Şahin Diniyev: "Övladlarıma həm ata, həm də ana olmuşam"

28 Fevral 2014 16:26

Şahin Diniyev Azərbaycanın bir çox futbol klublarını və milli futbol komandamızı çalışdırmış, ölkəmizi xarici klublarda təmsil etmiş baş məşqçilərimizdəndir. Onu həmişə başında "kepka"sı ilə görmüşük. Şahin Diniyevi parodiya edənlər də hər zaman onun "kepka"sını simvol kimi istifadə ediblər.

Azərbaycanda Diniyev soyadı bəlkə də yalnız bu sülalədədir. Bəlkə də var. Amma o dəqiqdir ki, ölkə futbolunda belə bir soyada malik şəxslər yalnız Şahin Diniyevin yaxınlarıdır. Özü millimizin sabiq futbolçusu və baş məşqçisi, övladları Kərim və Coşqun futbolçu, qardaşı oğlu Ramil isə baş hakim.

Amma bir çoxları kimi onların da həyatı çox rahat olmayıb. Ailem.az-ın "İdmançı ailəsi" layihəsinin növbəti qonağı Şahin Diniyev 15 il öncə üzləşdiyi avtomobil qəzasında həyat yoldaşını itirib. Amma xoşbəxtlikdən, övladları sağ qalıb. Hərçənd, özü o barədə çox danışmaq istəmədi...

- Övladlarınızın futbolu seçməyində sizin rolunuz nə qədər olub?

- Kərim və Coşqun futbola təqribən 7 yaşında başlayıblar. Onların aralarında 2 il yaş fərqi var. Bu mənada biri o birindən 2 il sonra futbol məşqlərinə qatılıb. Gözlərini açandan futbol görüblər, top görüblər. Hər uşağın sevimli oyuncağı olur. Onların sevimli oyuncağı top olub. Hətta addım atmağa başlayanda da ilk zərbəni topa vurublar. Mən isə böyük futbolçu olmaları üçün yox, futbolla məşğul olmaq arzularını həyata keçirməyə çalışmışam. Onları məşqlərə aparıb-gətirmişəm. Evdən erkən saatlarda - elə olurdu ki, səhər saat 7-də çıxırdıq. Bilirsiniz ki, 15-16 yaşlı yeniyetmə özünü qoruya bilir, amma 7-8 yaşlı uşağa diqqət, onların arxasınca gəzmək lazımdır. Coşqun və Kərimə də uşaqlıqda bu diqqət olub. İndi isə futbolçu olmaq istəyirlər. Düzdür, hələlik futbolçu deyillər. Artıq ortaq nöqtəyə gəlib çatıblar. Bu nöqtədən harayadək addımlayacaqlarını zaman göstərəcək. Mən uşaqlarımın futbola olan arzularını, futbolla məşğul olmaq istəklərini yerinə yetirdiyim üçün peşman deyiləm. O mənada ki, gələcəkdə futbolçu olmasalar belə, ən azı gənc yaşlarında pis yollardan çəkiniblər, enerjilərini başqa yerə xərcləməyiblər.

- Övladlarınız uşaq vaxtı avtomobil qəzası nəticəsində ana itkisi ilə üzləşiblər...

- Mən istəmişəm ki, onlar bunu hiss etməsinlər. Elə vaxt olub ki, onlara həm ata, həm də ana olmuşam. Bu barədə ümumiyyətlə danışmırıq, uşaqlarımla danışmaq istəməmişəm. Həm də hadisə vaxtı onlar çox balaca olduqlarından, demək olar ki, yadlarına gəlmir. Kərim hardasa xatırlayır, Coşqunun isə heç yadına gəlmir. Çünki böyüyünün 5, kiçiyinin 3 yaşı var idi. Özləri ağıllı uşaqlardı, o hadisənin üstünə çox getmirlər.

- Bəs özləri ötən müddətdə anasızlıq hiss ediblər?

- Mən bu məsələdə dərinliyə getməmişəm. Açığı, verəcəkləri cavaba görə qorxmuşam. Özüm başda olmaqla, anam, bacım, yaxınlarım çalışmışıq ki, onlar anasızlıq hiss etməsinlər. Amma nə qədər çalışsam da, bu, mümkün deyil. Heç vaxt övladlarımın daxilindən xəbərim olmayıb. Çünki keçirdikləri hissləri öyrənməyə çalışacağım halda, bəzi cavabları eşitmək mənə ağır ola bilərdi. Mənə elə gəlir ki, hər ikisi daxildə çəkirlər. Amma aramızda pərdə var və məncə, bu, ata və oğul arasında sonadək qalmalıdır.

