnastikası ölkədə nə dərəcədə populyardır?
- Bir dəfə idman gimnastikası yarışlarından birində üzərində "Əgər gimnastika asan olsaydı, onu futbol adlandırardılar" sözləri yazılmış köynək satılırdı. Bu, əlbəttə, zarafatdır: əminəm ki, böyük idmanda prinsipcə asan növ ola bilməz. Bəli, ölkəmizdə də Avropa, Asiya, Afrika və Cənubi Amerikanın bir çox yerlərində olduğu kimi futbolu sevirlər. Bizdə güləşi də sevirlər. Ölkəmizdə klassik güləş, sərbəst güləş, dərin tarixi təmələ əsaslanan taekvondo, cüdo və ya karate kimi müxtəlif Şərq təkbətək döyüş növləri populyarlıq qazanıb.
Azərbaycanın özünün milli güləşi mövcuddur. Onun kökləri əsrlərin dərinliyinə gedib çıxır, ənənələr isə nəsildən-nəslə qorunaraq ötürülür. Və güləşçilərimiz nüfuzlu beynəlxalq yarışlarda medallar qazananda, bu, həmin idman növünün populyarlığına təsir etməyə bilməz. Lakin xoşbəxtlikdən, idmanda, belə demək mümkünsə, "yalnız birini sevmək" məcburi deyil. İndi artıq təsdiq etmək olar ki, Azərbaycanda bədii gimnastika həqiqətən də sevilən idman növü oldu. Bəli, hələlik bizdə Korbut, Nemov və ya Belenki kimi belə parlaq adlar yoxdur, amma Bakı, Gəncə, Sumqayıt və başqa şəhərlərdə idmançılarımızı yaxşı tanıyır, onların çıxışlarını diqqətlə izləyir, onların uğurlarına səmimi qəlbdən sevinirlər. Əminəm ki, yığmamızın əsas uğurları hələ irəlidədir. Bizdə potensial var və biz hamımız ölkəmizin idman ictimaiyyətinin dəstəyini hiss edirik.
Milli.Az