Magistraturaya qəbul imtahanı keçirildi - YENİLƏNİB

2 Mart 2014 16:04
16:04

İlk dəfə olaraq magistratura pilləsinə imtahan Şəki şəhərində də təşkil olunub.

Milli.Az Kanal lS-ə istinadən bildirir ki, Bu gün Şəki şəhərində magistratura pilləsinə qəbul imtahanının birinci mərhələsi keçirilib. İmtahanda Balakən, Zaqatala, Qax, Şəki, Oğuz və Qəbələ rayonlarından olan bakalavrlar iştirak ediblər. İmtahanın keçirilməsi üçün 1 məktəb binasında 30 zal təşkil edilib. İmtahanda 7 imtahan rəhbəri və 48 nəzarətçi iştirak edib. Şəki şəhərində 609 bakalavr sənəd verib, onlardan 110 nəfəri imtahanda iştirak etməyib.

İmtahan bütün binalarda eyni vaxtda - saat 13:00-da başlayıb və imtahanda sualların cavablandırılmasına 2 saat 30 dəqiqə vaxt ayrılıb. Bu müddət ərzində bakalavrlar öz bilik və bacarıqlarını nümayiş etdiriblər.

İmtahan ümumilikdə respublikanın 6 şəhərində - Bakı, Naxçıvan, Gəncə, Mingəçevir, Şəki və Lənkəran şəhərlərində, ümumilikdə 39 imtahan mərkəzində aparılıb. İmtahanda iştirak etmək üçün 24560 bakalavr ərizə təqdim edib.  Onlardan 21 874 nəfəri Azərbaycan bölməsi, 2 686 nəfəri rus bölməsi üzrə sənəd verib. Ərizə verənlərin 11 553 nəfəri oğlan, 13 007 nəfəri isə qızlardır. Bakalavrlardan 12 540 nəfəri cari ilin məzunları, 12 020 nəfəri isə əvvəlki illərin məzunlarıdır. 73 nəfər isə xarici ölkə vətəndaşıdır. İmtahanda iştirak edəcək ən yaşlı bakalavr 1961-ci il təvəllüdlü, ən gənc isə 1995-ci il təvəllüdlüdür. İmtahanın idarə olunmasına 171 imtahan rəhbəri, 1856 nəzarətçi-müəllim cəlb olunub.

Qeyd edək ki, bakalavrlara ümumi intellekt səviyyəsinin yoxlanılması üzrə 50, xarici dil üzrə 25 və informatika fənni üzrə 25 test tapşırığı təqdim olunur. Mayın 1-5-də magistraturaya proqram seçimi keçiriləcək. Xatırladaq ki, magistraturaya qəbul imtahanının ikinci mərhələsi 25 may, magistraturaya proqram seçimi 1-5 may, magistraturaya ixtisaslaşma seçimi 29 may - 1 iyun tarixlərində keçiriləcək.

---------
15:33

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası ali təhsil müəssisələrinin magistratura səviyyəsinə qəbul imtahanının birinci mərhələsini keçirib. İmtahan ümumilikdə Respublikanın 6 şəhərində təşkil olunub.

Milli.Az Kəpəz TV-yə istinadən bildirir ki, imtahanda iştirak etmək üçün ümumilikdə 24650 bakalavr ərizə təqdim edib. Ərizə verənlərin sayı əvvəlki illərlə müqayisədə artıb. Bakalavrlardan 12540 nəfəri cari ilin məzunları, 12020 nəfəri isə əvvəlki illərin məzunlarıdır, onlardan 73 nəfəri isə xarici olkə vətəndaşıdır. Gəncə şəhərində qəbul imtahanları 4 binada keçirilib və imtahanlarda 2366 bakalavr iştirak edib. Çəkiliş aparılan 22 saylı orta məktəbdə keçirilən imtahanın nəzarətçiləri bildiriblər ki, heç bir qanun pozuntusu qeydə alınmayıb.

Samir Əliyev - bina üzrə ümumimtahan rəhbəri: "Bizim hazırda olduğumuz imtahanda 600-ə yaxın bakalavr iştirak edir. Bizim binada 4 imtahan nəzarətçisi və 47 zal nəzarətçisi prosesi izləyir. İmtahan bizim binada da eyni vaxta başlayıb. Heç bir qanun pozuntusu aşkarlanmayıb".

Gəncə şəhərində keçirilən imtahanların idarə edilməsi üçün 16 imtahan rəhbəri və 176 nəzarətçi müəllim cəlb edilib. Bakalavrlar isə yaradılan şəraitdən razılıqlarını ifadə ediblər.

Lalə Həsənova - bakalavr: "Şərait çox gözəl idi. Obyektiv imtahan idi. Bir az informatikada çətinlik çəkdim".

İsmət Hacıyev - bakalavr: "İmtahan şəffaf keçdi. Hər şey qaydasındadır. Məntiqdə çətinliyim oldu".

Məlumat üçün bildirək ki, bakalavrlar ötən illərdən fərqli olaraq, bu il "Elektron ərizəni" Sənəd Qəbulu Komissiyalarına müraciət etmədən internetlə özləri təsdiq ediblər. İmtahan bütün binalarda saat 13:00-da başlanıb və 2 saat 30 dəqiqə müddətində davam edib.

---------
09:06

Bu gün Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) növbəti tədris ili üçün ali təhsil müəssisələrinin magistraturalarına qəbul imtahanının birinci mərhələsini keçirir. Komissiyadan Trend-ə verilən məlumata görə, imtahan respublikanın 6 şəhərində - Bakı, Naxçıvan, Gəncə, Mingəçevir, Şəki və Lənkəran şəhərlərində, ümumilikdə 39 imtahan mərkəzində aparılır.

İmtahanda iştirak etmək üçün 24560 (ötən il 21623) bakalavr ərizə təqdim edib. Onlardan 21874 nəfəri Azərbaycan bölməsi, 2686 nəfəri rus bölməsi üzrə sənəd verib. Ərizə verənlərin 11553 nəfəri oğlan, 13007 nəfəri isə qızlardır. Bakalavrlardan 12540 nəfəri cari ilin məzunları, 12020 nəfəri isə əvvəlki illərin məzunlarıdır. 73 nəfər xarici ölkə vətəndaşıdır. İmtahanda iştirak edəcək ən yaşlı bakalavr 1961-ci il təvəllüdlü, ən gənc isə 1995-ci il təvəllüdlüdür.

Qəbul imtahanı Bakı şəhərində 30, Naxçıvan şəhərində 2, Gəncə şəhərində 4, Mingəçevir şəhərində 1, Şəki şəhərində 1, Lənkəran şəhərində 1 binada təşkil olunur. Bakıda 19666, Naxçıvanda 688, Gəncədə 2366, Mingəçevirdə 618, Şəkidə 609, Lənkəranda isə 613 bakalavrın imtahan verəcəyi gözlənilir.

İmtahanın idarə olunmasına 171 imtahan rəhbəri, 1856 nəzarətçi-müəllim cəlb edilib.

İmtahanda sualların cavablandırılmasına 2 saat 30 dəqiqə vaxt ayrılır. Bakalavrlara ümumi intellekt səviyyəsinin (məntiqi təfəkkür) yoxlanılması üzrə 50, xarici dil üzrə 25 və informatika fənni üzrə 25 test tapşırığı təqdim olunur.

Mayın 1-5-də magistraturaya proqram seçimi keçiriləcək. Magistraturaya qəbul imtahanının ikinci mərhələsi mayın 25-də olacaq. Magistraturaya ixtisaslaşma seçimi isə 29 may-1 iyun tarixlərində olacaq.

Milli.Az