- Bu hadisə övladlarınızın psixoloji durumuna necə təsir edib?

- Uşaqlar hər şeyi tez götürdükləri kimi tez də unuda bilərlər. Hadisə vaxtı elə yaşlarında idilər ki, hələ tam formalaşmamışdılar. Düzdür, daxilən o psixologiya içlərində qalıb. Bununla belə, çalışıram ki, onlara yaxın olan, onların arxasında duran bir insan görsünlər. Desəm ki, unutdurmağa çalışıram, bu, mümkün deyil. Amma o haqda söhbət salmamağa çalışıram ki, keçmişə qayıtmayaq. Hərçənd, keçmişi unutmaq da mümkün deyil. Bunu özləri də bilirlər. Eləcə də, keçmişə qayıtmaq da olmaz. Bir deyim var: "Dünən artıq yoxdur, sabah da ola bilər ki, açılmasın. Bu günü yaşamaq, yaxşı işlər görmək lazımdır". İstəyirəm ki, övladlarım da bu prinsiplə yaşasınlar. Bu, o demək deyil ki, bu gün nə istəsən, etməlisən. Sadəcə, keçmişə qapılmaq və sabaha həvəslənmək də düzgün deyil.

- Kiçik övladlarınız da idmanı seçiblər?

- Sonradan 1 oğlum, 1 qızım oldu. Onlar əvvəlki 2 oğlumla birgə mehribandırlar. Bu da məni çox sevindirir. Lakin əfsuslar olsun ki, onlar idmanı seçməyiblər. 7 yaşlı qızımın idmanı seçməsi avtomatik olaraq, mümkün deyil. 9 yaşlı oğlumun isə çox yaxşı istedadı var, oxuyur. Yaxşı biliyə malikdir. Onu yolundan döndərmək istəmədim. İncəsənət, xarici dildən yüksək səviyyədə anlayışı var. Yəqin ki, onlar elm yolunu tutacaqlar.

- Nəyə görə qızınızın idmanı seçməsi avtomatik mümkün deyil?

- Azərbaycan qadınları incə, zərifdirlər. Onlar daha çox evdə həyat yoldaşına, atasına və qardaşına qulluq etdikdə daha gözəl görünürlər, nəinki hansısa idman növü ilə məşğul olduqda. Demirəm ki, qadın idmanla məşğul olmamalıdır. Olmalıdır. Amma mənim istəyim budur.

- Yəni, qızınız istəsə də, icazə verməzsiniz?

- Yəqin ki, yox. Əsla!

- Futbolçu övladlarınızın karyeralarının gedişindən razısınız?

- Məni özümdən çox, övladlarımın uğurları sevindirir. Hələ ki, Coşqunda daha yaxşı alınır. Axır vaxtlar "İnter"in əsas heyətində meydana çıxır. Son 2 matçda ilk "11-lik"də yer alması məni həqiqətən də sevindirir. Kərim isə yenicə AZAL-a keçib. Ümidvaram ki, orada öz oyununu tapacaq. Hazırda mövsümün gərgin dövrüdür, belə vaxtlarda gənc futbolçulara etibar etmək çox çətindir. Baş məşqçiləri də başa düşmək olar. Hər itirilən xal nəyəsə bərabərdir. Hər bir məşqçi təcrübəli oyunçuya daha çox bel bağlayır. Bu, başa düşüləndir. Amma mən hər iki övladıma inanıram. Onlar böyük futbolçu olmasalar belə, təəssüflənməyəcəyəm. Ən başlıcası, həyatda insan kimi formalaşmalarıdır. Futbol da əbədi deyil. Mənim üçün övladlarımın karyeralarını bitirdikdən sonra tutacaqları mövqe daha vacib olacaq. Nə qədər ki, həyatdayam, onları düz istiqamətə yönəltməyə çalışacağam.

- Coşqunun "İnter"in əsas heyətinə cəlb olunmasının maraqlı tarixçəsi oldu. Əvəzedici heyətlər arasında keçirilmiş oyun zamanı "Simurq"un qapısına qol vurduqdan sonra etdiyi hərəkət ona 9 oyunluq cəza bahasına başa gəldi. Bundan sonra oğlunuz "İnter"in əsas heyətinə çağırıldı...

