İTV-nin 5 aparıcısı işdən çıxarıldı?

28 Fevral 2014 14:36

İctimai Televiziyanın daha beş əməkdaşı işdən azad olunub

AzNews.az-a daxil olan məlumata görə, onlar əsasən İnformasiya departamentinin əməkdaşlarıdır. İşdən çıxarılanlardan hələlik 3-nün adını dəqiqləşdirmək mümkün olub:

1. Tamella Şirinova - aparıcı
2. Səlminə Ələkbərli - aparıcı
3. Şakir Qurbanov - radio aparıcı

AzNews.az-ın əməkdaşı işdən çıxarılanlarla əlaqə saxlayıb. Tamella Şirinova hələlik bu barədə danışmaq istəməyib: "İndiki məqamda heç nə danışmaq istəmirəm. Sonra danışarıq".

Səlminə Ələkbərli isə İTV-dən çıxdığını təsdiqləyib və deyib ki, bununla bağlı ərizəni ötən gün yazıb: "Artıq bu gündən İTV-yə işə çıxmıram".

İnformasiya departamentinin rəhbəri Mehparə Quliyeva isə xəbəri nə təsdiq, nə də təkzib etdi: "Mənim bu barədə dəqiq məlumatım yoxdu. Yalnız onu deyə bilərəm ki, bir departament rəhbəri kimi istəməzdim, yaxşı işçiləri İTV-dən uzaqlaşdırsınlar".

"Əgər yaxşı işçidirlərsə, niyə uzaqlaşdırılırlar?" sualına isə belə cavab verib: "Onu məndən soruşmayın. Onu həmin işçiləri çıxaran adamdan soruşun. Departament rəhbəri kimisə işdən çıxarmır".

Qeyd edək ki, həmin şəxslərin işdən uzaqlaşdırılmasına səbəb kimi müqavilə müddətlərinin bitməsi göstərilir.

Milli.Az