Google-dan qeyri-adi layihə
11 Fevral 2010 19:09
Milli.Az-ın Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin rəsmi saytına istinadən verdiyi xəbərə görə, şirkət ABŞ-ın bir neçə şəhər və kəndlərinə optik-lif rabitə xətləri çəkmək niyyətindədir.
Google söz verir ki, xətlərin çəkilməsindən sonra kəndlərdə internetin sürətinə hətta iri Amerika şəhərləri də həsəd aparacaq. Yeni layihədə internetə genişzolaqlı çıxış ən vacib tələblərdən biridir.
Google-un eksperimental layihəsinin məqsədi bahalı kommunikasiyaların çəkilməsi və genişzolaqlı kənd internetinə milyonlarla dollar vəsaitin ayrılmasının iqtisadi baxımdan nə dərəcədə məqsədəuyğun olacağını və bu xərclərin internet-servis və internet-trafik haqları hesabına ödənilməsinin mümkünlüyünü müəyyən etməkdir.
Bir qədər bundan əvvəl aparılmış araşdırmalar göstərib ki, istifadəçinin ixtiyarı altında nə qədər çox şəbəkə imkanları varsa, bir o qədər də çox trafik həcmi istifadə olunur və istifadəçi internetə görə xeyli xərc çəkir.
Şirkətdə qeyd edirlər ki, hazırda Amerika Birləşmiş Ştatlarında orta statistik ev və ya mənzilin saniyədə 1 Mbit həcmli internet-kanalı var. Bu zaman ölkənin kənd əhalisinin ya interneti ümumiyyətlə yoxdur, olsa da burada istifadəçilər Şəbəkəyə zəif sürətli simsiz kanallar vasitəsi ilə çıxmaq məcburiyyətindədir.
İlkin mərhələdə Google 50 minə yaxın kənd əhalisini keyfiyyətli internetlə təmin etmək niyyətindədir. Gələcəkdə isə bu rəqəm 500 minədək çatdırılacaq.
Milli.Az