- Mən AFFA İntizam Komitəsinin qərarından narazıyam. Çünki Coşqun heç bir qeyri-etik hərəkətə yol verməyib. Mən onun hərəkətini dəstəkləmirəm, amma insan kimi başa düşürəm. Pis, nalayiq söyüşlərə məhkum edilən gənc oyunçu avtomatik özünü idarə edə bilmir. Hətta böyüklər özlərini saxlaya bilmirlər, o ki qala yeniyetmələr. Coşqunun etdiyi hərəkət diskdə də var. Sadəcə, barmağını dodağına tutaraq, oyun boyu onu söyən "Simurq"un uşaqlardan ibarət komandasının məşqçisini "sus" deməyə məcbur edib. Azarkeşlər isə iki komanda arasındakı davadan sonra meydana daxil olublar. Yəni azarkeşləri meydana girməyə Coşqun yox, dava sövq edib. Övladımı qınayıram. Amma elə ülvi hisslər var ki, idmandan da öndə gəlir. Bəzi söyüşləri götürmək olmur. Yəqin ki, söhbətin hansı söyüşlərdən getdiyini bildiniz. Ana söyüşünü götürmədiyi üçün elə hərəkətə yol verməsinin tərəfdarıyam.

- O hadisə olmasaydı, "İnter"in baş məşqçisi Kaxaber Tsxadadze Coşqunu əsas komandaya cəlb etməyəcəkdi?

- Tsxadadze oğlumu əsas komandaya o hadisəyə görə cəlb etməyib. Coşqun uzun müddət idi ki, əsas heyətlə birgə məşq edirdi. Abdulla Abatsiyevin zədələnməsi və oğlumun məşqlərdə özünü yaxşı tərəfdən göstərməsi səbəbindən yolu açıldı. Yəni, təsadüfi alınan bir məsələ oldu.

- Kərim də "Neftçi"nin əsas heyətində yer almışdı, hətta ötən mövsüm Avropa Liqasının qrup mərhələsində də bəzi oyunlar zamanı sifariş ərizəsinə daxil edilmişdi. Amma demək olar ki, əsas heyətdə çıxış edə bilmədi...

- Onun oynadığı mərkəz müdafiəçisi mövqeyi bir qədər sürüşkəndir. Bu mövqedə mütləq təcrübəli futbolçular çıxış etməlidir. Hər yerdə belədir. "Neftçi"də də mərkəz müdafiəçisi kimi İqor Mitreski, Tərlan Quliyev, Elvin Yunuszadə, Karlos Kardozo, Denis Silva kimi oyunçular yer alıb. Bu səbəbdən, Kərimin əsas heyətdə oynama şansları sıfıra bərabər idi. Ona görə də əvvəlcə "Sumqayıt"a keçdi. Amma orada da cəmi 9 oyunda çıxış etdi. Azərbaycanın 21 yaşadək yığmasının heyətində isə oyunu daha yaxşı alındı. Qış transfer dövrünün sonuna 1 gün qalmış AZAL komandasına keçdi. Hazırda komandaya uyğunlaşma dövrü keçir, gələcəkdə xeyir verə bilər. Sadəcə, həvəsdən düşməməli, şansını gözləməli və ələ düşən fürsətdən yararlanmağı bacarmalıdır.

- Qardaşınız oğlu Ramil Diniyev isə referidir, Premyer Liqa matçlarına baş hakim kimi təyinat alır. Onun bu sahəyə cəlb edilməsində sizin rolunuz nə qədər olub?

- Əli Hüseynov AFFA Hakimlər Komitəsinin sədri olduğu vaxt xahiş etdim, baxıb bəyəndilər. Hakimliyə uşaq futbolundan başladı, hazırda Premyer Liqa oyunlarını idarə edir.

- Azərbaycan futbolunda Cavadovlar sülaləsi xeyli məşhurdur. Diniyevlər sülaləsinin də nə vaxtsa belə bir səviyyəyə çatacağını gözləyirsiniz?

- Təbii ki, mən özüm çata bilməyəcəyəm. Çünki futbolçu karyeram geridə qalıb. Coşqun Diniyevin Vaqif Cavadov səviyyəsinə çatması da bu gün mümkün deyil, gələcəkdə ola bilər. Kərim də hələ Vaqif səviyyəsində deyil. O səviyyəyə gəlib çatacaqlarına çox ümid edirəm. Hələ 0:1 hesabı ilə uduzuruq. Çalışacağıq ki, revanşımızı alaq (gülür).

Ailem.az