Teleaparıcı Aytən Səfərova: "Əksəriyyəti özünü yuxarıdan aparır..." - FOTOSESSİYA

8 Aprel 2014 01:30
Tanınmış teleaparıcı Aytən Səfərovanın Milli.Az-a müsahibəsi.

-​ Necə oldu ki, aparıcı oldunuz?

-​ Aparıcı olmaq uşaqlıq arzum olub. Həm də bir dəfə atamın "mənim qızım diktor olacaq" dediyini eşitmişdim. Mən də valideynlərimin istəklərini nəzərə alıb, həm onların arzularını ürəklərində qoymamaq üçün, həm də öz niyyətimi gerçəkləşdirmək üçün aparıcı olmaq qərarına gəldim.

-​ Uzun müddət "Xəbərlər"in aparıcısı kimi efirə çıxdınız. Bəs niyə sözügedən departamentdən uzaqlaşdınız?

-​ Həmin ərəfədə mən analıq məzuniyyətinə çıxmışdım. Geri qayıtdıqdan sonra isə "Xəbərlər" departamentindəki mühit mənim üçün ürəkaçan olmadı. Qısası, vəziyyət əvvəlki vəziyyət deyildi...

-​ İndiki xəbər aparıcılarında sizi qane etməyən cəhət hansıdır?

-​ Hamısına şamil etmək istəməzdim, amma əksəriyyəti özünü yuxarıdan aparır. Bizim vaxtımızda iki günün ərzində efirə çıxıb aparıcılıq etmək olmazdı. Bunun üçün uzun müddət əziyyət çəkmək, püxtələşmək, redaktə işlərini bilmək və s. lazım gəlirdi. İnanın ki, vaxt olub biz evə getməyib ANS-də gecələmişik. Bir də indiki aparıcılar işdən çox efir görünüşlərinə fikir verməyə çalışırlar. Efirqabağı saatlarla bəzənib-düzənirlər. Biz isə bu işə cəmi 10-15 dəqiqə vaxt sərf edirdik.

-​ Xəbərlər formatından çıxıb bir müddət əyləncəli veriliş - "Kök altı"nın aparıcılığını etdiniz... Tez uyğunlaşdınız?

-​ "Kök altı"nın adı əyləncəli veriliş kimi təqdim olunsa da, əslində, biz həmin verilişdə sətiraltı sözlərlə xalqa həqiqəti çatdırıb, nəyisə aşılamağa çalışırdıq.

-​ "Kök altı"na "saldıqlarınız"dan ən çox yadınızda qalan kimdir?

-​ Rəmiş. O, heç yadımdan çıxmır (gülür).

-​ Siz efirdə olarkən, milyonlarla göz sizə baxır. Bəs özünüz kimin gözünə baxmaq istərdiniz?

-​ Hər bir aparıcı efirdə olarkən təsəvvüründə bir nəfəri canlandırır. Mənim üçün birinci anamdır. Bir də Vahid Mustafayevdir. Çünki indi sayılıb-seçilən aparıcıların çoxu onun məktəbini keçib. Vahid müəllim mənim üçün Azərbaycan jurnalistikasında bir nömrədir.

-​ Özünüzə tamaşaçı gözüylə baxmısınız?

-​ Bəli, baxmışam, amma bəyənməmişəm. Narazı qaldığım nüanslar olub.

-​ Neçə ildir ki, ailəlisiniz?

-​ Bu barədə danışmaq istəmirəm. Təkcə onu deyə bilərəm ki, səkkiz yaşlı bir qızım var.

-​ Analıq hissi sizin üçün nə deməkdir?

-​ Analıq hissi bu həyatda mənim üçün ən ali dəyərdir.

-​ Düşündüyünüz hər bir şey reallaşıb?

-​ Mən möcüzələrə inanan bir insanam. Təsəvvür edin ki, bir neçə il bundan qabaq mənim anam ölüm ayağında idi. Bir anlıq bizə elə gəldi ki, o dünyasını dəyişəcək. Mən sidq ürəklə Allaha dua etdim, anamı bu dünyadan aparma dedim. İnanın ki, bir neçə dəqiqədən sonra təcili yardımın əməkdaşları dedilər ki, ananızın nəbzi vurmağa başladı.

-​ Dartıb aparmaqda çətinlik çəkdiyiniz bir "yük" var?

-​ Var. Təqaüddə olan insanlar yarı ac, yarı tox yaşayırlar. Aldıqları təqaüdü 100 yerə bölmək məcburiyyətində qalırlar. Eləcə də mən aldığım məvacibi anamın təqaüdünün üstünə qoyub ona dərman alıram. Yenə də kifayət etmir. Bunu özümə mənəvi yük hesab edirəm.

-​ Belə çıxır ki, maddi qazancınız sizi qane etmir...

-​ Əslində, maddiyyatın kökündə mənəviyyat dayanır.

-​ Dayanmaq demişkən, həyatda hansı mövqedə dayanmısınız?

-​ Yalnız irəli getmək üçün mövqe axtarışındayam.

-​ Geri addım atmağa məcbur olduğunuz məqamlar olub?

-​ Olub, ancaq sonra başa düşmüşəm ki, mənasızdır.

-​ Nə idi o məcburiyyət?

-​ Bir mübahisə nəticəsində yaranmışdı.

-​ Dediniz ki, irəli getmək üçün çalışırsınız. Bunu nə dərəcədə bacara bilmisiniz?

-​ Hər halda, indi çoxları mənim getdiyim yolun başlanğıcında olmaq üçün can atır. Bu, onu deməyə əsas verir ki, mən kifayət qədər irəliləməyi bacarmışam.

-​ Məqsədiniz hara doğru getməkdir?

-​ Cənnətə...

-​ İbadət edirisiniz?

-​ Bunu reklam etmək istəməzdim, amma şükürlər olsun ki, Allaha qəlbən inanıram. Onu da deyim ki, mən bir neçə dinin dərinliklərinə varıb onları təhlil etdim. Nəticə etibarilə, anladım ki, İslam ən gözəl dindir. Sadəcə olaraq, bəzi müsəlmanlar onu olduğu kimi gözəl təqdim etəməyi bacarmırlar. Bunun üçün bir kodeks lazımdır. O da Qurani-Kərimdir. Mən bütün gördüklərimi, yaşadıqlarımı dərk edə-edə bu qərara gəlmişəm.

-​ Bəs "mən onu dərk edə bilmirəm ki..." Bu fikri necə tamalamaq istərdiniz?

-​ Mən də bu ifadənin arxasına üç nöqtə qoyuram...

Cavidan Abdullayev
Milli.Az


Böyütmək üçün şəkillərə klikləyin.